AZ

"Rusiyapərəst müxalifət artıq Paşinyana qarşı əlavə qüvvə əldə edə bilmir..."

“Ermənistandakı həbslərin hamısı Paşinyanın apardığı siyasi mübarizə ilə bağlıdır. Bu, sadə əleyhdarların həbsi deyil. Paşinyanın əleyhdarları əsasən Rusiya tərəfindən istifadə olunan ünsürlərdir...”
 
AMİP-in fəxri lideri Etibar Məmmədov Moderator.az-a açıqlamasında Ermənistanın daxili prosesləri və Paşinyanın rusiyapərəst müxalifətlə mübarizəsi haqqında fikirlərini bölüşüb.
 
Ermənistanın daxilindəki proseslərə və Paşinyanın rusiyapərəst müxalifətlə mübarizəsinə necə baxırsınız?” sualını Etibar Məmmədov belə cavablandırıb:
 
"Paşinyanın hakimiyyəti həm daxili, həm də xarici təsirlərdən asılıdır. Ermənistanın daxili siyasətində kilsə və oliqarxlar Rusiya ilə sıx əlaqələrdədirlər. Bu qüvvələrin neytrallaşdırılması Paşinyanın əsas vəzifəsidir. Onun qarşısında həm ölkə daxilində, həm də xaricdə ciddi təzyiqlər var. Lakin hələlik daxildə öz etimadını qoruyur. Paşinyan müxalifətlə mübarizədə hələ də öz mövqeyini qoruyur və bu mübarizə üçün imkanları var. Gələcəkdə bu imkanlardan necə istifadə edəcəyini zaman göstərəcək."
 
“Paşinyanın əleyhdarlarının həbsi birmənalı qarşılanmır” fikrinə siyasətçi bu cür münasibət bildirib:
 
"Ermənistandakı həbslərin hamısı Paşinyanın apardığı siyasi mübarizə ilə bağlıdır. Bu, sadə əleyhdarların həbsi deyil. Paşinyanın əleyhdarları əsasən xarici güclər tərəfindən dəstəklənən və Rusiya tərəfindən istifadə olunan ünsürlərdir. Onların fəaliyyəti ölkə daxilindəki geo-siyasi maraqlara xidmət edir."
 
“Bu etirazların gələcəyi necə ola bilər? Onlar daha da güclənib Paşinyanın hakimiyyətinə təhlükə yarada bilməz ki?” sualını həmsöhbətimiz özünəməxsus şəkildə cavablandırıb:
 
"Xeyr, mən belə düşünmürəm. Hazırkı həbslər bu etirazların içərisindədir və Paşinyanın mübarizəsinin bir hissəsidir. Rusiyapərəst müxalifət artıq Paşinyana qarşı əlavə qüvvə əldə edə bilmir. Etirazlar müəyyən dövr üçün güclənsə də, Paşinyan bu vəziyyəti öz xeyrinə yönəldə bilər."
 
Etibar Məmmədovun fikirlərinə görə, Ermənistanın daxili və xarici siyasətindəki gərginliklər Paşinyan üçün böyük bir sınaqdır. Lakin o, müxalifətlə mübarizədə öz mövqeyini qoruyaraq, bu prosesdən qalib çıxmaq şansına sahibdir.
 
Sultan Laçın
 
Seçilən
118
moderator.az

1Mənbələr