AZ

Media maskası altında casusluq

Rusiya informasiya resurslarından geosiyasi təsir aləti kimi istifadə edir

"Sputnik" agentliyinin törəmə müəssisəsi olan "Sputnik Azərbaycan"ın ölkəmizdə fəaliyyət göstərməsi üçün heç bir hüquqi və mənəvi əsas, həmçinin zəmin yoxdur, olmayıb, olması da mümkün deyil. Casusluq fəaliyyəti ilə yanaşı, ölkəmizin ictimai rəyinə ideoloji zəhər püskürən resursların Azərbaycan ərazisində yayımının dayandırılması tamamilə qanunauyğundur". 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, XXI əsrdə savaşlar yalnız səngərlərdə və sərhədlərdə baş vermir. Müasir dünyanın ən kəskin və səssiz silahı informasiya və kommunikasiya vasitələridir. Rusiya Federasiyasının "media agentlikləri" adı altında qurduğu qlobal şəbəkə bu baxımdan xüsusi yer tutur. RT və "Sputnik" kimi qurumlar informasiya mübadiləsi görüntüsü altında, əslində, siyasi və kəşfiyyat hədəflərinə xidmət edirlər. Bu agentliklər yalnız xəbərləri manipulyasiya etməklə kifayətlənmir, onlar əksər hallarda FTB və MKİ-nin informasiya casusluğu üçün hazırladığı platformalardır. "Azərbaycan da uzun illər bu hibrid təhlükənin "sakit hədəfi" olub. Lakin 2025-ci ilin iyununda Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində "Sputnik Azərbaycan"ın ofisində çalışan bəzi şəxslərin, əslində, Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etdiyi aşkarlanaraq ifşa və həbs olunması, bu təhlükəyə qarşı prinsipial mövqe sərgilədiyimizi göstərir. "Sputnik Azərbaycan" agentliyində çalışan bəzi əsas əməkdaşlar, xüsusilə redaksiya rəhbərliyini həyata keçirənlər və analitik qrupun işini yönəldənlər Rusiya vətəndaşlığına malik və ya orada xüsusi təlim keçmiş şəxslər olub. Onların fəaliyyəti Azərbaycanın daxili siyasi prosesləri haqqında strateji məlumatların toplanması, cəmiyyətin müəyyən təbəqələrində etimadsızlıq yaratmaq üçün informasiya yayılması, təsir qruplarının təşviqi və ictimai rəyə təsir imkanlarının formalaşdırılması və digər bu kimi istiqamətlərdən ibarət olub", - deyə deputat bildirib. 

E.Mirzəbəyli qeyd edib ki, Azərbaycandan başqa, Litva, Latviya, Estoniya, Çexiya da "Sputnik" və RT-nin fəaliyyətini casusluq və dezinformasiya riski kimi dəyərləndirərək ölkələrində yayımlanmasına qadağa qoyub və milli təhlükəsizlik üçün təhdid elan edərək lisenziyalarını ləğv ediblər. Almaniyada 2022-ci ildə RT DE-nin fəaliyyəti dayandırılıb. Fransa və Polşada bu təsisatların bəzi əməkdaşları ölkədən deportasiya olunub. ABŞ-də RT və "Sputnik" 2017-ci ildən "xarici agent" kimi tanınıb və onlara münasibətdə FARA qanunu tətbiq edilib. 

Deputat vurğulayıb ki, Azərbaycanın atdığı addım həm hüquqi, həm də siyasi baxımdan beynəlxalq hüquq normalarına uyğundur və ölkənin informasiya suverenliyini qorumaq məqsədi daşıyır: "Şübhəsiz ki, mətbuat azadlığı demokratik cəmiyyətin əsas sütunlarından biridir. Lakin bu azadlıq kəşfiyyat fəaliyyətinə, dövlətə qarşı təxribatlara və casus şəbəkələrinin informasiya örtüyü ilə hərəkətinə çevriləndə hüquqi və milli təhlükəsizlik tədbirlərinin görülməsi zərurətə çevrilir. "Sputnik Azərbaycan" məsələsində də biz klassik "media maskası altında casusluq" modelinin real nümunəsini gördük. Azərbaycan dövləti bu məsələyə zamanında və prinsipial şəkildə reaksiya verərək yalnız öz informasiya məkanını qorumadı, eyni zamanda bölgədə analoji proseslər üçün nümunəvi presedent yaratdı. Bugünkü reallıq göstərir ki, informasiya təhlükəsizliyi dövlət suverenliyinin ayrılmaz tərkib hissəsidir".

Onun sözlərinə görə, "Sputnik Azərbaycan"ın fəaliyyətinin dayandırılması və burada FTB ilə əlaqəli şəxslərin ifşası Rusiya Federasiyasının informasiya resurslarından təkcə media vasitəsi kimi deyil, həm də casusluq və geosiyasi təsir aləti kimi istifadə etdiyini bir daha sübut edir. Azərbaycana qarşı hücumlar isə açıq revanşist xarakter daşıyır və əsasən cəza, qorxutma və nüfuz itkisinin kompensasiya olunmasına yönəlib. "Hazırda Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi informasiya hücumu yalnız media vasitəsilə aparılmır. Sosial şəbəkələrdə təşkil olunan bot və troll şəbəkələri, təxribatçı yazılar, regional gərginlikləri süni şəkildə qızışdırmağa çalışan analitik süjetlər bu prosesin açıq təzahürləridir. Rusiya mediası öz "media" kimliyini çoxdan itirib və müasir hibrid savaşın psixoloji əməliyyatlar aparan bir parçasına çevrilib. Kiselyovun informasiya doktrinası "media maskası ilə geopolitik döyüş" prinsipinə əsaslanır. Azərbaycanın atdığı qanuni və legitim addımlar isə bu maskanı cırıb atıb", - deyə o bildirib.

Deputat söyləyib ki, informasiya savaşı klassik müharibə qədər dağıdıcı və nəticələri uzunmüddətli olan mübarizə formasıdır. Bu mübarizədə mətbuat azadlığı ilə casusluq və təxribat fəaliyyəti arasındakı fərqi düzgün müəyyənləşdirmək və hüquqi əsasda adekvat cavab vermək isə dövlətin suverenliyinin ayrılmaz hissəsidir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr