AZ

"Putin Amerikadan qorxur, Tramp isə artıq bu reallığı dərk edib" - Zelenski

"Putin qorxudur, təzyiq göstərir, eskalasiyaya yaxınlaşır, amma sona qədər getmir..."

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın varlığından ciddi şəkildə ehtiyat edir və bu, Kiyevdə baş verənlərdə açıq şəkildə hiss olunur.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Newsmax" telekanalına verdiyi geniş müsahibədə bəyan edib.

Zelenski bildirib ki, ABŞ-ın xüsusi nümayəndəsi, general Kito Kelloqun Kiyevə səfəri zamanı üst-üstə iki gecə şəhərə raket zərbələri endirilməyib. "İnsanlar artıq zarafatla deyirlər ki, Kelloqa Ukrayna pasportu verək, qoy burda qalsın. Çünki amerikalılar gələndə Putin bombalamır", - o, qeyd edib. Zelenski bu faktın birbaşa nəticə çıxarmağa əsas verdiyini vurğulayıb: "Putin qorxudur, təzyiq göstərir, eskalasiyaya yaxınlaşır, amma sona qədər getmir. Bu isə o deməkdir ki, Putin Amerikadan qorxur. Mən bunu dəfələrlə demişəm. ABŞ prezidentinə də demişəm. Mən buna əminəm".

"İnanmaq yox, görmək.."

Prezident Zelenskiyə görə, Donald Tramp artıq başa düşür ki, Putin ona yalan danışır. "Ən vacibi odur ki, Tramp bunu kənardan eşitməyib, özü görüb", - Zelenski bildirib. Onun sözlərinə görə, Tramp anlayıb ki, Putin bir söz deyir, sonra isə bombardmanlara davam edir. Bu isə o deməkdir ki, Kreml sülh istəmir. "Putin sadəcə hərbi qüvvəsini qurban verir və ABŞ da artıq anlayır ki, Ukraynanın məğlub olması ABŞ üçün qəbuledilməzdir", - Zelenski əlavə edib.

Ukraynanın dron sənayesi və qarşılıqlı maraqlar

Zelenski ABŞ ilə yeni bir əməkdaşlıq istiqamətinə - Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının ABŞ tərəfindən alınması məsələsinə də toxunub. Eyni zamanda, Kiyev Amerikanın ən müasir hava hücumundan müdafiə sistemlərini almağa maraqlıdır. Bu qarşılıqlı əməkdaşlıq həm texnologiya, həm də təhlükəsizlik baxımından faydalı hesab edilir. "Trampa dedim ki, sizdə olan bəzi silahları almaq istəyirik. O isə dedi ki, Amerika bizim dronları almaq istəyir. Bu, hər iki tərəf üçün faydalı ola bilər. Əsas odur ki, Amerika bizə səmanı qorumaqda kömək etsin", -  Zelenski vurğulayıb.

Sanksiyalar və "Patriot"lar

Zelenski həmçinin Donald Trampın Putinə verdiyi 50 günlük "sülh möhləti"nə də toxunub. Onun sözlərinə görə, Tramp Rusiyanın bu müddət ərzində müharibəni dayandırmaması halında enerji və maliyyə sektorlarını hədəfləyən çox ciddi sanksiyalar tətbiq etməyə hazırdır. Eyni zamanda, ABŞ-ın Ukraynaya "Patriot" sistemləri daxil olmaqla, güclü hərbi dəstək paketi göndərməsi gözlənilir. Zelenski Trampın bu ssenarini həyata keçirəcəyinə ümid etdiyini bildirib və qeyd edib ki, bu addımlar Ukraynanı, eləcə də Avropanı qorumağa yönəlib. "Bax, fərq də budur," - o, Bayden və Trampın yanaşmalarını müqayisə edərkən bildirib.

Putin təcrid olunur, Tramp yeni kurs sərgiləyir

Zelenskinin çıxışı göstərir ki, Vaşinqtonun siyasəti Kremlə təsir etməyə başlayıb. Təsadüfi deyil ki, Trampın ultimatumundan sonra Rusiya birdən-birə danışıqlardan danışmağa başlayıb. Tramp artıq Putinə inanmır və bu dəyişiklik Ukraynaya istər müdafiə texnologiyaları baxımından, istərsə də beynəlxalq təzyiqlər kontekstində yeni ümidlər verir. Putin üçün geriyə dönüş imkanları daralır, Tramp isə getdikcə daha qətiyyətli mövqe sərgiləyir. Zelenski isə bu yeni reallığı öz xalqının xeyrinə dəyərləndirməyə çalışır.

Seçilən
132
50
moderator.az

10Mənbələr