AZ

ASOSAI-nın rəsmisi: Kənd təsərrüfatında fövqəladə hallara hazırlığa və cavab tədbirlərinə dair birgə tədqiqat aparılır

Bakı, 17 iyul, AZƏRTAC

Ərzaq təhlükəsizliyi və böhranların idarəolunması üzrə auditlərin effektivliyini artırmaq üçün standartlaşdırılmış audit qaydaları hazırlanmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) 62-ci toplantısında qurumun Böhranların İdarə Edilməsi üzrə Audit İşçi qrupunun sədr müavini Lee Mee Hyon deyib.

O bildirib ki, mövcud imkanlardan istifadə etməklə audit proseslərinin dəqiqliyini və sürətini daha da artırmaq vacibdir. Kənd təsərrüfatı, ictimai sağlamlıq və iqlim elmi kimi sahələr üzrə ekspertlərlə əməkdaşlığın gücləndirilməsi auditlərin aktuallığını və təsirini artırmaq məqsədi daşıyır.

Lee Mee Hyon 2025-2027-ci illər üzrə hazırlanmış İş planına dair görülən tədbirlər barədə məlumat verib. “Ötən il keçirilmiş ASOSAI-nin Ümumi Assambleyasından sonra Koreya Respublikasının Ali Audit və Təftiş İdarəsi Böhranların İdarə Edilməsi üzrə Audit İşçi qrupunun sədri qismində üzv ali audit orqanlarının dəyərli rəylərini nəzərə alaraq yeni İş planının hazırlanmasına başlayıb. Bu plan iki əsas istiqaməti əhatə edir. Birinci istiqamət üzv ali audit orqanları arasında əməkdaşlığın gücləndirilməsidir. Bu məqsədlə müntəzəm onlayn və oflayn görüşlərin, seminarların, birgə auditlərin təşkili, həmçinin beynəlxalq təşkilatlar tərəfindən keçirilən tədbirlərdə fəal iştirak nəzərdə tutulur. İkinci istiqamət ortaq resursların inkişaf etdirilməsidir. Həmin çərçivədə vebsaytın bilik mübadiləsi platforması kimi istifadəsi, bülleten və informasiya sənədlərinin nəşri, eyni zamanda, böhranların idarəolunması sahəsində beynəlxalq audit standartlarının formalaşdırılması planlaşdırılır. İş planının ilkin layihəsi bu ilin mart ayında yekunlaşdırılıb. Hazırda Böhranların İdarə Edilməsi üzrə Audit İşçi qrupu “Kənd təsərrüfatında fövqəladə hallara hazırlıq və cavab tədbirləri” mövzusunda birgə tədqiqat aparır. Həmin layihədə səkkiz ölkənin - Azərbaycan, İndoneziya, Koreya, Myanma, Nepal, Pakistan, Rusiya və Tailandın ali audit qurumları iştirak edir”, - deyə o diqqətə çatdırıb.

 

phrase_var_article.chosen
92
azertag.az

1phrase_var_article.sources