Azərbaycanın NATO-ya üzvlüyə hazırlaşdığı və ölkədə türk hərbi bazalarının qurulacağı ilə bağlı yayılan iddialar Rusiyanın narahatlığına səbəb olub.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan “Svobodnaya Pressa” nəşri, Azərbaycanın Qarabağda əldə etdiyi qələbədən sonra Qərbə yönəldiyini və NATO ilə daha dərin əməkdaşlıqlar barədə düşündüyünü iddia edib.
Nəşrin yazdığına görə, “Bakı Qarabağ zəfərindən sonra NATO ilə daha geniş əməkdaşlıqları nəzərdən keçirməyə başlayıb. Azərbaycanda NATO-nun böyük hərbi bazasının qurulması ilə bağlı yayılan xəbərlər bu ölkənin İran və Rusiyaya qarşı təzyiq vasitəsinə çevrildiyini göstərir”.
Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə bu iddiaları Türkiyə mətbuatına şərh edərək bildirib ki, Azərbaycanın NATO-ya üzvlüyü nəzəri və texniki baxımdan mümkündür: “İdarəçilik forması, qanunun aliliyi, insan haqlarına hörmət, multikulturalizm və dözümlülük kimi meyarlar önəmlidir. NATO-ya üzvlük təkcə hərbi deyil, həm də siyasi, sosial və diplomatik inteqrasiya prosesidir”.
Nağıyev əlavə edib ki, NATO qüvvələri ilə əməkdaşlıq və silah uyğunluğu baxımından texniki şərtləri Azərbaycan yerinə yetirə bilər.
Deputatın fikrincə, Azərbaycanın NATO-ya mümkün üzvlüyünə ən sərt etiraz Rusiyadan və İrandan gələcək: “İran və Rusiya bizim NATO-ya qoşulmağımızı istəməz. Amma Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə balanslı xarici siyasət həyata keçirir”.
O, Azərbaycanın əvvəllər NATO-nun Əfqanıstan əməliyyatlarında iştirak etdiyini xatırladaraq bildirib ki, praktiki addımlar atılmasa da, nəzəri cəhətdən heç bir maneə yoxdur.
Hazırda Azərbaycanın NATO-ya üzvlük üçün rəsmi müraciəti olmasa da, həm Azərbaycan, həm də Rusiya mətbuatında yayılan fikirlər bu məsələnin uzunmüddətli strateji plan kimi gündəmdə saxlandığını göstərir.
Arzu Nağıyev regiondakı geosiyasi balansların bu prosesə təsir etdiyini qeyd edərək, Gürcüstan və Ukrayna nümunələrinə istinad edib.
Sevinc Kərimova