Ərzaq təhlükəsizliyi və böhranların idarə olunması üzrə auditlərin effektivliyini artırmaq üçün standartlaşdırılmış audit qaydaları hazırlanmalıdır.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) 62-ci toplantısında qurumun “Böhranların İdarə Edilməsi üzrə Audit İşçi Qrupu”nun (Working Group on Crisis Management Audit - WGCMA) sədr müavini Lee Mee Hyon bildirib.
Onun sözlərinə görə, böyük verilənlərin təhlili (big data analytics) və real vaxt izləmə texnologiyalarından istifadə etməklə audit proseslərinin dəqiqliyi və sürəti daha da artırılmalıdır: "Kənd təsərrüfatı, ictimai sağlamlıq və iqlim elmi kimi sahələr üzrə ekspertlərlə əməkdaşlığın gücləndirilməsi, auditlərin aktuallığını və təsirini artırmaq məqsədi daşıyır".
O, Ali Audit Qurumlarının (AAQ) nümayəndələrinin fəal marağına və iştirakına görə təşəkkür edib: "Sizin fəallığınız İşçi Qrupa güc və canlılıq verir. 2025–2027-ci illər üzrə iş planımızla bağlı görülən işlər barədə məlumat vermək istərdim. Ötən il keçirilmiş ASOSAI-nin Ümumi Assambleyasından sonra Cənubi Koreyanın Ali Audit və Təftiş İdarəsi (Board of Audit and Inspection of Korea - BAI) WGCMA-nin sədri qismində üzv AAQ-lərin rəyini nəzərə alaraq yeni iş planı hazırlamağa başlayıb. Yeni iş planı 2 əsas istiqamətə fokuslanır. 1-ci istiqamət AAQ-lar arasında əməkdaşlığın gücləndirilməsidir. Bu məqsədlə müntəzəm onlayn və oflayn görüşlər, seminarlar, birgə auditlər təşkil edilməsi, həmçinin beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə fəal iştirak nəzərdə tutulur. 2-ci istiqamət ortaq resursların inkişaf etdirilməsidir. Bu çərçivədə vebsaytın bilik mübadiləsi platforması kimi istifadəsi, bülleten və informasiya sənədlərinin (white papers) nəşri, eyni zamanda böhranların idarə olunması sahəsində beynəlxalq audit standartlar formalaşdırılması planlaşdırılır. İş planının ilkin layihəsi bu ilin martnda yekunlaşdırılıb. WGCMA hazırda kənd təsərrüfatında fövqəladə hallara hazırlıq və cavab tədbirləri mövzusunda birgə tədqiqat aparır. Bu layihədə 8 ölkə iştirak edirlər. Bunlar Azərbaycan, İndoneziya, Koreya, Myanma, Nepal, Pakistan, Rusiya və Tailanddır".