AZ

Fədakar alim, şəfalı həkim, böyük şəxsiyyət

Bütün tarixi mərhələlərdə xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni onun  ziyalılarıdır. Bu insanlar milli yaddaşın, milli ruhun daşıyıcısı kimi həmişə müxtəlif sahələrdə zirvələrə ucalmışlar. Amalı, nəcib məqsədləri ilə çoxlarından fərqlənən belə şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanmışdır. 

Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibləri bu baxımdan seçilmiş insanlardır. Dünyaşöhrətli alim, əvəzolunmaz cərrah, qayğıkeş həkim, akademik Mustafa bəy Topçubaşov belə şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır, daim dərin ehtiram və rəğbətlə anılır.

Bu il böyük alimin anadan olmasının 130 illik yubileyi qeyd olunur. Həmin tarixlə əlaqədar Azərbaycan Prezidenti xüsusi sərəncam imzalayıb. Sərəncamda görkəmli ziyalının tibb elmi və tibb təhsili, səhiyyə sahəsindəki xidmətləri yüksək dəyərləndirilib: "Akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. O, Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandırmış, tibb təhsili və səhiyyə sisteminin müasir əsaslar üzərində qurulması işinə misilsiz töhfələr vermişdir. Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindəndir". 

M.Topçubaşov AMEA-nın ilk həqiqi üzvlərindən olmuş, həyatını bütünlüklə Azərbaycan səhiyyə sisteminin təkmilləşməsinə, milli tibb kadrlarının hazırlanmasına, onların yüksəksəviyyəli mütəxəssis kimi yetişmələrinə həsr etmişdir. Görkəmli alim həmçinin tibb sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində, elmdə, tibb təhsilinin tədrisində, müalicə və profilaktika işlərində mühüm islahatların həyata keçirilməsində misilsiz xidmətlər göstərmişdir.

Gələcək həyat yolunu özü seçdi

Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci ilin avqustunda Göykümbət kəndində anadan olmuşdur. İlk təhsilini Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə almışdı. 1904-cü ildə isə gimnaziyaya daxil olmuşdu. Oranı bitirdikdən sonra Mustafa valideynlərinə ali təhsil almaq arzusunda olduğunu bildirmişdi. Atası Ağabəy kişi bağban idi. Təbiətcə sakit görkəmi ilə seçilən bu insan İrəvanda "el adamı, el ağsaqqalı" kimi tanınırdı. Anası Fatma xanım həlim və işgüzar xarakterli, keçmiş bəy babaları ilə fəxr edən bir qadın idi. O da xalq təbabətinin bilicisi kimi eldə, obada ad-san qazanmışdı. 

Ağabəy kişi Mustafanın Rusiyaya getməsinə qəti şəkildə razı deyildi. Gimnaziyanın müdiri onun övladının nə qədər ümidverici bir məzun olduğunu söyləsə də, atasında oğlunun gələcəyinə ümid yaradan "müsəlman hara, doktorluq hara" fikrini başından çıxara bilməmişdi. Anası isə onun təhsilini davam etdirməsinə etirazını bildirməsə də, qalmaqallı "Uruset"ə getməyinə razı deyildi. Lakin Mustafa israrlı idi. Moskva Darülfununun rektorunun adına ərizə yazır, tibb fakültəsinə götürülməsini xahiş edir. O zaman ali məktəblərə qəbul imtahansız keçirilirdi. Özünü təhsildə doğrultmayan gənclər hansı kursda oxumasından asılı olmayaraq, ali məktəbdən xaric edilirdilər. Mustafa Moskvadan ərizəsinə müsbət cavab almadı. Səbəb kimi Moskva ali məktəblərinə Cənubi Qafqazdan, ümumiyyətlə, tələbə götürülmədiyi, müstəsna hallarda yalnız əlaçı şəhadətnaməsi olanların qəbul olunması göstərilirdi. Cavab məktubunda əlavə olaraq o da qeyd edilirdi ki, cənab Topçubaşov Kiyev və Xarkov darülfununlarından birinə qəbulla əlaqədar müraciət edə bilər. 

