AZ

Slovakiyada dabaq xəstəliyi epidemiyası qeydə alınıb

Budapeşt, 17 iyul, AZƏRTAC

Slovakiyada dabaq xəstəliyi epidemiyası qeydə alınıb ki, bu da fermerlərin və ölkə hakimiyyətinin ciddi narahatlığına səbəb olub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ilk yoluxma halları ölkənin qərbində, Trnava vilayətindəki fermalarda aşkar edilib. Baytarlıq xidmətləri artıq mal-qara və donuzlarda virusun olduğunu təsdiqləyib.

Hazırda bir neçə yoluxma ocağı müəyyən edilib, bununla əlaqədar hökumət təsirlənmiş rayonlarda karantin tədbirləri tətbiq edib. Bu zonalardan heyvanların və heyvandarlıq məhsullarının daşınması müvəqqəti qadağandır. Baytarlar xəstəliyin Çexiya, Macarıstan və Avstriya kimi qonşu ölkələrə yayılmasının qarşısını almaq üçün mal-qaranın kütləvi peyvəndlənməsi və sərhəd nəzarətini gücləndirir.

Dabaq xəstəliyi iribuynuzlu mal-qara, donuz və digər dırnaqlı heyvanlara təsir edən kəskin virus xəstəliyidir. Xəstəlik insanlar üçün təhlükəli olmasa da, kənd təsərrüfatına ciddi iqtisadi ziyan vurur. Fermerlər yoluxmuş heyvanların mümkün kəsilməsi və ixrac məhdudiyyətləri səbəbindən itkilərdən qorxurlar.

Avropa Komissiyası Slovakiyaya lazımi yardım göstərməyə hazır olduğunu bildirib. Mütəxəssislər əhalini baytarlıq qaydalarına əməl etməyə, təşvişə düşməməyə çağırır. Rəsmilər əmin edirlər ki, hazırda vəziyyət nəzarət altındadır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

phrase_var_article.chosen
104
azertag.az

1phrase_var_article.sources