"Peyklər Moskvaya aid beş nüvə obyektində intensiv fəallıq qeydə alıb..."
2025-ci ilin may-iyun aylarında "Planet Labs" peykləri Rusiyanın beş ayrı nüvə obyektində genişmiqyaslı tikinti və yenidənqurma işlərini aşkarlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Business Insider" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, bu obyektlərdə çoxqatlı təhlükəsizlik perimetrləri, yeni anqarlar, tunellər və digər infrastruktur elementləri inşa edilir. Ekspertlərə görə, bu fəaliyyətlər nüvə silahlarının saxlanması, daşınması və texniki xidmət imkanlarının artırılması ilə əlaqəlidir.
Əsas obyektlər:
1. Osipoviçi (Belarus):
Burada üçqat təhlükəsizlik hasarı, yeni anqar və nüvə başlıqlarının daşınması üçün dəmiryolu platforması yaradılıb. Danimarka əsilli ekspert Xans Kristensen bu obyektin həm modernləşdirmə, həm də nüvə gücləri arasında mesaj xarakteri daşıya biləcəyini bildirir.
2. Qadjiyevo (Murmansk vilayəti):
Şimal Donanmasına bağlı bu bazada raket anbarı yaxınlığında altı yeni tikili inşa olunur. BMT-nin Tərksilah Araşdırmaları İnstitutunun aparıcı əməkdaşı Pavel Podviq bu genişlənməni "xeyli ciddi" adlandırır.
3. Kalininqrad:
Burada çoxqatlı mühafizə perimetri qurulub, maskalanmış girişlər və ehtimal olunan mühafizə obyektləri inşa edilib. Qərbə daha yaxın bu ərazidə nüvə infrastrukturunun inkişafı xüsusi diqqət çəkir.
4. Kamçatka:
Sakit Okean Donanmasına məxsus bu hərbi baza "Poseydon" adlı nüvə başlıqlı sualtı torpedaların saxlanmasına hazırlıq məqsədilə təkmilləşdirilir.
5. Novaya Zemlya:
Sovet dövründən tanınan bu nüvə sınaqları adasında yeni tunellər və köməkçi tikililər inşa olunub. Analitiklər bu obyektin nəzarətli subkritik nüvə sınaqları üçün nəzərdə tutulduğunu istisna etmir.
Yeni nüvə yarışına doğru?
Hazırda Rusiya bu nüvə bazalarını Ukrayna müharibəsi və qlobal gərginlik fonunda siyasi təzyiq aləti kimi istifadə edir. Paralel şəkildə ABŞ və Çin də öz nüvə imkanlarını modernləşdirir, bu da yeni qlobal nüvə yarışının siqnalı sayılır.
Mütəxəssislər Rusiyanın bu obyektləri yenidən nüvə sınaqlarına başlamaq üçün hazırladığı ehtimalını irəli sürür. Pavel Podviq bu barədə belə deyir: 'Rusiya bu bazaları istənilən anda nüvə sınaqlarını bərpa edə biləcək vəziyyətdə saxlamaq siyasətini yürüdür".
Rusiya nüvə təhdidlərini artırır
Qeyd edək ki, 2022-ci ilin oktyabrında general Sergey Surovikin Ukrayna Silahlı Qüvvələrinin Dnepr çayını keçərək irəliləməsini dayandırmaq üçün taktiki nüvə zərbəsi endirməyi nəzərdən keçirib. Bu, ABŞ tərəfindən ələ keçirilmiş telefon danışıqları vasitəsilə məlum olub. Həmin dövrdə ABŞ kəşfiyyatı nüvə zərbəsi riskini 5-10 faiz səviyyəsində qiymətləndirsə də, daha sonra bu risk 50 faizə qədər yüksəlib.