İsrail Suriyanın cənubunda yerləşən Süveyda şəhəri ətrafına hava hücumu təşkil edib.
"Cebheinfo.az" xəbər verir ki, Dürzi qrupları Suriyanın cənubundakı Süveyda şəhərində yenidən gərginliyi artırıblar.
Suriya hökumətinin təşəbbüsləri ilə əldə olunan atəşkəsə baxmayaraq, Dürzi qruplar Bədəvi tayfalarını hədəf alıblar.
Bədəvi ərəblər arasında ölən və yaralananlar olub. Dürzi qruplar bir çox ailəni evlərini tərk etməyə məcbur ediblər.
Artan gərginlik axşam saatlarında silahlı qarşıdurmaya çevrilib.
Silahlı Bədəvi ərəb qrupları Süveydanın qərbində yerləşən bəzi kəndləri geri alıblar. Bu vəziyyətdən istifadə edən İsrail qüvvələri Bədəvi qruplara hava hücumu təşkil edib.
Qarşıdurmalara müdaxilə etməyən və atəşkəsdən sonra Süveydanı tərk edən Suriya təhlükəsizlik qüvvələri bəzi bölgələrdə nəzarət məntəqələri quraraq qarşıdurmaların daha da artmasının qarşısını almağa çalışırlar.
Suriyanın cənubundakı Süveyda vilayətində İsrailin təhriki ilə Dürzi qruplar 13 iyulda Bədəvi ərəb tayfalarına hücum etmiş, gərginlik şiddətli qarşıdurmalara çevrilmişdi.
Dürzi qrupların bölgəyə göndərilən Suriya təhlükəsizlik qüvvələrinə hücumlarında onlarla Suriya əsgəri həlak olmuş, daha sonra Suriya hökumətinin təşəbbüsləri ilə bölgədə atəşkəs təmin edilmişdi.
Süveyda vilayətindəki Bədəvi ərəblərin üçdə birinin, qarşıdurmaların başladığı 13 iyuldan bu yana bölgəni tərk etdiyi təxmin edilir.