Ukrayna prezidenti Vladimir Zelenski bu həftə Ukrayna Nazirlər Kabinetində dəyişiklik etmək qərarına gəlib. Məlumata görə, yeni hökumətə hazırda baş nazirin birinci müavini postunu tutan Yuliya Sviridenko rəhbərlik edəcək. Hazırkı baş nazir Denis Şmıqal isə ABŞ-də səfir ola biləcək Rustem Umerovun yerinə müdafiə naziri postunu tuta bilər.
Yeni hökumətdə bəzi nazirliklərin birləşdiriləcəyi və səlahiyyətlərin ümumi şəkildə yenidən bölüşdürüləcəyi gözlənilir. Bundan başqa, siyahısı hələ də müəyyən edilməkdə olan bir neçə nazir öz vəzifələrini itirə bilər.
Maraqlıdır ki, yeni Nazirlər Kabineti Ukraynanın siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə öz fikirlərini Bakues.az-la bölüşüb.
Onun sözlərinə görə, anonsu verilən yeni dəyişikliklərin reallıq payı yüksəkdir:
“Ukrayna prezidenti Volodimir Zelenski əvvəlcədən nəzərdə tutulan kadr dəyişikikləri ilə əlaqədar məlumat vermişdi. Hətta mediada bununla bağlı Avropa Komissiyalarının və ABŞ-nin xüsusi nümayəndələrinin müsbət fikirləri yayımlanmışdı. Eyni zamanda Ukraynada Avropa İttifaqı tərəfindən bir neçə sənəd qəbul olunub. Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatsa da, Duma tərəfindən bu müddət artırıldı. Bu cür dəyişikliklərin Ukraynanın daxili və xarici siyasətində müsbət rolunu qeyd etmək lazımdır”.
Politoloq vurğulayıb ki, yeni kadr anonsu fonunda bir neçə dil bilən və kifayət qədər hazırlıqlı bir şəxs Ukraynanın ABŞ-dəki səfiri vəzifəsinə təyin olunacaq.