AZ

Aviasiya üçün gizli ölüm tələsi – Məşhur ekspert SİRLƏRİ AÇDI

Tanınmış aviasiya eksperti, Times Aerospace TV kanalının baş redaktoru və aparıcısı Alan Piford GPS siqnallarına müdaxilə və spufinqin (saxta GPS siqnallarının göndərilməsi) kommersiya və biznes təyyarələri üçün ciddi təhlükə yaratdığını bildirib.

KONKRET.az xəbər verir ki, o, ötən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərində məhz bu sistemə müdaxilə nəticəsində vurulduğunu xatırladır. Rusiya həmin ərazidə həftələrlə GPS siqnallarını susduraraq Ukrayna pilotsuz təyyarələrinin hücumlarına qarşı mübarizə aparırdı ki, bu da Azərbaycan təyyarəsinin düzgün müəyyən olunmasına mane olub və atəş açılmasına səbəb olmuşdur.

Piford həmçinin 2023-cü ilin sonunda Dubaydan Avropaya uçan Airbus A380 sərnişin təyyarəsinin GPS sisteminə müdaxilə səbəbindən qəza təhlükəsi yaşadığını qeyd edir: “Təyyarə standart yüksəklikdə uçarkən qəflətən mövqeyi səhv göstərildi və onlar Misir səhrasındakı xəritə yerinə Beyrut aeroportu yaxınlığında, 600 metr yüksəklikdə göstərildilər. ‘Yerə yaxınlaşma barədə xəbərdarlıq’ siqnalı eşidildi və ‘yuxarı qalxın’ göstərişi verildi. Bu, elektron müdaxilələr dövrünün başlanğıcı idi.”

Mütəxəssis bildirir ki, GPS-in susdurulması və spufinq xüsusilə Yaxın Şərq regionunda – İran və İraqda – çoxsaylı hallarda müşahidə olunub. Bu müdaxilələr səbəbindən təyyarələrin naviqasiya sistemləri ya tamamilə sıradan çıxıb, ya da səhv mövqe göstərərək ekipajların hava trafik idarəsinin göstərişlərinə tam etibar etməsinə səbəb olub.

Alan Piford qeyd edir ki, AZAL təyyarəsi ilə baş verən hadisə radioelektron mübarizə sistemlərinin nəticəsi kimi GPS-ə müdaxilənin mülki sərnişinlərə ilk ölümcül təsiri ola bilər. Bununla yanaşı, məsələ artıq uzun müddətdir narahatlıq doğurur.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi pilotların peyk naviqasiyasında pozuntular zamanı uçuş taktikası üzrə təlimatlandırılmasını, həmçinin bərpa və fövqəladə vəziyyətlərdə hərəkət planlarının məşqini tövsiyə edir.

2024-cü ilin fevralında Dubayda aviasiya hüququ üzrə ixtisaslaşmış HFW şirkətinin təşkil etdiyi Yaxın Şərq aviasiya konfransında bu mövzu geniş müzakirə olunub. Red Arrows-un sabiq baş mühəndisi və aviasiya təhlükəsizliyi eksperti Ross Pridey 2024-cü ilin 15 iyul – 15 avqust aralığında təxminən 41 min uçuşun müdaxilə və hücumlarla qarşılaşdığını bildirib və bu hallar nəticəsində hazırlıqsız ekipajların böyük risk altında olduğunu vurğulayıb.

Honeywell şirkətinin tətbiqi həllər üzrə baş mühəndisi Devid Vudkok isə bildirib ki, GPS-siqnallarının müdaxilə və spufinqinin qarşısının alınması üçün aviasiya avadanlıqlarının təkmilləşdirilməsi hələ bir neçə il vaxt tələb edəcək. Lakin bəzi inkişaf etmiş sistemlər – məsələn, Gulfstream, Bombardier və Dassault biznes jetlərində istifadə olunan təkmilləşdirilmiş EGPWS (yerdən yaxınlaşma xəbərdarlığı sistemi) və Epic avionika sistemləri – gələn il yanlış siqnalların və hündürlük göstəricilərinin düzəldilməsi üçün tətbiq edilə bilər.

Alan Piford bu mövzuda narahatlığın artmaqda olduğunu və aviasiya sektorunda məsələ ilə bağlı təlimlərin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr