AZ

"İnşası 5 ilə nəzərdə tutulan Sərsəng su anbarı Ulu Öndərin səyi sayəsində bir ilə istifadəyə verildi"

"Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ümummilli Lider deyirdi: "Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər  insanların  yaşadığı bir diyardır".

Bu sözləri Tərtər RİH-in başçısı Müstəqim Məmmədov "Konstitusiya və Suverenlik İli" çərçivəsində rayonda "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyuldugu gün" mövzusunda keçirilən tədbirdə deyib. Bildirib ki, bu il müstəqil Azərbaycan Konstitusiyasının  qəbul edilməsindən 30, Vətən müharibəsində qazanılan Zəfərdən 5 il keçir: "Artıq doğma Vətənimiz azad və suverendir. Müstəqil Azərbaycanın tərəqqisi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu mənada Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbər seçildiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində  misilsiz rol oynayır. Həmin gün Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir". 

Natiq daha sonra qeyd edib ki, o illər Azərbaycan iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi, sənaye və kənd təsərrüfatı sahələri günün tələblərinə cavab vermirdi. SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, respublikada işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu: "Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye respublikasına, elmi-texniki tərəqqinin geniş tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi. Gələcək müstəqilliyə hesablanan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verildi, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olundu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı gənc təhsil almağa göndərildi. Ulu Öndər respublikamıza ilk dəfə rəhbərlik etdiyi dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail oldu. O dövr bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. Bütün bunlar Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi".

Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra Tərtərin sosial-iqtisadi həyatında baş verən böyük dəyişikliklərdən danışan M.Məmmədov bildirdi ki, həmin illər rayon güclü aqrar sektora malik olan, sənayesini dirçəldən bir regiona çevrildi: "Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət qəsəbə salındı, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikildi, əhalinin evə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verildi. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan Elektromexanika, 500-ə yaxın işçinin çalışdığı Pambıqtəmizləmə, 300 nəfərin işlə təmin edildiyi Şirə, Süd emalı, Yol tikinti materialları zavodları açıldı. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib. Sərsəng su anbarının tikintisi ilə maraqlanıb və onun səyi nəticəsində inşası 5 ilə nəzərdə tutulmuş layihə cəmi bir il ərzində icra olunub".

Natiq Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra gördüyü işlərdən də danışıb. Vurğulayıb ki, Ümummilli Lider gənc müstəqil dövləti  xaos və qarşıdurmadan, parçalanmaq təhlükəsindən xilas etdi, xalqın səsini bütün dünyaya çatdırdı, təbii sərvətlərimizdən səmərəli istifadə edilməsinə, "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu və qeyd etdi ki, bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır: "Həmin nailiyyətlərin ən müqəddəsi isə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, bu gün Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, yenidən qurulması və Böyük qayıdışdır". 

Lazım QULİYEV,

"Azərbaycan"

Seçilən
8
azerbaijan-news.az

1Mənbələr