ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasına “nüfuzlu bir özəl Amerika şirkəti”nin zəmanətçi qismində cəlb oluna biləcəyini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu, Vaşinqtonun bu məsələ ilə bağlı ilk rəsmi açıqlaması kimi qiymətləndirilir.
Səfirin sözlərinə görə, təşəbbüs Türkiyədən gəlib və ABŞ bu təklifi qəbul edib. Lakin Ermənistan tərəfi həmin şirkətin yolun Naxçıvandan keçən hissəsində də fəaliyyət göstərməsini tələb edib. Bu isə Azərbaycanın sərt etirazına səbəb olub. Bakı bunu Naxçıvan üzərində qəbuledilməz xarici müdaxilə kimi qiymətləndirib.
“Onlar cəmi 32 kilometrlik yol üstündə mübahisə edirlər, amma bu, kiçik məsələ deyil. Artıq on ildir bu məsələ həll olunmur — söhbət 32 kilometrlik yoldan gedir,” – deyə Tom Barak Nyu-Yorkda keçirilən brifinqdə bildirib.
“İndi isə belə bir vəziyyət yaranıb: Amerika müdaxilə edib deyir: ‘Yaxşı, biz bu məsuliyyəti üzərimizə götürürük. Bu 32 kilometrlik yolu bizə 100 illik icarəyə verin — və hamınız ondan istifadə edə biləsiniz’,” – deyə səfir əlavə edib.
Natiq Səlim,
KONKRET.az