AZ

Tarlada kilosu 20 qəpik olan pomidor bazarlarda niyə 1 manata satılır? – Qiyməti bahalaşdıranları siz də tanıyın…

Fermerin tarlada 20 qəpiyə satdığı məhsul bazarda və iri supermarketlərdə 1 manata, bəzən isə daha baha qiymətə satılır. Maraqlıdır, məhsulun bu qədər baha qiymətə satılmasının səbəbi nədir? Bu qiymət fərqini yaradan vasitəçilər zəncirində hansı həlqə ən çox qazanır?

Mövzu ilə bağlı Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a bildirib ki, bu qiymət fərqinə əsasən vasitəçilik zəncirindəki bir neçə mərhələ təsir edir.

Manatın

Ekspert qeyd edib ki, regionlarda pomidorun 4 kilosu 1 manata satıldığı halda, paytaxtda qiymətlər 10 qat yüksək olur:

“Mövsüm vaxtı belə qiymət fərqinin olması iki əsas səbəbdən qaynaqlanır. Birincisi, fermerlər məhsullarını birbaşa böyük şəhərlərə çıxarmaqda çətinlik çəkirlər. Logistika, yollarda yoxlayıcı qurumların maneələri və sənədləşmə problemləri buna təsir edir. Bu səbəbdən fermerlər məhsulu qapısında satmağa üstünlük verirlər.”

Asif İbrahimov əlavə edib ki, qiymət fərqinə daşınma, anbarlaşdırma, qablaşdırma və çeşidləmə xərcləri də təsir edir:

“Məhsul yığılır, daşınır, anbara yerləşdirilir, çeşidlənir və qablaşdırılır. Bu mərhələlər xərc tələb edir və qiymətə əlavə olunur. Sonda məhsul marketə çatanda qiymət dəfələrlə bahalaşır.”

Ekspert dövlətin bu sahədə tədbirlər gördüyünü, lakin istənilən nəticənin olmadığını vurğulayıb:

“Prezident bu mövzuda tapşırıqlar verib, yarmarkaların təşkili, Aqrar Tədarük ASC-nin yaradılması da bu məqsədə xidmət edib. Amma görünən odur ki, ya bu qurumlar, ya da Kənd Təsərrüfatı Nazirliyi öz işini tam səmərəli qura bilmir. Nazirlik yalnız subsidiya və toxum nəzarəti ilə kifayətlənməməlidir, fəaliyyətini təkmilləşdirməlidir.”

Beləliklə, qiymət fərqinin əsas səbəbi logistika, vasitəçilərin çoxluğu və əlavə xərclərdir. Ən çox qazanan isə məhsulu fermerdən ucuz alıb şəhərə gətirən vasitəçilər zənciridir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
3
konkret.az

1Mənbələr