AZ

Postmüharibə dövrü: SÜLH QURUCULUĞU PROSESİNİN 5 İLİ

 

Soyuq müharibədən sonra postsovet məkanında ən uzunmüddətli münaqişənin yekun həllinə Azərbaycan yeni geosiyasi reallıqlar fonunda nail olub. Postmünaqişə mərhələsində Ukraynaya hərbi müdaxilə Rusiyanın regionda təhlükəsizlik rolunu sual altına alaraq və güc balansını dəyişərək Ermənistanla sülh sazişinin əldə olunması üçün yeni beynəlxalq vasitəçilik təşəbbüslərinə zəmin yaradıb.

Beynəlxalq vasitəçilik formatları və toqquşan "sülh" maraqları

44 günlük müharibədən ötən 5 il ərzində Avropa İttifaqı, Rusiya və ABŞ sülh sazişi üzrə müzakirələrdə əsas vasitəçilər rolunda iştirak edib. Lakin proseslərin dövri xronikası Qərbin Avropa İttifaqı ilə başlayıb ABŞ-nin vasitəçiliyi ilə davam edən sülh yanaşması ilə Rusiyanın sülh anlayışının üst-üstə düşmədiyini göstərib.

Rusiyanın vasitəçiliyi ilə imzalanan 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda, eləcə də 11 yanvar 2021-ci il tarixli Moskva bəyanatında və 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatında sülh gündəliyi ilə bağlı müddəalara yer verilmədən, əsas etibarilə regionun iqtisadi imkanlarının üzə çıxarılması və nəqliyyat əlaqələrinin bərpası hədəflənib. Burada həmin məsələlərin sülh sazişinin tərkib hissəsi olmamaqla, Ermənistanın 10 noyabr tarixli razılaşma çərçivəsində götürdüyü öhdəliklər olduğunu xatırlatmaqda fayda var. Beləliklə, regionda iqtisadi-nəqliyyat imkanlarının bərpası, Rusiya formatında, sülh sazişi Qərb formatında müzakirə edilib. Rusiyanın bəyanatlarında sülh gündəliyinə Avropa İttifaqı və ABŞ-nin Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması diskursundan sonra aktiv yer verilməyə başlanıb.

Prezident İlham Əliyev Soçi görüşündəki çıxışında Ermənistan baş nazirindən, eləcə də Rusiya prezidentindən fərqli olaraq sülh sazişi məsələsinə toxunaraq, qarşıdurmaya son qoymaq, ərazi bütövlüyünü və dövlət suverenliyini tanımaq, yenidən qonşular kimi yaşamağı təşviq etmək və sülh sazişi üzərində işə başlamaq çağırışı edib. Rusiya formatındakı görüşlərlə yanaşı, 2021-ci il dekabrın 14-də Brüsseldə "Şərq Tərəfdaşlığı" sammitindən bir gün əvvəl, Avropa İttifaqının vasitəçiliyi ilə ilk üçtərəfli görüş çərçivəsində də Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bəyan edib. Lakin Prezidentin vurğuladığı kimi, bu təşəbbüslər heç də asan irəliləməyib.

Azərbaycanın sülh təşəbbüslərinə və təqdim etdiyi prinsiplərə cavab olaraq, Ermənistan tərəfi münaqişənin həllində olduğu kimi, sülh sazişi üzrə danışıqlar prosesində də ATƏT-in Minsk qrupunun iştirakını gündəmə gətirib. Faktiki müharibə vəziyyətində olan ölkələrin təmsil olunduğu Minsk qrupunun Ermənistanın baş naziri tərəfindən sülh sazişi kontekstində yenidən irəli sürülməsi, son 30 ildə münaqişənin sülh yolu ilə tənzimlənməsində uğursuz təcrübəni nəzərə aldıqda, sülh prosesini ləngitmək vasitəsi kimi qiymətləndirilib.

Digər tərəfdən, Ermənistan baş nazirinin və xarici işlər nazirinin 2022-ci il mart ayında mətbuata açıqlamalarında Ermənistanın regionda sülhün əldə olunmasında maraqlı olduğu bildirilsə də, rəsmi İrəvan üçün prinsipial məsələnin Qarabağdakı erməni sakinlərin hüquqları və "Dağlıq Qarabağ"ın statusu məsələsi olduğu vurğulanıb. Ermənistanın bu tələbinə qarşı Prezident İlham Əliyev "Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, Azərbaycan nə üçün Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin?" ritorik sualı ilə cavab verib. Beləliklə, Ermənistanın Qarabağ məsələsi ilə bağlı vəziyyəti ərazi münaqişəsi ilə yanaşı, etnik münaqişə kontekstində təqdim etməyə çalışması sülh sazişinin şərtlərini mürəkkəbləşdirib və razılaşmaları çətinləşdirib.

Azərbaycan və Ermənistan rəsmilərinin Vaşinqton görüşünə qədər sülh danışıqları Bakının təklif etdiyi "Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsinin əsasında, Azərbaycan xarici işlər nazirinin bildirdiyi kimi, "onlayn diplomatiya" formatında və tərəflərin müqavilə mətninin layihəsinə öz təkliflərini edib bir-birinə göndərməsi formasında davam edib. Prezident İlham Əliyev öz açıqlamasında Ermənistanın vaxtı uzatma taktikasına əl ataraq sülhdə maraqlı olmadığını qeyd edib. Sitat: "Biz onlara sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq". Prezidentin vurğuladığı bu mövqe İrəvandan verilən sonrakı bəyanatlarla təsdiqini tapıb.

2022-ci il aprelin 6-da Avropa İttifaqı Şurası prezidentinin vasitəçiliyi ilə tərəflər arasında növbəti görüşlər keçirilib. Qarabağda sülhməramlı missiya yerləşdirən Rusiyanın bu tarixə qədər tərəflər üçün məqbul sülh gündəliyi ilə çıxış etməməsi fonunda Avropa İttifaqı sülh razılaşmalarının aparıcı platformasına çevrilib. Qərb formatında keçirilən görüşlər ərəfəsində Rusiyanın rəsmi Bakı və İrəvan arasında sülh sazişinə yardım etməkdə qərarlı olduğu bəyanatlarına cavab olaraq ABŞ bənzər bəyanatlarla çıxış edib.

İkinci Brüssel görüşündən sonrakı mərhələ Rusiyanın regionda ənənəvi rolunu bərpa etməyə çalışması istiqamətində apardığı siyasətlə xarakterik olub. Ermənistan xarici işlər nazirinin Rusiyaya çağırılması və Rusiya xarici işlər nazirinin Ermənistanın silahla təminatı ilə bağlı hər şeyin ediləcəyini bəyan etməsi Rusiya Prezidenti ilə Ermənistan baş naziri arasında keçirilən görüşdə Qarabağda hələ çoxsaylı problemlərin qaldığı və bunların içərisində ən mühüm məsələnin ermənilərin təhlükəsizliyi ilə bağlı olduğu mesajının verilməsi eyni zamanda Qarabağdakı qondarma qurum rəhbərinin Rusiya sülhməramlıları ilə birlikdə təhlükəsizlik mexanizmləri üzərində işlədikləri bəyanatını  verməsi kimi hadisələr Rusiyanın hər iki tərəflə münasibətlərdə obyektivliyi qoruması barədə ciddi suallar doğurub. Həmçinin Rusiya və Ermənistan arasında bu aktiv siyasi gündəmin ikitərəfli razılaşmalara baxmayaraq, İrəvanda keçirilən aksiyalar fonunda reallaşdığını xatırlatmaqda fayda var.