Mustafa bəy ikinci ərizəsini Svyatoslav Vladimir adına Kiyev Darülfununun rektorunun adına yazır və 18 gün keçdikdən sonra o, həmin təhsil ocağının tibb fakültəsinə qəbul olunması haqda cavab alır. Beləliklə, Mustafa ailənin ciddi narazılığına baxmayaraq, ali təhsil almaq üçün Kiyevə gedir. 

Sınaqlarla üz-üzə 

Mustafanın Kiyevdə təhsil aldığı illər Rusiya tarixinin çox ağır dönəminə təsadüf edirdi. 1914-cü il dedikdə hər kəsin yadına həmin dövrdə baş verənlər düşür: "Birinci Dünya müharibəsinin başlanması çar Rusiyasının məğlubiyyəti, aclıq, səfalət, epidemiyalar... Və bir də bunların fonunda vətəndən kənarda, doğmalarından uzaqlarda yaşayan bir gənc... 

O, Kiyevə gələrkən artıq dərslər başlamışdı. Şübhəli müəllimlər və tələbələr dindirilməyə çağırılırdılar. Mustafanın adı şübhəlilər siyahısına düşməsə də,  onun qafqazlı olduğu qeydə alınmışdı. Bir faktı da qeyd edək ki, Kiyevdə təhsil aldığı illərdə o, bir qrafinyanın maliyyəşdirdiyi hospitalda sanitar işləyərək ayda 25 rubl məvacib alırdı və bütün təminatını həmin pulla ödəyirdi.

Üçüncü kursda oxuyanda - 1917-ci ildə Oktyabr inqilabı baş verir. Rusiyanın digər şəhərləri kimi, o zaman Kiyevdə də qalmaq təhlükəli olur. Onunla birlikdə oxuyanların çoxu evlərinə dönür. Bir neçə tələbə isə təhsilini davam etdirir. Onlardan biri də Mustafa bəy olur. Çətinliklərə dözüb, səylə dövlət imtahanlarına hazırlaşır. Nə aclıq, nə də ölüm qorxusu onu yolundan döndərə bilir. Mustafa ata-anasının ona göndərdiyi cibxərcliyini geriyə qaytarırmış ki, mən orada təkəm, aldığım təqaüdlə dolana bilirəm. Nəhayət, dövlət imtahanlarını verib diplom alır. Vətənə geri dönmək üçün qan-qadanın baş alıb getdiyi böyük məmləkətin neçə-neçə şəhərindən keçir, gah qatarla, gah da gəmi ilə yol gəlir. Yollarda səfalət, xəstəlik içərisində çırpınan, can verən insanları görür. Axır ki, Vətəninə yetişib onu gözləyən doğmaları ilə görüşür.

1919-cu il Azərbaycanda da olduqca çətin bir dövr idi. Bakı təbib Mustafanı onu fikirləşdiyi kimi qarşılamır. Şəhərdəki özbaşınalıq, təqiblər, milli ədavət, yadelli işğalçıların fitnə-fəsadları, neft uğrunda mübarizə - bütün bunlar əhalinin güzəranını qara etmişdi. 

Hər sahədə olduğu kimi, səhiyyə xidmətində də çox ciddi çətinliklər var idi. Əhali arasında müxtəlif xəstəliklər geniş yayılmışdı. Xalqın sağlamlığının mühafizəsi işi olduqca aşağı səviyyədə idi. Bütün çatışmazlıqlara baxmayaraq, ali tibb təhsili almış gənc həkim Mustafa Topçubaşov Bakıda iş tapmırdı. İş üçün hansı qapını döyürdüsə, eşidəndə ki, Kiyevdə təhsil alıb, elə oradaca gənc həkimə iş tapılmırdı. 

