AZ

Azərbaycanlılar Rusiyadan pul göndərə bilməyəcəklər?

Rusiyada miqrantlara rəsmi maaşlarını aşan məbləğdə xaricə köçürmələrinin qadağan olunması təklif edilib. 

Köçürülən məbləğ maaşı keçərsə, gəlir mənbəyini təsdiqləyən bəyannamə təqdim olunmalıdır. Bu təklifi Rusiya Mərkəzi Bankına deputatlar Aleksey Neçayev, Sardana Aksentyeva və Vladimir Plyakin göndəriblər. 

Onların sözlərinə görə, bu addım maliyyə əməliyyatlarında şəffaflığı və vergi daxilolmalarını artırmaq, kölgə iqtisadiyyatı ilə mübarizə aparmaq və iqtisadi təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. 

Qeyd edək ki, hazırda Rusiyada qeyri-rəsmi məlumatlara görə, 3 milyona yaxın azərbaycanlı yaşayır. Onların sadəcə bir qismi vətəndaşlıq alıb. Müxtəlif sahələrdə çalışan soydaşlarımız Azərbaycanda yaşayan ailəsini, qohumlarını davamlı olaraq maliyyə vəsaiti ilə təmin edirlər. Rusiyada miqrantlarla bağlı yeni qayda tətbiq ediləcəyi təqdirdə azərbaycalılar növbəti problemlə üzləşəcəklərmi? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu qanun layihəsi yalnız Azərbaycanla bağlı deyil: 

“Onsuz da son 2-3 ildir ki, miqrantlara qarşı “səlib yürüşü” başlayıb. İstənilən halda qanunlar sərtləşdirilir. Yaşamaq, oturum almaq, işləmək üçün qanunlar kifayət qədər sərtləşdirilir. Bunun da səbəbi ondan ibarətdir ki, ölkədə olan vəziyyəti kiminsə üzərinə yıxmaq lazımdır. 

Burada miqrantlar bir hədəf kimi seçilir. Ona görə də çox təəssüf ki, yaxın vaxtlarda miqrantlarla bağlı qanunvericiliyin daha da sərtləşməsini görə bilərik. Formal olaraq orada yaşayan miqrantlar, eləcə də azərbaycanlılar üçün pul köçürmələri ilə bağlı ciddi problem yarana bilər. Rəsmi gəlir deklarasiyası çox insanlarda, xüsusilə də ticarətlə məşğul olanlarda yoxdur. Çünki orada bütün ticarət rəsmi qaydada aparılmır”. 

Ekspert deyib ki, ancaq bu problemi müxtəlif yollarla aşmaq mümkündür:

“Rusiya özündən qaydalar icad edərək oradakı miqrantların qəzəbinə, narazılığına səbəb olur. Əslində Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan, yəni Rusiya ilə Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatında yer alan ölkələr üzərindən daha rahat şəkildə köçürmək mümkün olacaq. 

Azərbaycanlılar onun yollarını tapacaq. Sadəcə Rusiyanın bu addımları miqrantların özlərinə qarşı yönəldiyindən, miqrantlarla bağlı siyasətin getdikcə sərtləşməsindən xəbər verir. Bütün postsovet ölkələri, o cümlədən Azərbaycan hökuməti də miqrantlarla bağlı yeni yol xəritələri hazırlamalıdırlar. 

Əgər gələcəkdə problem dərinləşəcəksə, Azərbaycana geri dönmək istəyən soydaşlarımızın qəbul olunması, yerləşdirilməsi, işlə təmini, biznes qurmaq üçün şəraitinin yaxşılaşdırılması ilə bağlı bir yol xəritəsi indidən hazırlanmalıdır”. 

phrase_var_article.chosen
90
cebheinfo.az

1phrase_var_article.sources