AZ

"Bogota Konfransı: İsrailin işğalına qarşı yeni cəbhə açılır" - "TRT Global"

 
"Heç bir ölkə qanundan üstün deyil və heç bir cinayət cəzasız qalmayacaq..."
 
2025-ci il iyulun 15-də Kolumbiyanın paytaxtı Boqotada dünya diplomatiyası üçün önəmli bir hadisə baş verib. Burada keçirilən "Çoxtərəfli hüquqi və diplomatik koordinasiya Konfransı"na 30-dan çox ölkənin nümayəndələri qatılıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "TRT Global" nəşri məlumat yayıb.
 
İsrailin Fələstin torpaqlarındakı İşğalına qarşı yeni cəbhə açılır
 
Məlumatda deyilir ki, Konfransın məqsəd aydındır: İsrailin 57 ildir davam edən Fələstin torpaqlarındakı işğalına son qoymaq üçün konkret hüquqi, iqtisadi və siyasi tədbirlər işləyib hazırlamaq. Konfransa ev sahibliyi edən Kolumbiya və Cənubi Afrika bu təşəbbüslə BMT Baş Assambleyasının 2024-cü ildə qəbul etdiyi qətnamənin icrasına təkan verməyə çalışır. Həmin qətnamə İsrailin 2025-ci ilin sentyabrına qədər işğalı tamamilə dayandırmasını tələb edir. Beynəlxalq Ədalət Məhkəməsi isə bir il əvvəl verdiyi rəsmi hüquqi rəydə bu işğalın qeyri-qanuni olduğunu rəsmən bəyan edib.
 
"Haaqa Qrupu": Cənub yarımkürəsinin hüquqi cəbhəsi
 
Tədbirin təşkilatçısı kimi çıxış edən "Haaqa Qrupu"  Cənubi Afrika, Kolumbiya, Malayziya, Namibiya, Kuba, Boliviya, Honduras, Beliz və Seneqaldan ibarət beynəlxalq koalisiyadır. Qrupun məqsədi İsrailin işğal siyasətinə qarşı beynəlxalq hüquq çərçivəsində mübarizəni koordinasiya etməkdir.
 
Qrupun tərkibinə sonradan qatılan və ya dəvət alan ölkələr arasında İspaniya, Braziliya, Qətər, Çin, Portuqaliya, İndoneziya, BMT nümayəndələri və Fələstin Muxtariyyəti də var. Bu təşəbbüs sadəcə siyasi bir aksiyadan ibarət deyil,  iştirakçılar silah tədarükünün dayandırılması, İsrail hərbi gəmilərinin limanlara buraxılmaması və iqtisadi təzyiqlər kimi real tədbirləri müzakirə edir.
 
 
Françeska Albaneze və vicdanın səsi
 
Konfransın fəxri qonaqlarından biri BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albaneze olub. O, konfransı "son 20 ayın ən mühüm siyasi hadisəsi" adlandırıb və vurğulayıb ki, artıq beynəlxalq hüququn yalnız zəiflər üçün işlədiyi dövr bitməlidir: "Yetər artıq! Seçmə davranışlara, cəzasızlığa və yalan ədalətə son qoymağın vaxtıdır". Albabaneze həmçinin ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalara da toxunub: "Bu, təkcə mənə deyil, beynəlxalq hüququ müdafiə edən hər kəsə qarşı təhdiddir".
 
"Dünyanın susqunluğu bitdi"
 
Kolumbiya prezidenti Qustavo Petro isə çıxışında bu tədbiri beynəlxalq ictimaiyyətin hərəkətə keçməsi üçün dönüm nöqtəsi adlandırıb: "Dünya artıq təkcə qınamayacaq. İndi birlikdə hərəkət etmək zamanıdır". Onun sözlərinə görə, İsrailin dayandırılması yalnız real təzyiqlərlə, xüsusən iqtisadi sanksiyalarla mümkündür.
 
Cənubi Afrikanın beynəlxalq əməkdaşlıq naziri Roland Lamola da konfransın əhəmiyyətini vurğulayaraq deyib: "Heç bir ölkə qanundan üstün deyil və heç bir cinayət cəzasız qalmayacaq". Kolumbiya xarici işlər nazirinin müavini isə əlavə edib ki, fələstinlilərə qarşı həyata keçirilən etnik təmizləmə və aparteid təkcə bölgəyə deyil, bütün beynəlxalq sistemə təhlükə yaradır.
 
Tarixi fəslin başlanğıcı
 
Bogota konfransı yalnız bir tədbir deyil, bu, uzun müddətdir davam edən laqeydliyin sonu, beynəlxalq hüququn təktərəfli deyil, ümumbəşəri şəkildə işləməsinə çağırışdır. Bu həm də İsrailin Fələstin torpaqlarındakı ədalətsiz işğalına qarşı daha sistemli və koordinasiyalı bir mübarizənin başlanğıcıdır. 2025-ci ilin sentyabrı yaxınlaşdıqca, dünya ölkələrinin bu sahədə hansı real addımları atacağını zaman göstərəcək. Amma bir şey artıq bəllidir: susqunluq dövrü bitdi. Dünyanın vicdanı oyanır.
Seçilən
88
moderator.az

1Mənbələr