Somnoloq və endokrinoloq Darya Lebedeva keyfiyyətli yuxuya nail olmaq üçün “6T” adlandırılan sadə qaydalara riayət etməyin vacib olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, o, bu barədə “Gazeta.Ru”ya verdiyi müsahibədə danışıb.
Həkimin sözlərinə görə, “6T” aşağıdakı anlayışları əhatə edir: qaranlıq (темнота), səssizlik (тишина), temperatur (температура), toxunulan parçalar (ткани), tamlıq (тщательно) və texnologiya (технологии).
Lebedeva izah edib ki, qaranlıq mühit yuxu hormonu olan melatoninin ifrazını artırır, səssizlik isə qəfil oyanmaların qarşısını alır. O, ideal yuxu üçün yataq otağında temperaturun 18-20 dərəcə arasında olmasını tövsiyə edir.
Həkim əlavə edib ki, çoxları yataq dəstlərinin materialına əhəmiyyət vermir, lakin düzgün parça seçimi təkcə rahatlıq yox, həm də bədənin istilik tarazlığı üçün vacibdir. O, pambıq və kətan kimi təbii materiallara üstünlük verilməsini məsləhət görür.
Lebedevanın fikrincə, müasir texnologiyalar da yuxunun keyfiyyətini yaxşılaşdıra bilər. Məsələn, hava təmizləmə funksiyalı kondisionerlər mikroiqlimi tənzimləyir, ağıllı ev sistemləri və işıq siqnalları isə oyanmanı daha rahat və təbii edir.
Sonda həkim xəbərdarlıq edib ki, yuxu rejiminə yalnız ara-sıra riayət etmək kifayət deyil. Keyfiyyətli yuxu üçün bu qaydalara müntəzəm və davamlı şəkildə əməl etmək vacibdir.
Tərcümə: Könül Oruc
E-saglam.az