AZ

İspaniyada şiddətli istilər iki ayda 1180 nəfərin həyatına son qoyub

Bakı, 15 iyul, AZƏRTAC

Qərbi Avropanın digər ölkələri kimi, İspaniya da son həftələrdə şiddətli istilərdən əziyyət çəkir. Ölkənin bəzi bölgələrində havanın hərarəti 40 dərəcədən yuxarı qalxır.

AZƏRTAC xəbər verir ki, İspaniyanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, son iki ay ərzində yüksək temperatur səbəbindən 1180 nəfər həyatını itirib.

İstilərlə bağlı ölüm halları əsasən mayın 16-dan iyulun 13-dək qeydə alınıb. Bu, ötən ilin eyni dövründə qeydə alınan 114 ölüm halı ilə müqayisədə kəskin artım deməkdir. Ölənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir, onların yarıdan çoxu isə qadınlardır.

Ən çox ölüm halları ölkənin şimalında yerləşən və adətən yayda hava şəraitinin nisbətən sərin keçdiyi Qalisiya, La-Rioha, Asturiya və Kantabriya vilayətlərində qeydə alınıb. Son illər bu ərazilərdə temperatur qeyri-adi dərəcədə yüksəlir.

Qeyd edək ki, III Karlos adına Tibb İnstitutunun məlumatına əsasən, ötən ilin yayında İspaniyada istilərlə bağlı səbəblərə görə, 2191 nəfər həyatını itirib.

 

Seçilən
42
1
azertag.az

2Mənbələr