Ermənistan baş naziri Avropa İttifaqı formatında keçirilən ikinci görüşün yekununda ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması da daxil olmaqla, Azərbaycanın sülh sazişi üzrə təqdim etdiyi əsas prinsipləri qəbul etdiyini bəyan etsə də aprel ayındakı Moskva səfərindən sonra geniş ictimai müzakirə olmadan heç bir sənədin imzalanmayacağını və Qarabağın təslim edilməyəcəyini bildirib. Başqa sözlə, Ermənistan sülh sazişinin əsas şərtlərindən biri kimi, ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipinə baxmayaraq, Qarabağ məsələsini "hərtərəfli" sülh gündəliyinə daxil etməyə çalışıb. Prezident İlham Əliyevin müharibə səhifəsini çevirmək, ölkələrin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı tanımaq prinsipi əsasında sülh müqaviləsinin imzalanması çağırışına cavab olaraq, rəsmi İrəvan hazırkı şəraitdə müqaviləni imzalamağın Ermənistanın zərərinə olacağı mövqeyindən çıxış edib.

Ermənistan baş nazirinin mövqeyini təsdiqləyici olaraq, xarici işlər naziri sülh danışıqlarının Qarabağın yekun statusunun müəyyən edilməsi çərçivəsində mümkün olacağını bəyan edib. Hadisələri şərh edən erməni politoloq Rusiyanın Qafqazda qalması üçün Qarabağdakı erməni icması ilə bağlı məsələni dondurulmuş saxlamaqda maraqlı olmasını özünün regiondakı daimi mövcudluğu və Qərbin proseslərə müdaxilə etməməsi mexanizmi kimi izah edib. Lakin digər tərəfdən normallaşma prosesinin uzanması halında Qərbin tərəflərlə uzlaşaraq Rusiyanın rolunu zəiflətməsi ehtimalı onu mümkün razılaşma üçün "qızıl orta" prinsipini tapmaq zərurəti qarşısında qoyub.

Bunu nəzərə alan Ermənistan baş naziri ölkəsində keçirilən "Demokratiya Forumu"nda sülh gündəliyini formalaşdırmağı və müzakirə etməyi Qərbin demokratiya diskursu ilə uzlaşdıraraq, demokratik dəyərləri Ermənistanın suverenliyini və müstəqilliyini qoruyan ən mühüm və əsas amil kimi təqdim edib. Başqa sözlə, baş nazir sülh sazişini demokratik müzakirəyə açaraq, əslində hər iki qlobal cinahın maraqlarını təmsil etdiyini göstərməyə çalışıb. Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi mövcud vəziyyəti şərh edərək, Qarabağın demokratiya haqqında mahnılara, 2020-ci ildən sonra isə Ermənistanın sülh haqqında mahnılara təslim edildiyini bildirib.

Rusiyanın tərəflərə münasibətdə neytral mövqe sərgiləməməsi Azərbaycanın qabaqlayıcı tədbirlər görməsini şərtləndirib. Rusiya və Ermənistanın Qarabağa dair birgə siyasi gündəmi fonunda Laçın–Xankəndi yolu ilə silah daşınmasına, ermənilərin Xocalı rayonu ərazisində yeni döyüş mövqeləri yaratmasına və hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatını və onun yol açdığı itkiləri şərh edən erməni deputat hadisələri ilk növbədə Rusiyanın və Ermənistanda Kremlə bağlı siyasi düşərgənin günahı kimi dəyərləndirib. Brüssel görüşündən sonra Ermənistan rəsmilərinin Rusiya tribunalarından razılaşmalara zidd bəyanatlar səsləndirməsini şərh edən İsrailli ekspert [16] də Ermənistan baş nazirinin ölkə daxilindəki mövqeyini gücləndirmək naminə müxalifətin sürüklədiyi təxribatlara getməsi kimi izah edib. Rusiyalı politoloq isə Ermənistanı oriyentasiyasını Qərbə dəyişməkdə günahlandıraraq, Ermənistan hakimiyyətinin bütün gücü ilə Qarabağı Rusiya protektoratı altına salmaq əvəzinə, Avropa İttifaqının protektoratı altına almaq cəhdinin yekunda Qarabağın itirilməsi ilə nəticələnə biləcəyi mövqeyini bölüşüb.

Brüssel formatındakı dördüncü görüşdə tərəflərin sülh sazişi üzrə irəliləyiş üçün razılaşması paralelində, Rusiya xarici işlər nazirliyi nümayəndəsi rəsmi Brüsseli ittiham edərək, Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyinin konkret nəticəyə yönəldiyini və Avropa İttifaqının Rusiyanı qabaqlamağa çalışdığını irəli sürüb. Bu bəyanatlarla tarixi paraleldə, Moskvadan Qarabağa köçəcəyini elan edən erməni milyarder iki ölkə arasında imzalanacaq mümkün sülh sazişini "kağız parçası" adlandırıb.

Bənzər bəyanatla çıxış edən qondarma qurumun xarici işlər naziri tərəflər arasında sülh sazişinin mümkünlüyünü istisna edərək, "Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük, "Dağlıq Qarabağ"ın yerinə heç kim qərar verə bilməz və qərar qəbul olunarsa, müvafiq reaksiya da olacaq. Bizim aydın şəkildə formalaşdırılmış qırmızı xəttimiz var, onun haqqında daim danışırıq. Biz daim bəyan etməliyik ki, baxışımız dəyişməyib: Qarabağ Azərbaycanın bir hissəsi ola bilməz, bundan söhbət gedə bilməz"  – deyərək sülh sazişinə qarşı çıxıb.

Vladivostokda Şərq İqtisadiyyat Forumu çərçivəsində Rusiya prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüşdə Rusiya iki ölkə arasında ən həssas məsələlərdən birinin Qarabağ məsələsi olduğuna diqqət çəkərək, "Dağlıq Qarabağ"da təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb. Verilən təlimatların nəticəsində Qarabağdakı rus sülhməramlı kontingentinin postlarının sayı artırılıb.

Rəsmi Moskvanın, İrəvanın və Qarabağdakı qondarma qurumun uzlaşan maraqlarına baxmayaraq, Azərbaycan ordusunun hərbi təxribatlara qarşı həyata keçirdiyi lokal əməliyyatlar və onu izləyən diplomatik addımlar sayəsində sahədəki şərtləri mərhələli şəkildə öz xeyrinə dəyişə bilib. Hərbi, siyasi və diplomatik gedişlər nəticəsində Qarabağın növbəti dəfə silahlandırılaraq Azərbaycana qarşı alətə çevrilməsi cəhdlərinin qarşısının alınması yekunda geosiyasi maraqlar toqquşmasını Ermənistana daşıyaraq, daxili siyasi gərginlikləri dərinləşdirib.

