“30 ildir bu sektordayam. Azərbaycanda darknetdə reallaşan bir cinayətin açılması, burada “məskunlaşan” kibercinayətkarın tutulması ilə bağlı hadisəni xatırlamıram”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış edib.
O, bildirib ki, real dünyada cinayət yolu ilə əldə olunanların leqallaşdırılması üçün offshore şirkətlər və banklardan, müxtəlif əmlaklara yatırımlardan, sənət əsərləri alqı-satqısından , “çirkli kassalar ”, qumarxanalar və landromatlatlardan istifadə olunur. pizza
Rəqəmsal dünyada isə bu proses qlobal şəbəkənin darknet deyilən seqmentində həyata keçirilir. Yəni rəqəmsal dünyada oğurlanan nə varsa burada satılır.
“Dövlət və özəllərdən oğurlanan datalar, bank kartları, fərdi məlumatlar, prezidentlərdən tutmuş ən adi səviyyədək olan şəxslərin telefon nömrələrinin alqı-satqısı darknetdə həyata keçirilir. Ən peşəkar, ən bacarıqlı xakerlər burada “oturuşublar”. Xırda işlərlə məşğul olmurlar.
Alqı-satqı prosesi də elə qurulur ki, heç bir izi-tozu qalmır, adətən anonim şəbəkələrdən, anonim brouzerlərdən, kriptolardan istifadə olunur.
Dərhal qeyd edim ki, dünyada cəmi bir neçə ölkədə darknetdə baş verən cinayətlərin aşkara çıxarılması halları sahəsində təcrübə formalaşıb. Ən müasir kiber texnologiyalardan istifadə edilməklə bunlar həyata keçirilir.
İndi məlum oldur ki, DTX bu istiqamətdə uğurlu bir əməliyyat keçirib.
Azərbaycanda ilk dəfə olaraq “darknet” üzərindən fəaliyyət göstərən kibercinayətkar qrup DTX tərəfindən ifşa olunub. Dəstə üzvləri hətta kritik hesab olunan qurumlara kiber hücumlar etməklə uzun müddət xeyli “iş” görə biliblərmiş.
Təsəvvür edirəm ki, onlarda kimlərlə və hansı qurumlarla bağlı hansı datalar ola bilərdi.
Xeyli sayda vətəndaşlarımızın şəxsi və maliyyə məlumatlarını ələ keçirmək üçün saxta saytlar, zərərli mobil tətbiqlər, spoofing zənglər (istənilən şəxsin telefon nömrəsini təqlid etməklə zəng etməyə imkan verən proqram) və phishing texnikaları vasitəsilə sistemli şəkildə fəaliyyət göstəriblər.
Bu səviyyədə gizli və texniki cəhətdən güclü qruplaşmanın aşkara çıxarılması sadəcə təsadüf və ya şikayət əsasında aşkarlanan bir hal ola bilməz. Bunun ehtimalı sıfra bərabərdir. Darknetdə təsadüflər olmur.
Düşünmək olar ki , DTX kritik sektorun kiber təhlükəsizliyi ilə bağlı son illərdə əldə etdiyi səlahiyyətlərdən sonra kiber əməliyyat potensialını xeyli inkişaf etdirə bilib və artıq “görünməyən internet”ə də real müdaxilə edə bildiyini göstərir.
Aparılan əməliyyatın xarakterinə əsasən demək olar ki, qurum ciddi texniki, texnoloji resurslar və insan kapitalı formalaşdıra bilib. İstisna etmirəm ki, beynəlxalq əməkdaşlıq da olmamış deyil. DTX qaranlıq dünyada olan bu kibercinayətin izinə necə düşə bilib ? Əlbəttə , bir neçə versiya söyləmək olardı, amma düşünürəm ki, bu, bu yazının mövzusu deyil .
Hər bir cinayətkar hansısa izi buraxır, kiber dünyada da belədir . Beləliklə, DTX bununla sübut etmiş oldu ki, darknetdə data bazarlığı, xüsusən də kritik qurumlar və "şəxslərlə" bağlı data bazarlığı da gizli qalmayacaq. Çox təqdirəlayiqdir. Və kibercinayətkarlar da bunun fərqində olmalıdırlar.
Burada daha bir incə məqam var. Həbs edilən əsas fiqur – Nihad Hacıyev – şübhəsiz ki, texniki-texnoloji cəhətdən yüksək hazırlıqlı bir gəncdir.
Onun fəaliyyəti cinayət xarakterli olsa da, bu qədər kompleks texniki biliklərin zərər üçün deyil, ölkənin kiber müdafiəsi üçün istifadə olunması daha faydalı olardı. Bəlkə də belə gənclər üçün alternativ cəza və reabilitasiya mexanizmləri düşünməyə ehtiyac var. Yoxsa biz potensial “mühafizəçi”ni “kiber hücumçu” kimi itirəcəyik.
Çünki rəqəmsal təhlükələr də hər gün artır, amma bu təhlükələri zamanında anlayan və qarşısını alan kadrlar da çox azdır”.
Telegram kanalımız