Nəhayət, Mustafa Kiyev Universitetindən tanıdığı Ağayev adlı bir şəxsin vasitəçiliyi ilə gəmilərin birində maaşlı yemək və geyimlə təmin olunan işə düzəlir. Onu xəbərdar edirlər ki, ancaq həkimliklə məşğul olmalı, "Uruset"də gördüklərindən bir kəlmə də söhbət açmamalıdır. Səhər işə çıxanda onu gəmiyə buraxmırlar. Ertəsi gün Mustafa Nikolayev küçəsini fikirli-fikirli dolaşmağa başlayarkən üzüyuxarı qalxanda professor Oşmanla rastlaşır. Bu barədə Mustafa bəy deyirdi: "Bugünkü kimi yadımdadır. Keçmiş Kommunist (indiki İstiqlaliyyət) küçəsindəki dərman dükanına getdim, mənim üçün çox qiymətli olan cərrah alətləri dəstini satmağı təklif etdim. Oşmanı görmək xəyalını isə bir an belə başımdan çıxarmırdım. Professor Oşmanla rastlaşanda sevincimin həddi-hüdudu yox idi. Əvvəlcə ona yaxınlaşmağa cürət etmirdim, sonra fikirləşdim ki, bu günü elə böyük səbirsizliklə arzulamışam ki!" 

Mustafa asta addımlarla hündürboylu adamın qarşısında dayanaraq soruşur: "Bağışlayın, siz professor Oşman deyilsiniz ki?" O cavab verir ki, " Bəli, mən professor Oşmanam". Elə oradaca Mustafa bəy professor A.Oşmana bildirir ki, yenicə tibb təhsilini Kiyevdə başa vurub, cərrahiyyə ilə çox maraqlanır, əgər mümkündürsə, onun yanında universitetdə cərrah işləmək istəyir. Professor A.Oşman cib dəftərçəsini çıxarıb tələsik nə isə yazır. Həmin vərəqi Mustafaya uzadır və mehribanlıqla deyir: "Apar bunu Razumovskiyə ver, mütləq kömək edəcək. Sənin kimiləri çıraqla axtarırıq". 

Dünya yaxşı insanlardan xali deyildi

O zaman Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılmasının ikinci ili idi. Gənc respublikanın qarşısına çıxan min bir çətinlikdən ən mühümü səhiyyə işlərinin sahmana salınması və onun tamamilə yenidən qurulması məsələsi idi. Xalqın tibbi yardıma böyük ehtiyacı vardı - həkimlər, xüsusən də milli kadrlar olduqca az idi. Həmin dövr Azərbaycanda cəmi 15-20 həkim fəaliyyət göstərirdi. 

Mustafa bəy Bakı Dövlət Universitetinin rektoru, professor Razumovskini bir neçə gündən sonra görə bilir. Bu ani görüş zamanı professor təkcə bir söz deyir: "Sabah axşam saat 8-də iş otağımda gözləyəcəyəm". Onlar vədələşdikləri vaxtda görüşürlər. Professor Mustafanın tərcümeyi-halı ilə ətraflı tanış olur, cərrahiyyəyə aid suallar verib onun biliyindən razı qalır.  

Beləliklə, M.Topçubaşovun vətənə qayıtması BDU-nun Tibb fakültəsinin cərrahiyyə kafedrasında çalışan professor A.Oşmanı və universitetin rektoru, görkəmli cərrah-anatom, professor V.Razumovskini də məmnun edir. Mustafa bəyin BDU-nun Tibb fakültəsinin cərrahiyyə kafedrasında ordinator kimi işə düzəlməsində bu alimlərin çox böyük rolu olur. Sonralar Mustafa bəy görkəmli cərrah-professor A.Oşmanın ona münasibətini minnətdarlıqla xatırlayaraq yazırdı: "Professor A.Oşman mənim ikinci darülfünunum olubdur". 