Hərbi əməliyyatlar fonunda Ermənistan baş nazirinin sülhü dəstəkləyici bəyanatından sonra sentyabr ayında İrəvanın "Fransa" meydanında başlayan kütləvi etiraz aksiyaları Ermənistan cəmiyyətinin sülhə münasibətində dərin ziddiyyətlərin olduğunu göstərib. Rusiya Xarici İşlər Nazirliyi nümayəndəsinin mətbuata "gərginliyə baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin hazırlanması ilə bağlı işlər dayanmayıb" [21] açıqlamasına baxmayaraq, hər iki ölkənin xarici işlər nazirliyi rəhbərlərinin Nyu-York və Cenevrədə keçirilən görüşlərilə sülh sazişi üzrə danışıqlar yenidən Qərb formatına qayıdıb.

Praqa və Soçi görüşü / Bir addım irəli, iki addım geri

Qərb formatında aparılan danışıqlar masasında Ermənistan baş naziri yenidən sülh diskursuna qayıdaraq, Praqa görüşündən bir gün əvvəl, yəni 2022-ci il oktyabrın 5-də parlamentdə sülh gündəliyinə sadiq olduğunu bildirib [22]. Bir gün sonra, 6 oktyabr tarixində Praqada Avropa Siyasi Birliyinin iclası çərçivəsində Azərbaycan Respublikası və Ermənistan Respublikası BMT Nizamnaməsinə və MDB-nin 21 dekabr 1991-ci il tarixli Alma-Ata Bəyannaməsinə sadiqliklərini bəyan edərək, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Xatırladaq ki, ərazi bütövlüyünün tanınması mövcud şərtlər daxilində sülh sazişinin "Vaşinqton variantı"nın tələbləri ilə üst-üstə düşüb. "Moskva variantı" "Dağlıq Qarabağ" regionunun statusunun müəyyənləşdirilməsini qeyri-müəyyən tarixə təxirə salmağı nəzərdə tutub. Praqa bəyanatının qəbul olunması sülh sazişinin imzalamasına maneə qalmadığı təəssüratı yaratsa da, Ermənistanın diskursu ərazi iddialarından Bakı–Xankəndi dialoqu üçün beynəlxalq mexanizmlərin yaradılmasına və Qarabağın erməni icmasının hüquq və təhlükəsizliyinin təminatına yönəlib.

Praqa görüşünün keçirildiyi gün Rusiya xarici işlər nazirliyi nümayəndəsi Rusiyanın sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycana və Ermənistana təqdim etdiyini qeyd edərək, Rusiyanın mövqeyini şübhə altına alanları ittiham edib, rəsmi Bakı və İrəvanın bu məsələdəki konkret mövqeləri barədə sualların onlara ünvanlanmalı olduğunu bildirib [24]. Xatırladaq ki, Rusiya televiziya kanallarında tənqid ritorikasının artdığı və rəsmi şəxslərin iştirakı ilə Azərbaycana qarşı böhtan xarakterli çıxışlara qarşı rəsmi Bakının Rusiyaya NOTA verməsi də həmin dövrə təsadüf edib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən qəbul edilməsi hərbi nailiyyətlərdən sonra Azərbaycanın danışıqlar masasındakı siyasi-diplomatik üstünlüyünün müstəsna nəticəsi kimi qiymətləndirilə bilər. Ərazi bütövlüyünün tanınması yekun mərhələdə Azərbaycanın Qarabağ məsələsi ətrafında qurulan geosiyasi maraqlar üzərində həlledici siyasi-diplomatik qələbəsinə və dövlət suverenliyinin bərpa edilməsinə aparan əsas mərhələ olub. Ermənistan baş naziri sülhün mərkəzində ərazi bütövlüyünün tanınması prinsipinin dayanmalı olduğunu bildirsə də, Qarabağ məsələsi üzrə danışıqlar aparan "subyekt"in məhz qondarma qurum olacağını bəyan edərək, Rusiya sülhməramlı qüvvələrinin təhlükəsizliyin təminatçısı rolunda çıxış etdiyi bu prosesdən geri çəkildiyini göstərib. Eyni zamanda, Ermənistan baş naziri Rusiya səfəri öncəsində sülhməramlı kontingentin Qarabağdakı mövcudluğunun 10, 15, hətta 20 il müddətinə uzadılmasına dair Soçidə sənəd imzalamağa hazır olduğunu bəyan edib. Sitat: "Rusiya Prezidentinə təklif edirəm ki, belə bir təkliflə çıxış etsin, lazım gəlsə, mən də edəcəyəm, amma Rusiya Prezidenti bunu dəstəkləməlidir, çünki Rusiya Federasiyasının sülhməramlılarının bir müddət orada qalacağına tək mən qərar verə bilmərəm. Əgər Rusiya ilə razılaşsaq, çoxluq təşkil edəcəyik"  – Ermənistan baş naziri bildirib.

Qeyd edək ki, Ermənistan tərəfindən ərazi bütövlüyünün tanınmasında müxtəlif amillər, eləcə də Azərbaycana Qərbdən gözlənilən sanksiyaların tətbiq edilməməsi, Rusiyanın Qarabağın statusunu gələcəyə saxlamaqla bağlı tezisləri ilə Azərbaycanın qəti şəkildə razılaşmaması, Qərb siyasi dairələrinin sülh sazişini sürətləndirmə tələbləri, eləcə də Rusiya–Ukrayna müharibəsi fonunda regionun artan geostrateji imkanları, nəqliyyat–enerji potensialı mühüm rol oynayıb. Bu reallığı erməni xalqına izah etməyə çalışan baş naziri öz açıqlamasında "Nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini və Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik"  – deyə bildirib. Bənzər tezislərlə çıxış edən Ermənistan prezidenti hazırkı şərtlərin Ermənistanın mövcudluğu və Qarabağ məsələsi üçün həlledici məqam olduğunu vurğulayaraq, dəyişən regional və geosiyasi vəziyyəti qəbul etmək məcburiyyətində olduqlarını, bu şərtlərin Ermənistanın istəklərini təmin etmədiyini və buna görə istəklərindən imtina etdiklərini bildirib. Praqa görüşündən qayıdan Ermənistan baş nazirinin Təhlükəsizlik Şurasının iclasında qondarma qurum nümayəndələrinə yer verməməsi, xarici işlər nazirliyi nümayəndəsinin Ermənistanın Qarabağın təhlükəsizliyini qorumaq imkanının olmadığını bəyan etməsi kimi siqnallar da bu kontekstdə şərh oluna bilər.

Praqa görüşündən sonra Ermənistan baş nazirinin Rusiyaya növbəti səfəri rəsmi İrəvanın yenidən birgə razılaşmalara zidd mövqe sərgiləyəcəyi ehtimalını gündəmə gətirib. Sülh müzakirələri ilə bağlı formatları şərh edən Rusiya prezidenti – "Sülh müqaviləsi əlbəttə ki, lazımdır. Bizim mövqeyimiz sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir. Biz bunun tərəfdarıyıq. O ki, qaldı hansı variantı seçməyə, bu Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. Bütün hallarda, hansı variant seçilsə, əgər bu sülhə gətirib çıxaracaqsa, biz ancaq bunu dəstəkləyirik" – deyə bildirib. Sitat: "Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu, Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar"  –  Rusiya prezidenti əlavə edib.

2022-ci ilin oktyabrında, Praqa görüşünün ardınca, eyni ayda keçirilmiş Soçi görüşü ekspertlər tərəfindən Qərbin təşəbbüslərini sıfırlama cəhdi kimi qiymətləndirilib. Eyni zamanda, Moskvadan aydın gündəliklə göndərilmiş erməni milyarderin Soçi görüşünə bir gün qalmış Xankəndidə mitinq təşkil etməsi də Praqa razılaşmasının arxa plana keçirilməsini və qondarma qurumun siyasi tələblərinin gündəmə gətirilməsini hədəfləyib. Qərb formatında danışıqlarda əldə edilən irəliləyiş fonunda Rusiyanın ikitərəfli razılaşmalarda mövqeyinin zəifləməsi riski ilə üzləşməsi baxımından Cənubi Qafqazdakı mövqelərin Qərbə güzəştə gedilməməsi gözlənilən olub.

Moskvadan qayıdan qondarma qurum rəhbəri Qarabağda "subyekt" kimi mövcudluqlarını Rusiyanın dəstəyi ilə əlaqələndirərək, Soçi görüşü haqqında – "Ümid edirik ki, oktyabrın 31-də keçiriləcək üçtərəfli sammit nəticəsində "Dağlıq Qarabağın"ın taleyi ilə bağlı əsas elementlər fiksə ediləcək. Söhbət ən əvvəl "Dağlıq Qarabağ"dakı Rusiya sülhməramlı qüvvələrinin missiyasının qeyri-müəyyən müddətə uzadılmasından gedir. Onların "Dağlıq Qarabağda"da olması həyati əhəmiyyət kəsb edir. 2020-ci ilin noyabrından Rusiya sülhməramlıları "Dağlıq Qarabağ respublikası"nın və onun xalqının təhlükəsizliyi üçün mühüm məsuliyyət payına malikdirlər. İkinci əsas hədəf ən azından, "Dağlıq Qarabağ"ın indiki statusunu saxlamaqdır" [29] – deyə bildirib. Başqa sözlə, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasından sonra Qarabağın "subyekt" kimi mümkün statusunun və təhlükəsizliyin təminatçısının Rusiya olduğuna diqqət çəkilib. Bu mövqe Qarabağa köçən erməni milyarderin Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində [30] də əksini tapıb. Həmin şəxs müsahibəsində Qarabağın "statusu" müəyyən edilməyənə qədər rusiyalı hərbçilərin bölgəni tərk etməməli olduğunu, rəsmi Bakının Qarabağın erməni icması ilə təmaslara başlamalı olduğunu və "iki xalq"ın qonşu kimi yaşamasının formulunun tapılmalı olduğunu bildirib.

Qarabağın statusu məsələsinin gündəmdə saxlanılaraq sülh sazişinə salınması cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev bunun mümkün olmayacağını açıq mətnlə bəyan edib. Rəsmi Bakı Qarabağdakı erməni icmasının nümayəndələri ilə qeyri-formal təmasları dəstəkləsə də, qondarma qurumu "subyekt" kimi tanımayıb, əksinə onları erməni icması ilə dialoq qarşısındakı maneə kimi dəyərləndirib. Prezident İlham Əliyev prosesin arxasındakı qüvvələrə işarə edərək – "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox" – deyə bildirib.

Ümumiyyətlə, Ermənistan–Rusiya münasibətlərinin böhran və transformasiyalara məruz qalan konteksti Azərbaycan üçün Rusiyaya zidd mövqe sərgiləmək baxımından əlverişli olsa da, daha təmkinli yanaşma sərgilənib. Halbuki proseslərin sonrakı gedişatı Qarabağ ətrafında formalaşan ortaq siyasi gündəliklərinə baxmayaraq, Rusiyanın ermənilərin mənafeyinə uyğun addımlarının nəinki müsbət qarşılığını tapmadığını, əksinə ermənilərin bütün baş verən hadisələrdə yekunda Rusiyanı ittiham etdiyini göstərib. Azərbaycan ərazisinə hərbçilərin və silahların daşınması, Qarabağın hərbiləşdirilərək Azərbaycana qarşı çevrilməsi cəhdləri, eləcə də faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində Şuşa–Xankəndi yolunda başlayan aksiyalardan sonra Ermənistan baş naziri Ermənistanın bu yolun işləməsini təmin etmək kimi öhdəliyinin olmadığını, əsas vəzifələrin Rusiya və Azərbaycana həvalə olunduğunu bildirərək, Ermənistanın Qarabağın taleyini müəyyən etməyə iddialı olmadığını qeyd edib. Ermənistan baş naziri Rusiyaya qarşı – "Belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu nəinki Ermənistanın təhlükəsizliyini təmin etmir, həm də ona təhdid yaradır"  – bəyanatı ilə çıxış edib.

İkitərəfli müzakirələr və Ermənistanın qeyri-müəyyən mövqeyi

Rusiya sülhməramlılarının Qarabağda olmasının rəsmi Moskva üçün digər vasitəçilərlə müqayisədə əlavə təsir imkanları yaratmasına baxmayaraq, Azərbaycan bu dövr ərzində Rusiya və Qərb formatları ilə yanaşı, alternativ platformaları da dəyərləndirib. Bu çərçivədə Prezident İlham Əliyev Gürcüstanın baş naziri ilə keçirilən görüş zamanı Cənubi Qafqazda üç ölkənin iştirakı ilə birgə məsləhətləşmələrə başlanması təşəbbüsünü irəli sürüb.

Bütün bu təşəbbüslər fonunda Ermənistan baş naziri 2022-ci il sentyabrın 27-də həmin ilin sonuna qədər sülh sazişi imzalamaq üçün əlindən gələni edəcəyini bildirsə də, rəsmi İrəvanın saziş mətninə Azərbaycan üçün məqbul olmayan müxtəlif əlavələr etməsi və bəzi razılaşmalardan geriyə çəkilməsi sülh razılaşmasını dayandırıb. Azərbaycanın xarici işlər naziri Ermənistanın beynəlxalq hüquqa əsaslanan baza prinsiplərini dəyişdirməyə və onu çərçivə sazişi ilə məhdudlaşdırmağa çalışdığını bildirib .

