Donbass bölgəsində çalışan fransız jurnalist Kristel Neant ABŞ-ın Ukraynaya silah dəstəyi siyasətinin əsl məqsədini açıqlayıb. Onun fikrincə, bu prosesin arxasında Vaşinqtonun silah sənayesini dirçəltmək niyyəti dayanır.
Publika.az “Sputnik”ə istinadən xəbər verir ki, Neant Trampın Avropa ölkələrini Ukraynaya verilən silahların ödənişini etməyə məcbur edəcəyini bildirib.
Jurnalistin sözlərinə görə, bu yolla Tramp Baydenin “pulsuz silah” siyasətindən uzaqlaşdığını göstərməyə çalışacaq: “Məqsəd silah sənayesini ayaqda saxlamaqdır. Amma biz burada pul alacağıq. Bu, seçiciləri ilə sövdələşməni yumşaltmalıdır”.
Neant əlavə edib ki, bu proses Avropa ölkələrində ciddi maliyyə böhranlarına səbəb ola bilər: “Bütün bunları maliyyələşdirmək üçün ya əlavə vergilər tətbiq edilməli, ya da qənaət siyasəti gücləndirilməlidir. Bu, artıq fəlakətlərə səbəb olur. Biz bunu Fransada, xəstəxanalarda, məktəblərdə, vacib infrastrukturlarda görürük".
Jurnalist sonda Ukraynaya göndərilən silahların döyüş meydanında real nəticə vermədiyini, əksinə Qərb texnikasının ciddi sürətlə məhv edildiyini vurğulayıb.