Mustafa bəy BDU-nun Tibb fakültəsində cərrahlıq fənnindən dərs deməyə cəlb edilən ilk milli kadrlardan olur. İlk illərdə ordinator işləməklə yanaşı, Azərbaycan Səhiyyə Komissarlığının Cərrahlıq Xəstəxanasının müdiri vəzifəsində çalışır, tez-tez rayonlara gedərək yerlərdə cərrahiyyə şöbələri təşkil edir, ambulatoriya və stasionaraqədərki cərrahi yardımın mexanizmini qurur, əhaliyə tibbi yardım göstərirdi. M.Topçubaşov 1922-ci ildə N.Nərimanovun təklifi ilə Naxçıvana göndərilir. O, Naxçıvanda xəstəxana, ambulatoriya, Ordubadda feldşer məntəqələri təşkil edir. Akademik sonralar xatirələrində həmin illəri belə xatırlayırdı: "İş vaxtımın başlanğıcı və sonu yox idi. Gündüzün və gecənin nə vaxtı olursa-olsun xəstə gətirirdilər, yaxud xəstə üstə çağırırdılar. Mən həm terapevt, həm cərrah, həm nevropatoloq, həm epidemioloq, həm vərəm həkimi, həm yoluxucu xəstəliklər həkimi... işləyirdim. Həkimsən, demək loğmansan, bütün dərdlərə əlac qılmalısan".

Gənc həkim-cərrah respublikada qısa müddətdə məşhurlaşır. 1923-cü ildə professor A.Oşmanın təqdimatı ilə əsasən neftçilərə xidmət edən və Bayılda yerləşən Paster adına xəstəxananın cərrahlıq şöbəsinin, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı Cərrahlıq Xəstəxanasının müdiri təyin edilir.

Azərbaycanda sovet hakimiyyətinin ilk illərində səpkili yatalaq, qarın yatalağı, malyariya, traxoma kimi infeksion xəstəliklər əhali üçün ciddi təhlükə törədirdi. Bununla əlaqədar olaraq 1925-ci ilin iyul ayında Azərbaycan hökuməti "Azərbaycan SSR-də qızdırmaya qarşı mübarizə" haqqında qərar qəbul edir. Bundan sonra M.Topçubaşov elmi-tədqiqat işlərini qızdırmanın profilaktikasına yönəldir.

Alim M.Topçubaşov

Uzunmüddətli elmi axtarışlar, səylə aparılan tədqiqatlar nəticəsiz qalmır. Dünya tibb elmində bir sıra yeniliklər də məhz Azərbaycan aliminin adı ilə bağlıdır. M.Topçubaşov 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə ona professor adı verilir və alim Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilərək ömrünün sonuna qədər həmin vəzifəni yerinə yetirir. 

M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efir-yağ narkozunu - anelgeziyanı kəşf edir. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlanır. Efir-yağ qarışığı inyeksiyaları həm də öd daşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verilir.

M.Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışır. Görkəmli alim SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olur və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilir.

Həmin illərdə Mustafa bəy bir-birinin ardınca ağır cərrahiyyə əməliyyatları aparır və yüzlərlə, minlərlə yaralı döyüşçünü ölümün pəncəsindən alıb həyata qaytarır. Onun başçılıq etdiyi klinikada müasir cərrahlıq problemləri - öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. xəstəliklər üzrə daimi axtarışlar aparılır, yeni təkliflər irəli sürülür. 

Bir sözlə, M.Topçubaşovun yaradıcılıq təfəkkürünün sonrakı inkişafı həm müharibə, həm də sülh şəraitində xüsusi əhəmiyyət kəsb edən digər problemlərin həllində öz əksini tapır. İkinci Dünya müharibəsindən sonra kəllə defektlərinin qapanmasının yeni üsulları işlənib hazırlanır. Akademik kəllə sümüyü defektlərini hələ müharibə illərində müşahidə etmişdi. Məlum üsullarla plastik əməliyyatlar apararaq, yenisi haqqında fikirləşmişdir. Nəhayət o, "Çevirmə sümük üstlüyü - sümük dilimləri" adlı yeni üsul axtarıb tapmışdır. Kəllə sümüklərinin defektlərini örtmək üçün zədələnmiş nahiyənin ətrafından götürülən sümüklər vasitəsilə alim tərəfindən auto-plastika əməliyyatı icra edilmişdi. Əməliyyat keçirmiş xəstələr üzərində aparılan uzunmüddətli müşahidələr göstərdi ki, Topçubaşov üsulu ilə kranioplastika zamanı çevirmə sümük dilimləri sorulmur, əksinə, bir-birinə bitişməklə kəllə tağını etibarlı şəkildə qapayır.

