Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfrans işini panel sessiyalarla davam etdirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən I panel sessiyası “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” mövzusuna həsr olunub.
Paneldə çıxış edən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Rafiq Həşimov milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin qorunması, İslam həmrəyliyinin təbliği barədə fikirlərini bölüşüb. Eyni zamanda müasir informasiya mühitində dini dəyərlərin düzgün təqdim olunmasının və dini etiqad azadlığının qorunmasının vacibliyini vurğulayıb.
“Trend” İnformasiya Agentliyinin direktor müavini Elçin Alıoğlu informasiya texnologiyalarının sürətli inkişafının “din-media münasibətləri”ni tamamilə yeni mərhələyə çıxardığını və bir sıra strateji hədəf və çağırışlar doğurduğunu qeyd edib. Statistik rəqəmləri diqqətə çatdıran E.Alıoğlu bildirib ki, dinlə bağlı kontent artıq informasiyanın passiv ötürülməsi deyil, aktiv və interaktiv paylaşım obyektinə çevrilib. Bu isə dini liderlər, din xadimləri və dini təşkilatların informasiya mühitində strateji iştirakını zəruri edir. Azərbaycan unikal multikultural və tolerant dini mühitə malik ölkədir. Lakin bu modelin qorunub saxlanılması və möhkəmləndirilməsi media və informasiya sahəsində doğru balanslaşdırılmış yanaşma tələb edir. O, həmçinin din-media münasibətlərinin inkişafı üçün bir sıra təkliflərini səsləndirib.
“Report İnformasiya Agentliyi” MMC-nin direktoru, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev dini mövzuları işıqlandıran jurnalistlərin ixtisaslaşmasının önəminə toxunub. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyət göstərməsi bu sahədə təriqətçilikdən uzaq, peşəkar mütəxəssislərin hazırlanmasına imkan verir. Eyni zamanda institutda jurnalistlər üçün də müəyyən kursların, təlimlərin təşkili arzuolunandır. F.Hüseynəliyev, eyni zamanda vurğulayıb ki, ölkənin müxtəlif təbəqələrində, xüsusilə gənclər arasında dini savadlılığın artırılması ilə yanaşı, bu sahədə bloger və inflüenserlərin yetişdirilməsi də informasiya məkanının zərərli təsirlərdən qorunması baxımından faydalı ola bilər.
Şair, yazıçı Şəhriyar Del Gerani çıxışında “Azərbaycan qəzeti”nin yarandığı dövrdə oxucularına xitab etdiyi din və cəmiyyət münasibətlərinə çağdaş elmi-publisistik nöqteyi nəzərindən yanaşıb. Həmçinin milli İslam konsepsiyasının yaradılması barədə fikirlərini səsləndirən yazıçı “Dəyişən dünyada media-ədəbiyyat və dini postulatlar kontekstində” mövzusuna da toxunub.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə "Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı" mövzusunda keçirilən ikinci paneldə çıxış edən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ayaz Mirzəyev qeyd edib ki, dini etiqad və söz azadlığı insan hüquqları sistemində bir-birini tamamlayan əsas dəyərlərdir. O vurğulayıb ki, bu iki azadlıq insanın kimliyini və cəmiyyətlə münasibətini formalaşdırır. Azərbaycan Konstitusiyası və beynəlxalq sənədlər bu hüquqları açıq şəkildə qoruyur. Ölkəmizdə çoxkonfessiyalı mühitdə dini tolerantlıq uğurla təmin olunur, dövlət isə bu istiqamətdə davamlı dəstək göstərir. A.Mirzəyev əlavə edib ki, söz azadlığına məsuliyyətlə yanaşılmalı, nifrət nitqi və radikal çağırışlara qarşı həssaslıq göstərilməlidir. Vicdan və ifadə azadlığının qorunması həm dövlətin, həm də cəmiyyətin ortaq məsuliyyətidir.
"APA Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı isə bildirib ki, dini etiqadın sərbəst ifadəsi və söz azadlığı bir-birini tamamlayan fundamental dəyərlərdir və media bu dəyərlərin qorunmasında mühüm vasitədir. O qeyd edib ki, Azərbaycan dövləti dini azadlıqları təmin edir, lakin dinin siyasi təbliğat alətinə çevrilməsinə qarşı qətiyyətli mövqe nümayiş etdirir. Bu istiqamətdə mətbuatın üzərinə düşən vəzifələrin önəmindən də bəhs edən V.Mahirqızı vurğulayıb ki, media cəmiyyətdə dini dözümlülüyün, qarşılıqlı hörmətin və sağlam müzakirə mühitinin formalaşmasına xidmət etməlidir. O, həmçinin əlavə edib ki, söz azadlığı təkcə fikri ifadə etmək deyil, eyni zamanda yanlış dini təsəvvürləri tənqid etmək, mövhumatla mübarizə aparmaq hüququdur. Amma bu azadlığın nifrət nitqinə və dini zəmində qarşıdurmaya çevrilməsinə media heç vaxt imkan verməməlidir. Bunun əvəzinə dialoqu təşviq edən, maarifləndirici və məsuliyyətli jurnalistikaya üstünlük verilməlidir.
"Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidentinin müşaviri, Əməkdar jurnalist Etibar Babayev müstəqillik dövründə dini sahəyə göstərilən diqqət və qayğının əhəmiyyətinə diqqət çəkib. E.Babayev, eyni zamanda dini maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə danışıb. Qeyd edib ki, dini əxlaqın təşviqi ilə yanaşı, xurafat və yanlış inanclara qarşı mübarizə də vacibdir. Din haqqında danışanların bir çoxu bu sahə üzrə ixtisaslaşmamış şəxslərdir və bu, yanlış təsəvvürlərin yayılmasına səbəb olur. O, Dövlət Komitəsi və BAKU Tv-nin birgə layihəsi olan “Amin” proqramının bu sahədə fərqlənən örnək layihələrdən olduğunu deyib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Amin” proqramının aparıcısı, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötgün “Özünüifadə özünüdərk üsulu kimi” mövzusunda fikirlərini bölüşüb. Bildirib ki, insanın həyatda ən böyük nailiyyəti özünüdərklə bağlıdır və burada özünüifadənin mühüm yeri vardır.
Çıxışlardan sonra interaktiv müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbirdə iştirak edən dövlət qurumlarının rəsmilərinə və media nümayəndələrinə minnətdarlığını bildirib.
Sonda media nümayəndələrinə dövlət-din münasibətlərinin işıqlandırılmasında peşəkar yanaşma və səmərəli əməkdaşlığa görə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, konfrans çərçivəsində iyulun 16-da iştirakçılar üçün Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta