Nigeriyanın “Sportinq Laqos” klubunun mərkəz yarımmüdafiəçisi Qavi Tompson bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub.
Qavi Tompson son olaraq ölkəsinin “Sportinq Laqos” klubunda forma geyinib. O, karyerası ərzində “Hegelman”, “Hapoel” (Afula), “Ştumbras” kimi klubların da uğurları üçün çalışıb. Nigeriyalı yarımmüdafiəçi bu komandaların heyətində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Qavi Nigeriyanın U-17 və U-20 millilərinin heyətində meydana çıxsa da, əsas millidə debüt şansı qazanmayıb.
“Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza və Kayl Spensi də heyətinə qatmışdı. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulov komandanı tərk ediblər. Kamran İbrahimov isə Yevlax klubu ilə yeni müqaviləyə imza atıb.