Akademikin müharibə əlillərinin müalicəsində tətbiq etdiyi parafin qişası üsulu xüsusilə diqqətəlayiqdir. Çox təsadüflərdə istər odlu, istərsə də soyuq silah yaralanmalarından sonra xəstələri yandırıcı, əzabverici ağrılar narahat edir. Təcrübi təbabətin bu "kiçik" məsələsi akademiki həmişə düşündürürdü. O, professor M.Amosovla məsləhətləşərək, öz təkliflərini söyləyir. Akademik  M.Topçubaşov "Neyrocərrahiyyə" şöbəsində dörd yaralı əsgərin qol və baldırlarındakı açıq sinir liflərini parafin örtüyə aldırır. İlk növbədə sinirlər xarici mühitin zərərli təsirindən qorunur. Sonra xəstənin özündən götürülmüş vətər və əzələ dilimləri ilə sinir liflərinin üzəri örtülür. 

Xəstələrə qan köçürülməsi məsələləri də Mustafa bəyi həmişə düşündürmüşdü. Hələ 1938-ci ildə Mustafa Topçubaşov "Bədənə qanvurma praktikası" adlı məqaləsində yazırdı: "Qan özünəməxsusluq etalonudur. Qan qrupunun, formalı elementlərinin, serumunun oxşarlığına baxmayaraq, həyatda bir-birinin üstə düşən iki etalon yoxdur. Odur ki, bədənə qanvurmada son dərəcə ehtiyatlı olmaq lazımdır". Bununla əlaqədar o, splenektomiya əməliyyatı zamanı qarın boşluğundakı qanı müvafiq işləmədən sonra yenidən bədənə vurmaq ideyasını irəli sürür. Həmin metod yaxşı nəticələr verir, mütəxəssislər tərəfindən təqdir olunur. 

Layiq olduqları, haqq etdikləri

Mustafa bəyin tutduğu vəzifələri və qazandığı titulları saymaqla qurtarmaz. Müharibədən sonra M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı  təyin edilir, 1945-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilir. 1947-1949-cu illərdə Azərbaycan Respublikası Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951-1956-cı və 1969-1981-ci illər) Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.

1954-cü ildə özü işlədiyi kafedrada əməliyyat-auditoriya təşkil edir. Əməkdar elm xadimi adını 1940-cı ildə alan alim 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir. 1953-cü ildə "Stalin" mükafatı laureatı olur və 1975-ci ildə "Sosialist Əməyi Qəhrəmanı" kimi o dövrün yüksək adına layiq görülür.

Yazıçı Anar çıxışlarının birində deyib: "Sovet dövründən əvvəl hörmətli adamlara müxtəlif cür xitab edirdilər, bəy, mirzə və ya əfəndi çağırırdılar. Məsələn, Əlimərdan bəy, Əbdürrəhim bəy, Üzeyir bəy, yaxud Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Cavid əfəndi, Şaiq əfəndi və s. Sovet dövründə bu adlar get-gedə unuduldu, aradan qaldırıldı. Mənim xatirimdə yalnız iki adam qalıb ki, onlara "bəy" deyirdilər: Mustafa bəy Topçubaşova, bir də Üzeyir bəy Hacıbəyliyə".

M.Topçubaşovun musiqiyə olan sonsuz marağı onu Üzeyir bəy Hacıbəyli ilə yaxın dost etmişdi. Üzeyir bəy onu "təbabətin filosofu və bəstəkarı" adlandırırdı. Mustafa bəy  Üzeyir bəyin məsləhəti ilə cərrahiyyə əməliyyatlarının əksəriyyətini musiqinin müşayiəti ilə keçirirdi və bunun olduqca faydalı olduğunu qeyd edirdi: "Təbabət və musiqi bir-biri ilə qırılmaz tellərlə bağlıdır və bir zaman gələcək, bir çox dərmanları musiqi ilə əvəz edib, insanları müalicə edəcəklər".

