"Moskva yalnız güclə dayandırıla bilər, ABŞ-ın liderliyinə ehtiyacımız var..."
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloqla Kiyevdə keçirdiyi görüşdən sonra Vaşinqtona təşəkkürünü bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
"Trampa və Amerika xalqına minnətdarıq"
Zelenski qeyd edib ki, prezident Donald Trampın verdiyi dəstək mesajları və Ukraynanın müdafiə gücünü artırmaq yönündə qəbul edilən qərarlar ölkəsi üçün həyati önəm daşıyır. Onun sözlərinə görə, Kelloqla "səmərəli və məhsuldar" müzakirə aparılıb.
Məlumatda deyilir ki, görüşdə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, birgə silah istehsalı, Avropa ilə birlikdə müdafiə texnologiyalarının satın alınması və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi müzakirə olunub. Zelenski əlavə edib: "Moskva yalnız güclə dayandırıla bilər. ABŞ-ın liderliyinə ehtiyacımız var".
Səfərin məqsədi və rəmzi mənası
ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloqun Ukraynaya səfəri bir neçə gün davam edəcək. Prezident Ofisinin müşaviri Sergey Leşşenko bu səfərin dərin rəmzi məna daşıdığını bildirib: "Kelloq maaş üçün gələn rəsmi deyil. O, qəlbdən Ukraynanı dəstəkləyən şəxsdir". Leşşenko vurğulayıb ki, bu səfər ABŞ mediasında Ukrayna diplomatiyasının guya zəif göstərilməsinə cəhd edən yazılara da cavabdır.
Kelloqun yalnız mətbuat konfransı üçün deyil, ön cəbhəyə də getməsi planlaşdırılır. Burada o, Ukrayna ordusunun vəziyyətini öz gözləri ilə görəcək, hərbi briqadalarla təmasda olacaq və müasir müharibənin real mənzərəsini birbaşa müşahidə edəcək. Bu biliklər isə təkcə Ukraynaya yardım üçün deyil, ABŞ ordusunun özünü yeniləməsi baxımından da dəyərlidir.
"Patriot" və uzaqmənzilli raketlər
Leşşenko bildirib ki, hazırda ABŞ tərəfindən Ukraynaya göndəriləcək yardımların əsas məqsədi ölkənin hava məkanını qorumaqdır. "Patriot" sistemlərinə raketlər çatışmır, lakin tərəfdaşların bu istiqamətdə yardımı gözlənilir. Bununla yanaşı, uzaqmənzilli silahlar da gündəmdədir. Almaniya bu məsələdə Ukrayna ilə birgə layihələr həyata keçirir və artıq bu silahların mənşəyi ayırd edilə bilməyəcək: "Bu raket Ukraynanın, yoxsa Almanıyanındır? Ya da hər ikisinin?!" - Leşçenko istühzalı şəkildə bildirib.
Putin üçün təhlükəli mesaj
Leşşenkonun fikrincə, Kelloqun hazırda Kiyevdə olması özü-özlüyündə Rusiya üçün açıq siqnaldır: "Putin üçün bu səfər zamanı Kiyevə zərbə endirmək axmaqlıq olardı". Çünki Kelloq burada gecələyir, sığınacaqlara enir, dağıntıları və insan itkisini öz gözü ilə görür. Bu təcrübə isə ABŞ rəhbərliyinə ötürüləcək və Ukraynaya yardımı daha da artıracaq.
Zelenski Trampa "müsbət qərarlar və güclü dəstək siqnalları" üçün təşəkkür edərkən, bu səfərin təkcə siyasi yox, həm də strateji və mənəvi dəyərini vurğulayıb. Kelloqun Ukraynada keçirdiyi günlər, ehtimal ki, yalnız diplomatik jest deyil, eyni zamanda ABŞ-ın yeni təhlükəsizlik yanaşmasının başlanğıcı olacaq. ABŞ-Ukrayna münasibətləri yeni mərhələyə - daha sıx, daha real və daha döyüş meydanının içindən çıxan qərarlarla yeni mərhələyə qədəm qoyur.