Almaniya Aİ-nin 2028–2034-cü illər üzrə 2 trilyon avroluq büdcə planını “qəbuledilməz” adlandırdı.
Turkustan.az xəbər verir ki, Almaniya hökuməti Avropa İttifaqı (Aİ) Komissiyasının 2028–2034-cü illəri əhatə edən büdcəni 2 trilyon avroya çatdırmaq təklifinə sərt reaksiya verib.
Hökumət sözçüsü Stefan Korneliusun imzası ilə yayımlanan yazılı bəyanatda Berlin rəhbərliyi Aİ Komissiyasının planlarını tənqid edərək, Komissiya sədri Ursula fon der Leyenin təklif etdiyi təxminən 700 milyard avroluq əlavə artımı "qəbuledilməz" adlandırıb.
“Bütün üzv dövlətlərin öz milli büdcələrini konsolidasiya etməyə çalışdığı bir vaxtda Aİ büdcəsində bu həcmdə artım məqbul deyil. Ona görə də Komissiyanın bu təklifini qəbul edə bilmərik”, – deyə bəyanatda vurğulanıb.
Almaniya hökuməti, eyni zamanda, Aİ Komissiyasının təklif etdiyi əlavə korporativ vergi təşəbbüsünü də dəstəkləmədiyini bildirib.
Bununla belə, bəyanatda Komissiyanın islahatlara yanaşması və büdcənin yeni prioritetlərə uyğunlaşdırılması “doğru yol” kimi dəyərləndirilib:
“Bu, Avropanı gələcəyə hazırlayacaq doğru yoldur. Biz rəqabət gücümüzü artırmalı və müdafiəyə hazır olmalıyıq.”
Xatırladaq ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen dünən Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin 2028–2034-cü illər üçün Çoxillik Maliyyə Çərçivəsi (MFF) təklifini təqdim edib.
Fon der Leyen qeyd edib ki, Avropanın məqsədlərinə çatması və qarşıdakı çağırışlarla mübarizə aparması üçün kifayət qədər böyük büdcəyə ehtiyac var:
“Aİ Komissiyası 2028–2034-cü illər üçün 2 trilyon avroluq büdcə planı hazırlayıb. Bu, Avropanın ambisiyalarına cavab verən, qarşıdakı çağırışlara cavab tapa bilən və İttifaqın müstəqilliyini gücləndirən ‘yeni dövrün büdcəsidir’.”
Qeyd edək ki, Aİ-nin uzunmüddətli büdcəsinin qəbul edilməsi üçün Avropa Parlamentinin təsdiqi və Aİ Şurasında bütün üzv dövlətlərin yekdil razılığı tələb olunur.
Aytən Yaşar/ Turkustan.az