"Bizim bircə Topçubaşovumuz var"

El arasında deyirlər ki, böyük şəxsiyyətlərin böyük də düşmənləri, bədxahları olur. Mustafa bəyin də şan-şöhrətindən narahatlıq hissi keçirənlər, xalqın sevgisinə qısqananlar həmişə çox olub. Lap cavan yaşlarından onun parlaq gələcəyini görənlər M.Topçubaşovu DTK-nın çənginə salmaq ehtirası ilə yanıblar. Hər kəlməsində, hər hərəkətində siyasi səhv axtarır, onu "xalq düşmən"ləri sırasına qoşmaq istəyirdilər. Gənc həkim və alimə damğa vurmaq üçün o qədər səbəb tapırdılar ki... Bunun üçün elə onun soyadı kifayət edirdi. Həkimin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovla qohumluq əlaqələrini aydınlaşdırmağa can atırdılar. 1930-cu illərdə gənc Topçubaşovu incitməkdən ötrü bundan yaxşı bəhanə ola bilərdimi? Odur ki, günlərin birində Mustafa həkimi DTK-ya çağırıb sorğu-suala tuturlar: "Əlimərdan bəy Topçubaşovla qohumsunuz?" "Yəqin ki, qohumuq, - deyir. - Amma mən onu şəxsən tanımıram".

Bu söz-söhbət o zaman Azərbaycana rəhbərlik edən Mircəfər Bağırova çatır. Bağırov Mustafa bəyə böyük hörmət bəsləyirmiş. Ona görə də qətiyyətlə deyib: "Bizim bircə Topçubaşovumuz var. Onu rahat buraxın". Bu isə Mustafa bəyi həbs etdirmək üçün onun hər sözündə, hər kəlməsində siyasi səhv axtaranlara sərt xəbərdarlıq olub.

M.Topçubaşov repressiya illərinin bəlalarından salamat qurtarsa da, çox təəssüflər olsun ki, bəzilərinin böyük təbibi ləkələmək cəhdi sonrakı illərdə də davam edib. Onun paxıllığını çəkənlər, fürsət düşdükcə incidən, haqqını tapdalamaq istəyənlər kifayət qədər idi. Hətta bu şəxsiyyətin sadəlik və təvazökarlıq kimi yüksək keyfiyyətlərində də mənfi çalarlar axtarırdılar. Belələri görkəmli alimi respublika rəhbərinin gözündən salmaq üçün də çox cəhd ediblər. 1995-ci ildə M.Topçubaşovun 100 illik yubiley mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev böyük təbibin şəxsiyyətini açıqlayan bir neçə məqamı xüsusi vurğulamışdı: "Mustafa bəy Topçubaşov anadan ziyalı kimi doğulubdu. Onun ziyalılığı təkcə elmində yox, xasiyyətində, davranışında, insanlara münasibətində idi... Xatirimdədir, bir dəfə bir nəfər mənim yanıma gəlib dedi ki, Mustafa bəy Topçubaşov akademiyada özünü elə aparır ki, elə bil heç vitse-prezident deyildir. Mən dedim, nə olubdur ki? O dedi ki, Mustafa bəy Topçubaşov akademiyanın bufetində oturur, hamı ilə birlikdə yemək yeyir. Dedim, burada nə var ki?.. Demək, insanlar başqa cür də düşünürlər. Bu, onun alicənablığının, ziyalılığının parlaq təzahürüdür. İnsanlar var ki, bir xırda vəzifə tutan kimi ya evində, ya da dövlət işində özlərinə xüsusi xidmət tələb edirlər... Lakin xalqına bu qədər xidmət etmiş adam, həmin o Elmlər Akademiyasının bünövrəsini qoyanlardan biri bu cür təvazökar həyat keçirirdi".

Ulu Öndər o zaman həmin mülahizələri söyləyənlərə təəccüb edir və bu böyük insanın təvazökarlığına görə ona hörməti bir qədər də artır. Lakin bədxahlar "fəaliyyət"lərindən əl çəkmirdilər. Respublika rəhbərinə dəfələrlə deyirdilər ki, Mustafa bəy Topçubaşov artıq qocalıb. Bəlkə o, istefaya getsin, yaxud kafedra müdirliyini başqa adama tapşırsın? M.Topçubaşov akademiyanın vitse-prezidenti olduğu zaman da Heydər Əliyevə belə "təklif"lərlə müraciət edirdilər. Ulu Öndər isə belələrinə qətiyyətlə cavab verirdi: "Dediyiniz o qanun-qaydalar Mustafa bəy Topçubaşova aid deyil. O, elə bir insandır ki, o, elə bir fədakar adamdır ki, həyatının, yaşının son dəqiqəsinə qədər göstərdiyi fəaliyyət bizim üçün gərəkli və əhəmiyyətlidir".

Ümummilli Lider Mustafa bəy Topçubaşovun fəaliyyətini həmişə yüksək qiymətləndirmiş, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini və dünya təbabət elminə verdiyi töhfələri layiqincə dəyərləndirmişdir. Bu səbəbdən də həmişə böyük təbib və alimi yersiz hücumlardan və təqiblərdən qorumuşdur. M.Topçubaşovun 100 illik yubileyi qeyd edilərkən Ulu Öndər demişdir: "Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Adamlar üçün ən vacib olan sahə - onların sağlamlığının qorunması, insanların xəstəliklərdən xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət üçün həm keçmişdə, həm indi, həm də gələcəkdə mühüm olan sahədir. Mustafa bəy Topçubaşovun öz fəaliyyətini məhz bu sahəyə həsr etməsi heç də təsadüfi deyil. Bu, onun daxili mənəviyyatı ilə bağlıdır. Bütün həyatı, yaradıcılığı, fəaliyyəti göstərir ki, o, şüurlu olaraq bu sənətdən başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtarmasında, elmimizin, təhsilimizin inkişafında böyük xidmətlər göstəribdir".

M.Topçubaşov güclü iradəyə, zəngin mənəvi aləmə malik şəxsiyyət idi. Bütün həyatı sevgidən ibarət idi - millətinə, xalqına, insanlara sevgidən! 1969-cu ildə böyük alimin yeganə oğlu, tanınmış cərrah İbrahim bəy ürək xəstəliyindən 45 yaşında vəfat etdi. Oğlunun yeddisi gününün səhəri ömür-gün yoldaşı dünyasını dəyişdi. Qızı Zemfira xanım xatirələrində yazır: "Atama onlarsız çox ağır oldu. O, yeganə oğlunu deyil, həm də tələbəsini, həmkarını itirmişdi. Saatlarla içinə qapanar, dərdləri ilə baş-başa qalardı. Nə etsək də, faydasız idi. Sanki o, həyatının hər anında yenə anamla, qardaşımla birlikdə idi. Öz-özünü ovundurardı, acılarından bir kimsəyə zərər gəlməsini istəməzdi". 

Akademik M.Topçubaşov 62 illik əmək fəaliyyəti dövründə 100 minə yaxın cərrahiyyə əməliyyatı aparıb. O, faktiki materialları, elmi səviyyəsi və təsvirləri ilə seçilən 5 cildlik "Xüsusi cərrahlıq" kitabının, 7 monoqrafiyanın, 200-dən artıq elmi işin müəllifi olub.

Mustafa Topçubaşov insanlar üçün əli şəfalı həkim, bütün dərdlərə çarə tapacaq loğman həddini keçərək artıq əfsanəvi bir varlığa çevrilmişdir. Xəstə onun yanına gələndə mütləq şəfa tapacağı barədə düşünürdü. Topçubaşovun adı çəkiləndə ürəklər arxayınlaşır, üzlərə məmnunluq ifadələri qonurdu. Mustafa bəy ümid və inamın ünvanı idi. Və bütün bunlar səbəbsiz deyildi.  

Böyük şəxsiyyətlərin həyatı və əməlləri xalqa və tarixə daim şərəf gətirir. 86 il ömür yaşamış akademik Mustafa bəy Topçubaşov hələ sağlığında zəngin irsi, ilahi vergisi olan istedadı və şəfalı əlləri ilə ölməzlik qazanan şəxsiyyətlərdən idi. 

İradə ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr