“İkinci dünya müharibəsindən sonra formalaşan təhlükəsizlik arxitekturasının çökdüyü və qlobal böhranın gücləndiyi bir dövrdə Əbu-Dabi görüşü təkcə çoxəsrlik erməni-azərbaycanlı düşmənçiliyinin sonu deyil, həm də beynəlxalq sülhə ən böyük töhvə ola bilər”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc bildirib.
Deputat qeyd edib ki, nəticələrin tam açıqlanmaması Qafqazlarda fasilərlə davam edən ən uzunömürlü savaşın tarixə qovuşmağa yaxın olduğunu göstərir:
“Bir ay öncə Birləşmiş Ərəb Əmirliyinin səması İsrail-İran bombardmançı təyyarələrinin uzaqmənzilli raket zərbələrinə şahidlik edirdi. İndi İlham Əliyevin sülh missiyasına ərəb ölkəsini seçməsi təkcə vasitəçilərsiz, neytral ölkə deyil, həm də yüz illərin qanayan yarası Yaxın Şərqə də “barış gəlsin” mesajı üçündür”.
Z.Oruc vurğulayıb ki, 1994-cü ildə 1-ci Qarabağ müharibəsi başa çatanda dünyada qaçqınların sayı 27 milyon nəfər olub. Azərbaycanlılar 2020-ci ildə öz talelərini həll edərək, çoxəsrlik köçkünlüyə son qoydular, qaçqınların sayı bir milyon nəfər azaldı. Lakin Ukrayna, Suriya, Fələstin və digər xalqların hesabına doğma yurdlarını tərk edənlər yaşağımız ildə ən böyük saya- 124 milyon nəfərə çatdı:
“Qarabağ öz miqyasından qat-qat böyük tektonik süxur olduğu üçün prezident “qlobal siyasi layları tərpətdik”, deyir. Lakin sülh müqaviləsi keçmiş imperiyalara qarşı birləşmək, onları bölgədən qovmaq, müstəmləkə xalqlarının istismarçılardan qisas almaq cəhdi deyil. Azərbaycan Qafqazda sülh, cahanda barış istəyir. Prezident 3-cü paytaxtlara “əlinizi regionumuzdan çəkin” deyərkən bütün Qafqazın lideri kimi çıxış edir. Son 100 ildə heç bir dövlət başçısı İlham Əliyev qədər gürcülərin, ermənilərin və azərbaycanlıların taleyinə belə güclü təsir edə bilməyib. Bakı ilə İrəvan tarixən vahid bir idealda - bölgədə yaşayan bütün xalqların dinclik və əminamanlıq məkanına çevrilə bilər. Əks halda, imperiyalar sonuncu erməni qalanadək onları vuruşduracaq. Qoy Qarabağdan sonra Ukrayna, Fələstin, Livan, Suriya savaşları da bitsin”.