PKK-nın Suriya qolu olan PYD ilə Dəməşq arasında gərginlik daha da artır. İddialara görə, PYD Mazlum Abdinin vitse-prezident vəzifəsinə təyin olunmasını, neft və sərhəd gəlirlərindən pay tələb edib. Dəməşq isə buna qarşı sərt mövqe sərgiləyib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, 10 mart tarixində imzalanmış 8 maddəlik razılaşmadan altı ay keçsə də, PYD tərəfi öhdəliklərini yerinə yetirməyib. Buna cavab olaraq Suriya prezidenti Əhməd Əl Şaraanın administrasiyası PYD-yə ultimatum verib.
Suriya mənbələrinin məlumatına görə, son danışıqlarda PYD tərəfi yalnız Mazlum Abdinin yüksək vəzifəyə gətirilməsini deyil, həm də on minlərlə silahlı şəxsin Suriya ordusuna inteqrasiyasını, həmçinin idarəçilikdə muxtariyyət hüquqları da tələb edib.
Prezident Əl Şaraa özü danışıqlarda iştirak etməsə də, onun adından Suriya Xarici İşlər Nazirliyi və Amerika ilə əlaqələr üzrə ofis rəhbərliyi PYD nümayəndə heyətinə açıq mesaj verib: “10 Mart razılaşmasına əməl etməlisiniz. Vaxt bitdi. Əks halda bu taktikaların ağır nəticələri olacaq. Deyr əz-Zor bölgəsini dərhal tərk edin, çünki müddət bitdi və indi hərəkət etməyə məcbursunuz”.