AZ

"Qəzzaya nəzarət HƏMAS-da yox, Fələstin dövlətində olmalıdır" - Mahmud Abbas

 
"Fələstin lideri prinsipial olaraq "bir hakimiyyət, bir qanun və bir qanuni silah" modelini əsas götürür..."
 
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas İordaniyanın paytaxtı Ammanda Britaniyanın sabiq baş naziri və eyni zamanda Yaxın Şərq dördlüyünün sabiq xüsusi nümayəndəsi Toni Blerlə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
 
Görüşdə Qəzza bölgəsində və bütövlükdə Fələstin ərazilərindəki son vəziyyət, bölgədəki humanitar böhran və siyasi proseslər ətrafında geniş müzakirələr aparılıb.
 
Abbasdan atəşkəs və dəyişiklik çağırışı
 
Mahmud Abbas tərəfləri dərhal atəşkəsə çağıraraq, HƏMAS tərəfindən saxlanılan israilli girovların və İsrail həbsxanalarındakı fələstinli məhbusların azad olunmasının vacibliyini vurğulayıb. O, həmçinin Qəzzaya təcili humanitar yardımın heç bir maneə olmadan çatdırılmasını tələb edib.
 
Onun sözlərinə görə, regionda davamlı həll yalnız İsrailin Qəzzadan tam çıxması və bu əraziyə Fələstin Muxtariyyətinin tam məsuliyyətlə nəzarəti altında qaytarılması ilə mümkündür. O, bu keçidin beynəlxalq və ərəb dünyasının dəstəyi ilə həyata keçirilməsini zəruri sayır.
 
"HƏMAS Qəzzanı idarə etməyəcək"
 
Abbas bildirib ki, müharibədən sonra Qəzzada HƏMAS-ın idarəçiliyinə son qoyulmalıdır. Onun fikrincə, HƏMAS silahı Fələstin Muxtariyyətinə təhvil verməli və Fələstin Azadlıq Təşkilatının (FAT) qəbul etdiyi beynəlxalq hüquqa əsaslanan siyasi proqram çərçivəsində siyasi fəaliyyətə qoşulmalıdır. O, prinsipial olaraq "bir hakimiyyət, bir qanun və bir qanuni silah" modelini əsas götürür.
 
İsrailə və beynəlxalq ictimaiyyətə mesaj
 
Abbas İsrailin İordan çayının Qərb sahilindəki yəhudi məskənlərini genişləndirməsini, bu ərazilər üzərində suverenlik iddiasını və müqəddəs İslam və xristian məkanlarına edilən hücumları "birtərəfli addımlar" kimi pisləyib və onların dərhal dayandırılmasını istəyib.
 
O, həmçinin, iki dövlət əsasında siyasi prosesin başlanmasının və Nyu-Yorkda beynəlxalq sülh konfransının keçirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, bu proses yalnız BMT qətnamələri və Ərəb Sülh Təşəbbüsü əsasında reallaşa bilər.
 
Abbas əməkdaşlığa çağırış edib
 
Tərəflər bu görüşün sonunda sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə mütəmadi əlaqələrin, koordinasiyanın və regional tərəflərlə görüşlərin davam etdirilməsi barədə razılığa gəlib.
 
Bu arada İsrail ordusu təhlükəsizlik vəziyyətini əsas gətirərək, İudeya və Samariyaya iki əlavə tabor göndərib. Hərbi komandanlıq bu qərarın Mərkəzi Hərbi Dairənin nəzarətində olan bölgələrdə vəziyyəti gücləndirmək məqsədi daşıdığını bildirib.
Seçilən
94
50
moderator.az

10Mənbələr