AZ

İsrailin “Dror 1” rabitə peyki “SpaceX Falcon 9” raketi ilə orbitə buraxılıb

“Israel Aerospace Industries” (IAI) şirkəti İsrailin milli rabitə peyki olan “Dror 1”in uğurla orbitə buraxıldığını elan edib.

“Poliqon” IAI-yə istinadən xəbər verir ki, peyk ABŞ-ın Florida ştatındakı Cape Canaveral bazasından “SpaceX Falcon 9” raketi ilə kosmosa göndərilib.

Bildirilib ki, uğurlu buraxılışdan sonra ilkin diaqnostik göstəricilər də qənaətbəxş olub. Yaxın həftələr ərzində peyk Yer ətrafındakı orbitə yerləşdiriləcək və IAI mühəndisləri onun tam işlək vəziyyətdə olduğunu yoxlamaq üçün bir sıra sınaqlar aparacaqlar. Bu mərhələdən sonra peyk uzunmüddətli fəaliyyətinə başlayacaq və İsrailin milli rabitə peyki kimi fəaliyyət göstərəcək.

“IAI olaraq biz, İsrailin kosmos sahəsindəki milli evi kimi, “Dror 1” peykinin hazırlanmasından tutmuş uğurla kosmosa göndərilməsinə qədər bütün mərhələlərdə iştirak etdiyimizə görə böyük qürur hissi keçiririk. “Dror 1” İsraildə indiyədək istehsal edilmiş ən qabaqcıl rabitə peykidir və bu, ölkənin strateji rabitə imkanlarını qorumaqla yanaşı, illərlə etibarlı xidmət göstərəcək. İsrailin kosmos proqramı bir zamanlar sadəcə bir vizyon idi, bu gün isə bu sahədə çalışan mühəndislərimizin kreativliyi və yenilikçiliyi sayəsində gerçəyə çevrilib. Bu peyk İsrailin tələbatlarını və digər müştərilərin ehtiyaclarını ödəmək üçün hal-hazırda orbitdə fəaliyyət göstərən digər rabitə və müşahidə peyklərimizə qoşulur. Bu hadisə bir daha sübut edir ki, İsrail istehsalı olan texnologiyalar qlobal kosmos sənayesində də öz sözünü deyir”, – deyə IAI prezidenti və baş direktoru Boaz Levi qeyd edib.

IAI şirkəti 1980-ci illərdən bəri İsrailin milli kosmos proqramına rəhbərlik edir və ilk müşahidə peyki olan “Ofek 1” ilə bu sahədə fəaliyyətə başlayıb. Şirkət həmçinin həm İsrail, həm də beynəlxalq miqyasda elmi, mülki və milli məqsədlərlə istifadə olunan digər rabitə və müşahidə peyklərini də hazırlayıb, istehsal edib və idarə edib.

İsrailin milli rabitə peyki olan “Dror 1”, IAI tərəfindən hazırlanıb və istehsal olunub. O, dünyada öz sinfində ən qabaqcıl peyklərdən biri hesab edilir. Təxminən 36000 km hündürlükdə orbitdə fəaliyyət göstərəcək bu peyk, uzun illər ərzində İsrailin rabitə ehtiyaclarını ödəyəcək. Peyk innovativ və unikal rabitə imkanlarına malikdir və fəaliyyət müddəti boyunca yüksək rabitə çevikliyi təmin edəcək.

Seçilən
23
poliqon.az

1Mənbələr