Azadmedia.az-a müraciət: Təhsil Nazirliyi isə konkret cavab vermir
Azərbaycanda fransız dili fənninin ümumi təhsil məktəblərində getdikcə azaldılması bu fənni tədris edən müəllimlərin ciddi narahatlığına səbəb olub. Azadmedia.az-a müraciət edən bir qrup fransız dili müəllimi bildirir ki, artıq beş ildir dərs saatları sistematik şəkildə azaldılır və bu gedişlə yaxın 1-2 il ərzində bir çox müəllim işsiz qalmaq təhlükəsi ilə üz-üzədir.
Müəllimlər bu problemə laqeyd yanaşıldığını qeyd edərək bildirirlər ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, eləcə də nazirliyin müxtəlif struktur rəhbərlərinə dəfələrlə müraciət olunub. Hətta nazirin özünə 105 müəllimin imzası ilə birgə müraciət təqdim edilib. Amma cavab yalnız bir dəfə verilib və o da belə olub: “Müraciət aidiyyəti üzrə baxılması üçün göndərilib”.
“Bizə konkret bir cavab verilmir. Heç olmasa desinlər ki, axırımız nə olacaq, bizim haqqımızda nə düşünürlər? Bu qədər müəllim işsiz qalacaqsa, alternativ yol varmı? İxtisas dəyişikliyi, yenidən ixtisaslaşdırma və ya başqa tədbir nəzərdə tutulubmu?” – deyə narahat müəllimlər bildirir.
Müəllimlərin narahatlığına cavab olaraq Elm və Təhsil Nazirliyi Azadmedia.az-ın sorğusuna cavabında bildirir ki, fransız dili fənni tamamilə ləğv olunmayıb və hazırda ölkədə ümumi təhsil müəssisələrində xarici dil və ikinci xarici dil kimi bir neçə dil, o cümlədən fransız dili də tədris olunmaqda davam edir.
Nazirlik xatırladır ki, 29 sentyabr 2020-ci il tarixli Nazirlər Kabinetinin 361 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, xarici dil I sinifdən, ikinci xarici dil isə V sinifdən başlayaraq tədris olunur. Hansı xarici dilin seçilməsi isə məktəbdəki müəllim potensialı və valideynin seçimi əsasında müəyyən edilir.
Eyni zamanda qeyd olunur ki, V-VIII siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatların müəyyən hissəsi də xarici dillərə ayrılıb və bu da xarici dil tədrisinə önəm verildiyini göstərir.
Amma reallıqda fransız dili müəllimləri bu rəsmi yanaşmanın praktikada öz əksini tapmadığını vurğulayır. Onların sözlərinə görə, ingilis dilinə yönəlik prioritet siyasət fonunda fransız dilinə maraq azalır, məktəblər valideynlərin tələbi olmadan bu dili proqramdan çıxarır, nəticədə fransız dili müəllimləri dərs saatlarını itirir və peşə fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər.
Hazırda Azərbaycanda 350-dən çox fransız dili müəllimi var. Onların əksəriyyəti vəziyyətin belə davam edəcəyi təqdirdə yaxın gələcəkdə ixtisaslarını itirə biləcəklərini düşünür. Bu isə təkcə fərdi karyeraların deyil, eyni zamanda ölkədə fransız dilinin tədrisi və bu sahədə pedaqoji bazanın zəifləməsi demək olacaq.
Fransız dili müəllimləri konkret cavab və real həll yolu gözləyir. Təhsil Nazirliyi isə problemin mövcudluğunu rəsmən qəbul etməsə də, valideyn seçimi və məktəbin kadr potensialının kifayət qədər olduğunu bildirir.