AZ

Bakı-Şam xətti Türkiyə-İsrail böhranını da çözə bilər - TƏHLİL

Azərbaycan Suriyada böyük layihələrə imza atmağa hazırlaşır

Suriya Prezidenti Əhməd əş-Şaraa Azərbaycana işgüzar səfərə gəlib. Qonaqla dövlət başçısı İlham Əliyev arasında geniş tərkibli görüş keçirilib, liderlər bir çox məsələni müzakirə ediblər. Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirib. 

Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb. Əhməd əş-Şaraanın Azərbaycana ilk işgüzar səfəri yalnız ikitərəfli əlaqələrin genişləndirilməsi deyil, eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasətində artan diplomatik fəallığının daha bir təzahürüdür. Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev suriyalı həmkarı ilə Antalyada keçirilən beynəlxalq forum çərçivəsində ilk dəfə bir araya gəlib. Bu təmaslar əsasında formalaşan siyasi dialoq bu gün strateji əməkdaşlığa doğru inkişaf edir. Azərbaycan Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkənin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini açıq şəkildə ifadə edən ilk ölkələrdən biri olub. Bununla yanaşı, Bakı Ankara ilə birlikdə Suriyanın post-münaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib. Mayın 4-də Prezident İlham Əliyevin tapşırığı ilə baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. Azərbaycan-Suriya münasibətləri Azərbaycanın regional siyasətində, xüsusən Yaxın Şərq strategiyasında mühüm yer tutur. Bakı artıq təkcə Avropa və Mərkəzi Asiya deyil, eyni zamanda Yaxın Şərq regionunda da sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə fərqlənir. Prezident İlham Əliyevin balanslı və çoxşaxəli xarici siyasəti sayəsində Azərbaycan bu bölgədə də etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan ilə Suriya arasında formalaşan münasibətlər təkcə bu iki dövlətin siyasi münasibətləri deyil, həm də uzun müddət ərzində formalaşmış, lakin müəyyən səbəblərdən tam potensialını ortaya qoya bilməmiş tarixi bağların və mədəni yaxınlığın yeni mərhələdə dirçəlməsi kimi dəyərləndirilə bilər. Suriya ilə enerji sahəsində yeni əməkdaşlıq üfüqləri açılır. Azərbaycan qazının Suriya bazarına çıxarılması məsələsi, sadəcə, iqtisadi layihə deyil, həm də regionun sabitliyinə töhfə verəcək geosiyasi addımdır. Bu layihə vasitəsilə Azərbaycan öz qazını yalnız Avropaya deyil, həm də Yaxın Şərqə yönəltməklə diversifikasiya siyasətini möhkəmləndirir. Türkiyə vasitəsilə Suriya bazarına çatdırılacaq qaz, həm bu ölkənin enerji təhlükəsizliyinə töhfə verəcək, həm də onun tranzit imkanlarını genişləndirəcək. Suriya ilə münasibətlər həm də Azərbaycanın daha geniş diplomatik strategiyasının tərkib hissəsidir. Azərbaycan müxtəlif regionlarda və tərəflər arasında körpü rolunu oynayaraq, İsrail-Suriya, eləcə də Türkiyə-İsrail münasibətlərində gərginliyin azaldılmasına töhfə verib. Bu gün Azərbaycan, sadəcə, bir enerji ixracatçısı deyil, sabitliyin ixracatçısıdır. 

Politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra qardaş Türkiyənin Suriya ərazisində maraqlarının təmin olunması Azərbaycan üçün də geniş imkanlar formalaşdırdı. Ekspert vurğulayıb ki, Azərbaycan Yaxın Şərq regionunda postmüharibə reallıqlarında fəal diplomatik fəaliyyət icra etməkdədir: 

"Bu da siyasi, iqtisadi, humanitar, mədəni, enerji, nəqliyyat baxımından müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən qeyd etmək lazımdır ki, Suriyada yeni keçid hökuməti formalaşandan sonra Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Bundan əlavə, Antalya diplomatik forumu çərçivəsində də liderlər arasında görüş keçirildi. Bu da çox yaxşı əməkdaşlıq formatları üçün üfüqlər yaratmaqdadır". 

İ.Hüseynov qeyd edib ki, Azərbaycan Suriya ilə əməkdaşlıq çərçivəsində həm də karbohidrogen ehtiyatlarını Yaxın Şərq hövzəsinə çıxara bilər: 

"Burada İraq, Türkiyə, Suriya potensial alıcılar arasındadır və bir sıra uğurlu layihələr də artıq istifadəyə verilib. Cənub Qaz Dəhlizinin geniş perspektivləri var deyəndə Azərbaycanın enerji resurslarının şaxələndirildiyi, diversifikisasiya olunduğu və onun alıcılarının sayının getdikcə artdığı nəzərdə tutulurdu. Digər mühüm məqam kimi qeyd edə bilərik ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə geniş bərpa-quruculuq icra edərək təcrübə qazanıb. Həmin təcrübəni Suriyada da tətbiq etmək olar. Azərbaycanın tikinti, memarlıq və dizayn istiqamətində ixtisaslaşmış şirkətləri Suriyanın yenidən qurulmasında və inkişafında töhfə verə bilərlər. Həmin istiqamətdə Azərbaycanın geniş təcrübəsi də paylaşıla bilər. Hesab edirəm ki, Əhməd əş-Şaraanın səfəri həm də Azərbaycan-Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək. Çünki Azərbaycan fəal siyasi aktor kimi müasir beynəlxalq münasibətlər sistemində öz nüfuzunu bir qədər də genişləndirir. Eyni zamanda, Suriya-İsrail, Türkiyə-İsrail münasibətlərinin Suriya kontekstində yaxınlaşmasında da Azərbaycan vasitəçiliyini və bütün diplomatik resurslarını səfərbər edib. Bu da ölkəmizin artan nüfuzundan, genişlənən maraqlarından və gücündən xəbər verir".
 
Siyasi şərhçi Aqşin Kərimov da "Şərq"ə deyib ki, Suriya liderinin Bakıya səfəri Yaxın Şərqdə davam edən geosiyasi mübarizələrdə Azərbaycanla yaxınlaşmaq zərurətlərini izah edir. Bu, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə tərəfdaş olan dövlətlərin arasında böyük maraq yaradır: 

"Azərbaycan faktoru bu fonda Yaxın Şərqdə potensial çatışmazlıqların aradan qaldırılmasını müəyyən edən ölçülərlə zəngindir. Ona görə də, Yaxın Şərqdəki geosiyasi tendensiyalarda Azərbaycan əhəmiyyətli aktor olaraq iştirak etməyi strateji maraqlarının zərurət indeksinə daxil edir. Bu amil Suriya üzərindən Azərbaycan-Türkiyə strateji ittifaqının maraqlarını ön səfərə qoymaq istiqamətlərinə əhəmiyyətli təkan verir. Bu, Yaxın Şərqdə Türkiyə-İsrail gərginliyinin aradan qalxması üçün də dönüşü açıqlaya bilər. 
Beləliklə, dünya Rusiya-Ukrayna müharibəsini seyr edərkən, Yaxın Şərqdə qan tökülməsinə son qoymaq səyləri Azərbaycanın da iştirakı ilə üstün mövqelərə doğru irəliləyə bilər. Azərbaycanın regional və beynəlxalq təsir balanslarında artan barışmaz səyləri ona güzəştlər təklif etməkdə maraqlı olan qüvvələri həvəsləndirəcək. PKK-nın ləğvi prosesini də nəzərə alsaq, Suriyada, İraqda açılacaq yeni səhifələrdə Azərbaycanın ABŞ, Böyük Britaniya, Çin ilə də yeni əməkdaşlıq formatının yaranması qaçılmaz olacaq".


Seçilən
24
sherg.az

1Mənbələr