AZ

"ABŞ dron müharibəsinə hazır deyil: Alyaska sınaqları uğursuz alındı" - "The New York Times"

 
"Rəqiblər milyonlarla ucuz dron istehsal etdiyi vaxt biz kağız işlərinə ilişib qalmışıq..."
 
ABŞ Müdafiə Nazirliyinin təşkil etdiyi son sınaqlar dünyanın ən güclü ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə müharibəyə hazır olmadığını üzə çıxarıb. Alyaskada keçirilən bu təlimlərdə amerikalı hərbçilər kamikadze-dronları elektron mühafizə vasitələri ilə zərərsizləşdirməyə çalışsa da, nəticələr gözlənilən kimi olmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri yazıb.
 
Dronlarla müharibəyə hazırlıqda təhlükəli boşluqlar
 
 
Nəşr yazır ki, bu təlimlər ABŞ-ın öz müdafiə sənayesində və taktiki hazırlığında nə qədər geridə qaldığını göstərib. Rusiya və Çin kimi rəqiblərlə müqayisədə Vaşinqton həm dron istehsalında, həm də onlara qarşı müdafiə sistemlərinin inkişafında ciddi geriləmə yaşayır.
 
"Əgər sabah müharibə başlasa..."
 
Müdafiə innovasiya bölməsinin rəhbərlərindən biri Trent Emeneker vəziyyəti belə şərh edir: "Hamımız eyni şeyi bilirik - hazırda Amerika ordusuna müasir müharibədə sağ qalmaq üçün lazım olan texnologiyanı vermirik. Əgər sabah müharibə başlasa, hər şeyimiz hazırdırmı? Xeyr. Biz bu boşluğu doldurmalıyıq".
 
Müdafiə naziri Pit Heqset də ölkənin bu sahədə geridə qaldığını etiraf edib. Onun fikrincə, əsas problem ABŞ hərbi bürokratiyasının köhnə və ləng prosedurlarındadır: "Rəqiblər milyonlarla ucuz dron istehsal etdiyi vaxt biz kağız işlərinə ilişib qaldıq".
 
Dron istehsalında Çin hegemonluğu
 
Dünya dron bazarında Çin açıq fərqlə liderdir. Şençjen şəhərində yerləşən DJI şirkəti hazırda qlobal bazarın təxminən 70 faizinə nəzarət edir. Hətta ABŞ-da belə bu dronların satışı açıq şəkildə həyata keçirilir, baxmayaraq ki, Pentaqona onları almaq qadağandır. Mütəxəssislərə görə, DJI illik milyonlarla dron istehsal edir, bu göstərici ABŞ-dakı bütün istehsalçıların ümumi imkanından dəfələrlə artıqdır.
 
ABŞ-da isə təxminən 500 şirkət dron istehsalı ilə məşğuldur. Lakin bu müəssisələrin əksəriyyəti yeni yaradılmış startaplardır və illik istehsal həcmi 100 min ədədi keçmir. Milli Dronlar Assosiasiyasının rəhbəri Neytan Etselbarger bu vəziyyəti istehza ilə belə izah edir: "Hamı ordu ilə bir milyardlıq müqavilə bağlamaq və bir adaya çəkilib ömrünü yaşamaq istəyir".
 
Alyaskadakı uğursuzluqlar
 
Dörd günlük təlimlərin ilk iki günü ardıcıl uğursuzluqlarla yadda qalıb. Bir dron hədəfi axtarıb onu skan etsə də, 25 metr aralıya düşüb. Başqa bir uçuşda dron havaya qalxdığı kimi yerə çırpılıb. Digər cəhd zamanı isə o, dağa dəyərək məhv olub.
 
Sınaqlarda iştirak edən dron sahəsi üzrə ekspert Kris Bonzani bildirib ki, ABŞ-ın Ukraynaya verdiyi bəzi dronlar döyüş şəraitində özünü doğrultmayıb. Onların köhnə texnologiya və Rusiya radio-elektron müdaxiləsinə qarşı zəifliyi buna səbəb olub.
 
O əlavə edib: "Ukraynada texnologiyanı əsgərlərə çatdıran şirkətlər daim onların yanındadır və döyüş meydanında nəyin işləydiyini, nəyin isə işləmədiyini  canlı izləyir. Ukrayna bu təcrübənin hesabına real dron mərkəzinə çevrilib".
 
Texnologiya oğurluqları və "Shahed" dronlarının dəyəri
 
Ukraynada artıq yayılan başqa bir narahatedici meyl isə Qərb şirkətlərinin yerli texnologiyaları "əməkdaşlıq" adı altında oğurlamasıdır. Onlar bu texnologiyaları öz adlarına çıxararaq milyonlarla dollarlıq sifarişlər alır. Bunun fonunda Rusiyanın "Shahed" tipli zərbə dronlarının bir ədədinin qiymətinin 500 min - 1 milyon dollar arası olduğu təxmin edilir.
 
Hazırda ABŞ bu strateji silah növü - pilotsuz uçuş aparatları sahəsində təcili islahatlara ehtiyac duyur. Həm dronların istehsalı, həm də onların qarşısının alınması üçün yeni texnologiyalara, sürətli qərarvermə prosesinə və döyüş sınaqlarına əsaslanan yanaşmaya ehtiyac var. Əks halda, ABŞ-ın müasir müharibə şəraitində təhlükəli şəkildə geri qalması qaçılmazdır.
Seçilən
95
18
moderator.az

10Mənbələr