AZ

Tez-tez soyuqdəymənin bilinməyən səbəbi məlum oldu

Terapevt Əmir Xanın sözlərinə görə, tez-tez soyuqdəymə, immun sisteminin zəifləməsinə səbəb olan xroniki stresslə əlaqəli ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis "Daily Mirror" nəşrinə açıqlamasında bildirib ki, stress hər zaman zərərli olmasa da, onun uzunmüddətli və davamlı forması sağlamlıq üçün ciddi risklər yaradır.

Xroniki stress orqanizmdə bir çox sistemin fəaliyyətini poza bilər. Əmir Xan qeyd edib ki, belə hallarda bədənin müdafiə mexanizmləri zəifləyir, insanlar daha tez-tez soyuqdəyməyə tutulur və yaraların sağalması ləngiyir. Bununla yanaşı, yaddaş və öyrənmə qabiliyyəti ilə əlaqəli olan hipokampus bölgəsinin funksiyası da pozula bilər.

Həkimin sözlərinə görə, kortizol və adrenalin hormonlarının uzun müddət yüksək səviyyədə qalması ürək-damar sisteminə zərər vurur, qan damarlarını daraldır və ürəyin yükünü artırır. Bu da infarkt və yüksək təzyiq kimi riskləri artırır. Həmçinin, stress fonunda bağırsaq sistemi zəifləyir, qida maddələrinin mənimsənilməsi azalır, nəticədə şişkinlik, ürəkbulanma kimi problemlər yaranır.

Əmir Xan xroniki stressin təsirini azaltmaq üçün açıq havada vaxt keçirməyi, müntəzəm fiziki aktivliklə məşğul olmağı, kifayət qədər yuxu almağı, meditasiya və sosial ünsiyyətə diqqət göstərməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
13
e-saglam.az

1Mənbələr