"Cəmiyyətimizdə uzun illərdir formalaşan yanlış inanclardan biri də yay aylarında müalicə və tibbi müdaxilələrin aparılmasının məqsədəuyğun olmadığı fikridir. Bu yanaşma elmi və tibbi əsaslara söykənmir, daha çox mentalitetdən irəli gələn bir davranış modelidir".
Bu fikirləri News24.az-a açıqlamasında həkim-terapevt Şahvələd Məmmədov deyib.
Onun sözlərinə görə, əslində yay aylarında bir çox xəstəliklərin, xüsusilə də ürək-damar sistemi pozuntuları, hipertoniya, istivurma (günvurma) və uşaqlarda mədə-bağırsaq infeksiyaları kimi halların artdığı müşahidə olunur:
"Bu isə əksinə, yay aylarında tibbi yardım və müalicə tədbirlərinə daha çox ehtiyac duyulduğunu göstərir".
Terapevt valideynlər arasında yayılan digər yanlış yanaşmalardan biri də burun-boğaz əməliyyatlarının yalnız qış aylarında aparılmasının daha uyğun olduğu fikrini vurğulayıb. O bildirib ki, halbuki bu cür əməliyyatların fəsillərlə əlaqələndirilməsi tibbi cəhətdən əsassızdır:
"Məsələn, Səudiyyə Ərəbistanı kimi iqlimi il boyu isti olan ölkələrdə hava temperaturu daim 35-50°C arasında dəyişir. Bu ölkələrdə yaşayan insanlar üçün müalicə və ya cərrahi müdaxilələri yalnız müəyyən fəsillərlə məhdudlaşdırmaq qeyri-mümkündür və tibbi xidmətlər il ərzində fasiləsiz şəkildə həyata keçirilir".
Həkim yay aylarında tibbi yardımın alınmasından çəkinmək və ya müalicəni təxirə salmaq elmi baxımdan doğru yanaşma olmadığını diqqətə çatdırıb:
"Xüsusilə, xroniki və ya kəskinləşə biləcək vəziyyətlərdə vaxtında müdaxilə vacibdir. Mövsümi inanclar əsasında qərar vermək yerinə, tibbi göstərişlərə əsaslanan yanaşmalar daha sağlam nəticələr verir".
Xeyrənsə Piriyeva