Prezident İlham Əliyev 2023-cü ilin yanvar ayında sülhə çağırışından –  "Hesab edirəm ki, artıq üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır"  – sonra Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-nin dövlət katibi və Ermənistanın baş naziri ilə fevral ayında keçirilən birgə görüşü şərh edərkən, ilk baxışda Ermənistanın mövqeyində müəyyən tərəqqi olduğunu bildirib . Prezidentin bu fikirlərinin təsdiqi kimi, rəsmi İrəvan parlamentin spikeri timsalında – "Biz Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı sülh müqaviləsinə mina qoya bilmərik. Müqavilələr iki ölkə arasındakı münasibətlərə istinad edir. İki ölkə arasındakı müqavilədə "Qarabağ məsələsi" ifadə edilməməlidir" – mövqeyindən çıxış edərək, Qarabağ mövzusunu Ermənistan üçün "minalanmış sahə" kimi dəyərləndirib və yenidən sülh sazişi üzrə razılaşmalara qayıdıb. Beləliklə, erməni deputatın vurğuladığı kimi, rəsmi İrəvan Ermənistanda yaşayan üç milyon əhalinin taleyinin Qarabağın erməni icmasının ucbatından riskə atılmasının yolverilməz olduğunu qəbul edib.

Buna baxmayaraq, Rusiya və Qərb arasında gərginliklərin artması, Ermənistan parlamentinin Roma statutunu ratifikasiya etməsi, Avropa Şurasının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində Ermənistanda Monitorinq Missiyasının (EUMA) yaradılması kimi proseslər fonunda Rusiyanın Ermənistana qarşı təzyiq mexanizmlərini artırması sülh sazişinə təsirsiz ötüşməyib. Mövcud situasiyanı dəyərləndirən ekspertlər ötən dövrdə ermənilərin mənafeyinə uyğun siyasət yürüdən Rusiyanın bu dəfə Azərbaycanla yaxınlaşmasının Ermənistanı "qurban dövlətə" çevirəcəyi gözləntilərini bölüşüb.

Ermənistanın qeyri-müəyyən mövqeyini tənqid edən erməni tarixçi Üçüncü Dünya Müharibəsinin de-fakto reallığa çevrilməsinə və "qırmızı xətt"in çəkilməsinə baxmayaraq, Ermənistanın öz tərəfini müəyyən etmədiyini və geosiyasi mübarizənin aparıldığı səhnəyə çevrildiyini bildirib. Sitat: "Dünya müharibəsinin cəbhəsi artıq aydındır və müttəfiqlərin blokları faktiki olaraq müəyyən edilib. Rusiya, İran və Çinin maraqlarının üst-üstə düşdüyü göz qabağındadır. Bu fonda bəzən əsaslandırılan, bəzən isə əsaslandırılmayan qeyri-müəyyənliklər də üzə çıxır. Məsələn, Türkiyədə əsaslı qeyri-müəyyənlik var. Çünki bu ölkə tərəf tutmur, hamı ilə işləyir. Ermənistanda isə əsassız qeyri-müəyyənlik var. Çünki bir tərəfdən KTMT-nin üzvüdür, amma KTMT-nin əleyhinə fəaliyyət göstərir, bəzən KTMT ona qarşı fəaliyyət göstərir. İrəvan Rusiyanın müttəfiqidir, amma Kremlin düşmənlərini ölkəyə dəvət edir. Ermənistanın hərəkətlərinin diplomatiya və manevrlə heç bir əlaqəsi yoxdur. İndi çoxvektorlu siyasətin vaxtı deyil, çünki proseslər çox sürətlə gedir, ona görə də növbəti diplomatik manevr zamanı ölkə darmadağın ola bilər" . Bu təhlükələrə baxmayaraq, Rusiyanın sülh razılaşmasına nail olmaması halında yaranan boşluğun rəqib qüvvələrlə doldurulması vəziyyətini şərh edən rəsmi İrəvan Ermənistanın geosiyasi vəziyyətə görə dəyişən maraqları və təhlükəsizliyi ilə bağlı addımlarına qarşı Moskvadan gələn emosional hərəkətləri və reaksiyaları lazımsız hesab etdiyini vurğulayaraq, Rusiyadan daha sakit və təmkinli reaksiya gözləndiyini bəyan edib.

Bakıya səfər edən Rusiyanın xarici işlər naziri Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu qeyd edərək – "Biz Avropa İttifaqının Ermənistan və Azərbaycanla olan münasibətlərindən necə sui-istifadə etdiyini görürük. O cümlədən Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu görürük. O cümlədən onun funksiyası, mandatı, onun müddəti, bu missiyanın Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına göstərilən səylərə əlavə dəyər qatacağı çoxlu suallar doğurur" – deyə bildirib. Rusiyanın xarici işlər nazirini qəbul edən Prezident İlham Əliyev sülh gündəliyini şərh edərək, "Biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik" – deyə vurğulayıb.

Sülh sazişinə aparan yol və perspektivlər

2023-cü ilin aprel ayında, Şuşanın azad edilməsindən, eləcə də 10 noyabr tarixli razılaşmadan sonra Azərbaycanın ən mühüm qələbəsi kimi şərh edilən Laçın rayonunda – Ermənistanla şərti sərhəddə keçid məntəqəsinin qurulması cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu addım ərazi bütövlüyünün qarşılıqlı tanınmasından sonra praktiki olaraq dövlət suverenliyinin bərpası mərhələsini başladıb.

2023-cü ilin may və iyun aylarında Vaşinqtonda xarici işlər nazirlərinin və ABŞ dövlət katibinin iştirakı ilə keçirilən üçtərəfli görüşlərdə saziş layihəsinin bəzi maddələri üzrə razılıq əldə olunmasına baxmayaraq, sərhədlərin delimitasiya və demarkasiyası, Qarabağdakı erməni icmasının müqəddəratı kimi məsələlər ətrafında fikir ayrılıqları qalmaqda davam edib. 2023-cü ilin may ayında Brüssel görüşündə ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə sadiqlik ifadə edilsə də, Moskva və Kişineu görüşlərində sülh sazişinə dair konkret irəliləyişə nail olunmayıb.

Ermənistanın sülh sazişi layihəsinə Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizmin yaradılması ilə bağlı bənd daxil etmək təklifləri Azərbaycan tərəfindən daxili işlərinə müdaxilə kimi qiymətləndirilərək rədd edilib. Prezident İlham Əliyev Ermənistanın saziş mətninə qondarma "Dağlıq Qarabağ Respublikası"nı salmaq üçün istənilən cəhdi qeyri-məhsuldar dəyərləndirərək – "ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar" – deyə bildirib. Ermənistan tərəfi isə Azərbaycanla sülh sazişini yalnız həmin məsələlər həll edildikdən sonra imzalamağa hazır olacağını bəyan edib. Beləliklə, bütün məsələlərin saziş layihəsinə daxil edilərək sülh sazişinin yubadılması, azərbaycanlı millət vəkilinin qeyd etdiyi kimi  ABŞ və Rusiya arasındakı toqquşmanın Qarabağ danışıqlarına da tətbiq edilərək onlar arasındakı müharibədən yararlanmaq cəhdi sülhün qarşısındakı maneələrin aradan qaldırılması üçün alternativ ssenariləri gündəmə gətirib. Azərbaycanın Təhlükəsizlik Şurasının katibinin məqaləsində vurğulandığı kimi  sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırıb.

Prezidentin İlham Əliyevin köməkçisi sülh sazişinin ABŞ və digər ölkələr tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistanın Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni etdiyini bildirib. Sülh sazişindən sonra Azərbaycanın gündəliyindəki ikinci mühüm məsələnin Qarabağdakı erməni sakinlərin Azərbaycanın siyasi, iqtisadi və sosial spektrinə reinteqrasiyası olduğuna diqqət çəkilib. Sitat: "Təəssüf ki, Ermənistana tabe olan, onun tərəfindən maliyyələşdirilən və dəstəklənən separatçı qurumu görürük. Onlar boz zona statusunu saxlamaq və Azərbaycanın siyasi, sosial, iqtisadi həyatına reinteqrasiya olmamaq istəyirlər"  – Prezidentin köməkçisi vurğulayıb.

Prezidentin köməkçisinin açıqlamasında əksini tapdığı kimi, Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Ermənistan baş nazirinin həmin dövr ərzində qondarma qurumu "müstəqillik günü" münasibətilə təbrik etməsi, maliyyə və hərbi-siyasi dəstək göstərməsi, Qarabağda qondarma "prezident seçkilərinin" təşkil edilməsi, "boz zona"nın Ermənistan tərəfindən minalanması, sərhəddə və Qarabağda təxribatların davam etməsi sülh qarşısındakı diplomatik yolla aşılmayan maneələrin güc yolu ilə həllini sürətləndirib. Azərbaycan ordusunun sentyabrın 19-da həyata keçirdiyi antiterror əməliyyatının nəticəsi olaraq müharibənin üçüncü ildönümündə, sentyabrın 27-də Qarabağda qondarma qurumun ləğv edilməsi Ermənistanla sülh sazişini yenidən aktuallaşdırmaqla yanaşı, Azərbaycanın hakimiyyət orqanları ilə Qarabağdakı erməni icması arasında birbaşa təmaslara imkan yaradıb.

Ermənistan baş nazirinin sentyabrın 24-də xalqa müraciətində Rusiya sülhməramlılarını antiterror əməliyyatına qarşı addım atmamaqda ittiham edərək rəsmi Moskvanı Qarabağdakı ermənilərin "etnik təmizlənməsi"ndə məsuliyyətli tərəf kimi tanıması Rusiyanın rəsmi İrəvan üçün əvvəlki rolunun indiki halda Qərbə ötürülməsi fonunda baş verib. Hadisələri şərh edən erməni ekspert "9 noyabr bəyanatı ilə yaradılmış arxitekturanı tamamilə dağıdan" antiterror əməliyyatının arxasında Rusiyanın Ermənistan qarşısında daha çox tələblər qoyulması məqsədlərinin dayandığını irəli sürüb. Eyni zamanda, Ermənistan rəsmisi sülh sazişinin Qərbdə imzalanacağını bəyan edərək, ölkəsinin 9 noyabr "səhvi"ni bir daha təkrar etməyəcəyini bildirib. Sitat: "Məqsədimiz odur ki, sülh sazişi imzalanandan sonra konkret təminatlar olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmləri işə sala biləcəyimizi bilək. Noyabrın 9-dan sonra Rusiyanın bütün zəmanətləri buxarlandı. Ermənistan bu səhvi ikinci dəfə etməyəcək".

Rəsmi Bakı Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasından sonra keçmiş münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun mövcudluğu üçün heç bir əsasın qalmadığını vurğulayaraq, ləğv edilməsi tələbini irəli sürüb. Belə ki, Fransanın Azərbaycanla Rusiya və Türkiyə arasındakı uzlaşmaları balanslaşdırmaq adı ilə regionda Minsk Qrupu formatında təsir imkanlarını genişləndirməsi, Ermənistanı silahlandırması və beynəlxalq təsisatlarda Azərbaycan əleyhinə sanksiya çağırışları etməsi sülh sazişi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, növbəti eskalasiya ehtimalını gündəmə gətirib. Ermənistanın xarici işlər nazirinin iştirakı ilə Tehranda 3+3 formatında görüşlərin keçirildiyi tarixdə Paris və İrəvan arasında silah satışına dair müqavilə imzalanıb. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə bu barədə narahatlıqlarını çatdırıb. Minsk Qrupunun ləğvi tələbi, eyni zamanda ABŞ və Fransa ilə qarşıdurma dərinləşdikcə Azərbaycanın Ermənistanla normallaşma prosesi üçün vasitəçilik formatları yerinə, birbaşa dialoqa üstünlük verməsi çərçivəsində gündəmə gəlib. Hadisələri şərh edən azərbaycanlı ekspert qeyd edib ki, "Azərbaycan nə qədər vasitəçilər arasında vasitəçi olmağa, proses ətrafında geosiyasi gərginliyi azaltmağa çalışsa da, Ermənistan hökumətinin ənənəvi ittifaqlardan uzaqlaşması, Rusiyaya qarşı addımlar atması və Qərbin Ermənistana göstərdiyi dəstək bu prosesə böyük problemlər yaradıb. Artıq geosiyasi fon sülh prosesinə mənfi təsir göstərməkdədir".

Azərbaycan ordusunun antiterror əməliyyatından sonra tərəflər arasında danışıqlar xarici işlər nazirləri səviyyəsində olmaqla üç ay sonra, yəni dekabr ayında başlayıb. Sülh sazişinin 2023-cü ilin sonunda imzalanacağına dair gözləntilər təsdiqini tapmasa da, dekabr ayında hər iki ölkənin birbaşa təmaslar çərçivəsində hərbi əsirləri mübadilə etməsi növbəti ildə ikitərəfli əlaqələrin həlledici olacağına ümid yaradıb. 2024-cü ilin əvvəlində Azərbaycan sülh sazişi üzrə müsbət dinamikanın olduğunu qeyd edib, Ermənistan tərəfi isə həll olunmamış məsələlərin olduğunu təkid edib. Ümumiyyətlə, antiterror əməliyyatlarından sonra Qarabağla bağlı tələblərin sazişin gündəliyindən çıxarılması erməni mediasında Ermənistanın maraqlarına zidd hesab edilən istənilən addımın "sülh" diskursu kontekstində təqdim edilməsi kimi əksini tapıb.

Həmçinin Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından sonra ermənilərin Qarabağı tərk etməsinin Ermənistan tərəfindən edilən bir güzəştə, sülhün bərqərar olması üçün təminata çevrilmədiyi qeyd olunub. Əksinə, Qarabağ mövzusunun Ermənistan–Azərbaycan münasibətlərində "tənzimləyici" rolunun artıq aktual olmaması baxımından Azərbaycanın öz tezisləri ilə erməni mediasına müxtəlif üsullar və aktorlarla nüfuz etdiyi, daxili siyasi diskursu formalaşdırdığı, Ermənistanın suveren ölkə olmaq hüququnu və qabiliyyətini şübhə altına aldığı vurğulanıb.

Sülh sazişi üçün həllini gözləyən məsələlər

Prezidenti İlham Əliyev ilk dəfə rəsmi şəkildə 2024-cü il fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşdə [49] Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar olduğunu və bu sənədə istinadların Ermənistanın konstitusiyasında əksini tapdığını bildirərək, Ermənistan konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna biləcəyi şərtini bəyan edib. Ermənistan baş nazirinin Azərbaycanın bu şərtini ölkəsinin daxili işlərinə müdaxilə kimi qiymətləndirməsinə və sülh sazişinin "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasını yetərli hesab etməsinə baxmayaraq, Prezident İlham Əliyev Konstitusiyanın hər hansı beynəlxalq müqavilədən üstün sənəd olmasına diqqət çəkərək ərazi iddialarına son qoyulması baxımından mövcud hakimiyyətin açıqlamalarından daha möhkəm təminat tələbi ilə çıxış edib. Konstitusiyadakı ərazi iddiaları tələbinin mümkün sülh sazişi, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası prosesilə ziddiyyət təşkil etməsinə baxmayaraq, Ermənistan sülh sazişinin razılaşdırılmamış müddəaları çıxarılmaqla imzalanması təklifini irəli sürüb və Azərbaycan bütün müddəaların eyni dəyərə malik olduğunu bildirərək, bundan imtina edib.

Sülh sazişi layihəsi üzrə 2024-cü ilin fevral ayında Münhen və Berlin, may ayında Alma-Ata, iyul ayında Vaşinqton görüşlərində bu məsələ müzakirə gündəmində olub. Digər tərəfdən, sülhə nail olunması istiqamətində avqust ayında Prezident İlham Əliyevin xüsusi məsələlər üzrə nümayəndəsi danışıqları asanlaşdırmaq məqsədilə qalan məsələlərin ən mübahisəli olanını – Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşdığını bildirib. Beləliklə, güzəştlərdən sonra Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları rəsmi Bakı və İrəvan arasında sülh sazişi üzrə irəliləyiş qarşısındakı əsas maneə olaraq qalıb. Bununla yanaşı, rəsmi İrəvan 2024-cü ilin noyabr ayında saziş mətninə 11-ci düzəlişi aldıqdan sonra mətndə iki məsələnin razılaşdırılmamış qaldığını bildirib: Ermənistan–Azərbaycan sərhədində xarici qüvvələrin yerləşdirilməməsi, İrəvanın hüquqi və diplomatik mübahisələri istisna etməsi. Prezidentin köməkçisi Bakının gündəmində "COP29" tədbirinin olması səbəbindən sülh müqaviləsinin mətninin müzakirəsinə dekabrda qayıdılacağını bildirib. Sitat: "Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq".

Prezident İlham Əliyevin və Ermənistan baş nazirinin dekabr ayının 18-19 tarixlərindəki müsahibələri 2024-cü ilin sonunda sülh sazişinə dair ümumi vəziyyəti qiymətləndirmək baxımından mühüm mətnlərdir. Prezident öz müsahibəsində bildirib ki, sitat: "Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam". Prezidentin vurğuladığı digər iki şərt isə, yuxarıda qeyd olunduğu kimi, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun ləğvidir.

Ermənistan baş naziri öz müsahibəsində sülh sazişi layihəsinin 17 maddəsindən razılaşdırılmamış 2 maddədən birinin üçüncü dövlətlərin silahlı qüvvələrinin Ermənistan–Azərbaycan sərhədinə yerləşdirilməməsinə, digəri isə beynəlxalq instansiyalarda bir-birinə qarşı irəli sürülən iddiaların geri götürülməsinə aid olduğunu bildirib. Sitat: "Delimitasiya tam şəkildə başa çatdıqdan sonra Ermənistan–Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin mövcudluğuna ehtiyac olmayacaq və Ermənistan Respublikası bu məntiqi əsas kimi təklif edir". Həmçinin Ermənistan baş naziri ATƏT-in Minsk Qrupunun ləğvi məsələsinə konstruktiv yanaşdığını bildirib. Lakin bu formatın ləğvini  "Qərbi Azərbaycan" diskursunun ərazi iddiaları kimi əksini tapmaması şərti ilə məqbul hesab edib. Rəsmi Bakı "Qərbi Azərbaycan" məsələsini qaçqınların qayıdış hüquqlarının bərpası kimi irəli sürərkən, Ermənistan baş naziri ərazi bütövlüyünün tanınması halında "Qərbi Azərbaycanın" Ermənistan kimi deyil, Azərbaycanın qərb rayonları kimi başa düşülməli olduğunu vurğulayıb. Ermənistan parlamentinin sədrinin açıqlamaları baş nazirin "Qərbi Azərbaycan"la bağlı suallarına izah edib: "Axı biz də ərazi iddiaları irəli sürürük, elə deyilmi? Məsələn, Qarabağ nümayəndələri özlərinə yeni hansısa prezident seçirlər, sonra da bəyanatlar verirlər. Biz bunu görmürük, amma bunun cavabında Azərbaycanın atdığı addımları deyirik ki, bax, nə dedi". Beləliklə, parlament sədri Azərbaycanın diskursunu Ermənistanın Qarabağla bağlı iddialarına güzgü kimi əsaslandırıb.

2025-ci il martın 13-də 12-ci Qlobal Bakı Forumunda jurnalistlərə müsahibəsində Azərbaycanın xarici işlər nazirinin saziş mətninin bütün bəndlərini nəhayət ki, razılaşdırdığı məlumatını verməsi normallaşma prosesində dönüş nöqtəsi kimi xarakterizə olunub. Azərbaycanın xarici işlər nazirliyinin bəyanatının ardınca Ermənistanın xarici işlər nazirliyi də dörd illik fəaliyyətdən sonra saziş mətninin mübahisəli bəndlərinin razılaşdırıldığını bildirib. Sülh sazişi üzrə irəliləyişlər Vaşinqton, Brüssel və bir sıra Avropa liderləri, eləcə də Fransa prezidenti tərəfindən coşqu ilə qarşılanıb.

60-dan çox dövlətin və təşkilatın alqışladığı [58] bu irəliləyiş barədə Rusiyanın xarici işlər naziri, sitat: "Aydındır ki, müqavilə Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında bir neçə üçtərəfli sammitlər sayəsində mümkün olub" – açıqlamasını irəli sürüb. Lakin təyyarə qəzası hadisələri fonunda Rusiyanın razılaşmalara həlledici təsiri təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də əvvəlki aktuallığını itirib. Rusiyanın Ermənistandakı səfirinin "rəsmi İrəvan və Bakı arasında münasibətlərin tənzimlənməsinə Rusiyanın qətiyyətlə dəstək verəcəyi" bəyanatına toxunan parlament sədri: "Biz onların vasitəçiliyinin nümunələrini öz dərimizdə, bədənimizdə hiss etmişik və o ağrı hələ də keçməyib" – deyə bildirib.

Azərbaycanda iyunun 30-da Rusiyanın təhlükəsizlik orqanlarının agentləri kimi həbs edilənlərin və Ermənistanda sülhün mahiyyətinin yanlış yozulduğunu irəli sürərək, sülh sazişini "Böyük Turan" layihəsi çərçivəsində erməni etno-siyasi elementinin Cənubi Qafqazdan çıxarılması kimi təqdim edənlərin Rusiyanın media portallarının əməkdaşları olduğunu xatırlatmaqda fayda var. Bu baxımdan, sülh sazişinin yubadılmasında hüquqi və siyasi amillərlə yanaşı, beynəlxalq faktorların rolu olduqca təsirli olub.

Qeyd edək ki, qlobal geosiyasi yenidən qurulma fonunda regionda yeni eskalasiya məsələlərinin ictimai gündəmə gətirilməsi və Azərbaycanın guya Ermənistana hücum edəcəyi barədə məlumatların təbliğatı da bu dövrə aiddir. Halbuki sözügedən ehtimalın mümkünlüyünü Ermənistan baş naziri də istisna edib. Sitat: "Niyə və necə? Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, gücdən istifadənin və güc tətbiq etmə hədəsinin yolverilməzliyini tanıyıb. Üstəlik, bu, təkcə siyasi deyil, həm də hüquqi müstəvidə belədir". "Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə olmayacaq. Sülh olacaq" – Ermənistan baş naziri mayın 9-da yaydığı bəyanatda bildirib.

Eləcə də, Prezident İlham Əliyevin köməkçisinin, sitat: "Biz deyə bilərik ki, hazırda regionda sülh və sabitlik hökm sürür. Azərbaycan bütün səyləri göstərir ki, buna hüquqi çərçivə müəyyənləşdirsin və regionda tam və yekun sülh formalaşsın" – bəyanatı Azərbaycanın rəsmi mövqeyinin təqdimatı baxımdan prinsipial əhəmiyyətə malikdir.

Qərbin "tarixi" və "həlledici" addım kimi qiymətləndirdiyi sülh sazişi mətni üzrə razılaşmalardan sonra proses yeni, siyasi baxımdan daha həssas məsələləri əhatə edən növbəti mərhələyə keçib. Azərbaycan saziş mətni üzrə razılaşmaların hüquqi qüvvə qazanması üçün əsas şərtin ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu mövqeyini diqqətə çatdırıb. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun və aidiyyəti strukturların ləğv olunmasının zəruriliyini vurğulayıb.

Sülh sazişinin imzalanması ekspertlərə görə kənar qüvvələrin təsir dairəsindən çıxmağın şərtlərindən biri kimi qəbul edilsə də, atılacaq addımlarla bağlı yekun razılaşmanın olmaması sazişin praktiki olaraq dalana dirənməsi kimi dəyərləndirilib. Digər tərəfdən, Ermənistan qarşısında irəli sürülən şərtlərin yerinə yetirilməsinin ölkədə 2026-cı ildə keçiriləcək seçkilərdən sonra mümkün olacağı məsələsinin gündəmə gətirilməsi sülh sazişinin yubadılmasında şüurlu strategiyanın izləndiyini deməyə əsas yaradıb. Hakimiyyətə revanşist qüvvələrin gəlməsi halında Ermənistanın Cənubi Qafqazla bağlı əvvəlki siyasətinə qayıtması və bunun doğuracağı risklər baxımından sülh sazişi ilə bağlı məsələnin indiki halda açıq saxlanılmasının hər iki tərəfin maraqlarına uyğun olduğu irəli sürülüb. Ermənistan baş nazirinin hazırkı situasiyada sülh sazişi məsələsini daxili siyasi alətə çevirərək, öz mövqeyini "ya hakim partiya, ya da müharibə" tezisi ilə möhkəmləndirdiyi vurğulanıb.

Prezident İlham Əliyev və Ermənistan baş naziri arasındakı 2025-ci il mayın 16-da Albaniyada keçirilən görüş Kazan şəhərindəki görüşdən yeddi ay sonra, sülh sazişi mətninin razılaşdırılmasından sonrakı ilk görüş olub. Növbəti təmaslar iyulun 10-da Əbu-Dabi şəhərində baş tutub.

Azərbaycan bu görüşlərdə sülhə gedən yolun hüquqi təminatlardan keçdiyini bəyan edərək, mümkün sülh sazişinin institusional zəminini yaratmağa və onu Ermənistanda hakimiyyət dəyişikliklərindən daha güclü təminat altına almağa yönəlib. Ermənistanın xarici işlər naziri iyunun 30-da verdiyi müsahibədə Konstitusiyadakı mübahisəli müddəaları sülh müqaviləsinə maneə kimi təqdim etməyərək, bu məsələni ölkəsinin müstəsna daxili gündəliyi kimi dəyərləndirib. Həmçinin konstitusiyanı şərh etməyin müvafiq məhkəmənin (konstitusiya) müstəsna səlahiyyətində olduğunu vurğulayıb.

Digər mühüm məsələyə – ATƏT-in Minsk Qrupunun ləğvinə gəlincə, Ermənistan bu məsələni sülh sazişindən sonrakı mərhələyə saxlayıb. Azərbaycanın sabiq xarici işlər naziri Ermənistanın Minsk Qrupunu qoruyub saxlamaq strategiyasını daha geniş strateji yanaşmanın tərkib hissəsi kimi dəyərləndirərək, Ermənistanın Azərbaycanla birlikdə ATƏT-ə Minsk qrupunun ləğv olunması ilə bağlı verəcəyi notanın, ABŞ və Fransanın maraqlarına toxunduğunu bildirib. Bu məsələni şərh edən digər ekspert də, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında Minsk qrupunun buraxılmasına Ermənistandan başqa, ABŞ və Fransa da qarşı çıxdığını qeyd edib.

Yekun olaraq, sülh sazişi mətni üzərindən işlərin yekunlaşması gələcəyə dair pozitiv gözləntilər yaratsa da, maneələr hələ də qalmaqdadır.  Həm Azərbaycanda, həm də Ermənistanda keçirilən ictimai rəy sorğuları göstərir ki, cəmiyyətlərdə sülh sazişinə münasibət və onun reallaşması perspektivlərinə baxış kəskin formada fərqlənir. Azərbaycanda aparılan ictimai rəy sorğuları mümkün sülh sazişinə dəstəyin yüksələn xəttə olduğunu müəyyən etsə də, Ermənistandakı sorğular sülhlə bağlı tendensiyaların aşağı olduğunu göstərir.

Beləliklə, cəmiyyətdə etnik qütbləşmənin idarə etdiyi münaqişə təfəkkürü, sosial müstəvidə barışıq mühiti və onun qarşılıqlı iqtisadi faydalarına inamsızlıq, sülh sazişi perspektivlərini azaldır. Azərbaycan öz ərazisində sülhə nail olsa da, iki ölkə arasında sülh sazişinin olmaması, eləcə də Ermənistanın etibarlılığı ilə bağlı narahatlıqlarla sülh sazişinə dair inamın azalması mümkün münaqişə ehtimallarını gücləndirir.

Elnur Çıraqov

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü

Seçilən
139
50
moderator.az

10Mənbələr