AZ

Satışa çıxarılan sayrışan işıqlarla bağlı qaydalara dəyişiklik edilməlidir? – AÇIQLAMA- FOTO

Bakı şəhərinin müxtəlif yerlərində, xüsusilə də Təbriz küçəsində və Babək prospekti yaxınlığında sayrışan işıqların satışı açıq şəkildə həyata keçirilir. Halbuki bu tip işıq cihazlarının adi nəqliyyat vasitələrinə quraşdırılması “Yol hərəkəti haqqında” qanuna əsasən qadağandır. Qanunla yalnız operativ nəqliyyat vasitələrinə, yəni təcili tibbi yardım, yanğınsöndürən, polis və digər hüquq-mühafizə xidmətlərinin maşınlarında bu cür sayrışan işıqların istifadəsinə icazə verilir. 
Buna baxmayaraq, bəzi sürücülər bu tələblərə məhəl qoymayaraq, bu işıqları əldə edib öz avtomobillərinə quraşdırırlar. Bəs bunun qarşısının alınması üçün hər hansı yeni addım atılması vacibdirmi?


Məsələ ilə bağlı nəqliyyat eksperi Eldəniz Cəfərov saytımıza açıqlamasında bildirb ki, artıq cəmiyyətdə bu qayda geniş şəkildə tanınır və əksər vətəndaşlar bu barədə məlumatlıdır.
“Buna baxmayaraq, bəzi şəxslər tərəfindən bu qanunsuz hallara hələ də rast gəlinir. Sayrışan işıqlardan istifadə edənlər var, lakin bu, hələlik kütləvi xarakter daşımır. Bu səbəbdən mağazalarda bu tip işıqların satışı tamamilə qadağan olunmayıb. Lakin burada vacib məqam odur ki, satış mümkün olsa da, istifadəsi qadağandır və bu, vətəndaşlar tərəfindən də aydın şəkildə dərk edilməlidir”.
Ekspert xüsusilə vurğulayıb ki, belə halların qarşısını almaq üçün əsas məsuliyyət Dövlət Yol Polisi Patrul Xidməti əməkdaşlarının üzərinə düşür.
“Eyni zamanda, biz cəmiyyət olaraq da bu məsələyə laqeyd yanaşmamalıyıq. Həm ictimai qınaq vacibdir, həm də bu kimi hallarla rastlaşdıqda aidiyyəti üzrə polis orqanlarına məlumat vermək vətəndaş məsuliyyətinin bir hissəsidir. Əks halda, belə qanunsuz hallar gələcəkdə ciddi fəsadlara səbəb ola bilər”.


Sabiq deputat İltizam Yusifovun fikrincə, malın satışı tələbdən asılı olaraq həyata keçirilə bilər.
“Yəni, istər polis, istər digər şəxslər bu cür məhsulu alıb evində saxlayıb baxa bilər, bu problem deyil. Amma həmin avadanlıqların istifadəsi artıq qanunla tənzimlənir və bununla bağlı konkret qaydalar mövcuddur. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, sıravi vətəndaşlar bu cür avadanlıqları alıb istifadə etmirlər, çünki qanunla qadağan olduğunu bilirlər”. 
Deputat qeyd edib ki, bəzi halalrda dövlətə bağlı şirkətlərin əməkdaşları və ya müəyyən vəzifəli şəxslər avtomobillərinə sayrışan işıqlar quraşdırırlar. 


“Bu isə qanunla ziddiyyət təşkil edir və yolverilməzdir. Belə avadanlıqlar yalnız xüsusi operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulub və bu da qanunla açıq şəkildə göstərilib. Mən hesab edirəm ki, bu tip məhsulların satışına qadağa qoyulması düzgün yanaşma olmaz. Çünki problem satışda deyil, onun qanunsuz istifadəsindədir. Mən də bəzən yollarda bu tip işıq qurğularından istifadə edən şəxslərə rast gəlirəm və bu mənə xoş təsir bağışlamır. Lakin düşünürəm ki, bu hallar kütləvi deyil və hələlik əlavə məhdudiyyət və ya xüsusi təklifə ehtiyac yoxdur. Mövcud qanunların tətbiqi və nəzarəti kifayət qədər effektiv olarsa, problem özü-özlüyündə aradan qalxacaq”.


Fidan

Seçilən
6
avtosfer.az

1Mənbələr