Berdiməhəmmədovun Azərbaycana səfəri də münasibətlərdə xüsusi mərhələ sayıla bilər — ŞƏRH
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycana səfərə gəlib. İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin son dövrlərdə inkişafı doğrudan da diqqətçəkicidir.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi, enerji sahəsində ortaq layihələrin xüsusilə "Dostluq" yatağının işlənməsi kimi strateji təşəbbüslər, bu münasibətlərin gücləndiyini göstərir. Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri də münasibətlərdə xüsusi mərhələ sayıla bilər. Bu, təkcə simvolik deyil, eyni zamanda real əməkdaşlıq niyyətlərinin ifadəsidir. İki ölkə liderlərinin daimi təması və qarşılıqlı dəstəyi, Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağla bağlı mövqeyinə verdiyi dəstək də strateji ortaq maraqları təsdiqləyir. Yaxın gələcəkdə bu münasibətlərin nəqliyyat, logistika, humanitar və mədəni sahələrdə də daha da dərinləşməsi gözlənilir. Türk Dövlətləri Təşkilatında Türkmənistanın üzv statusuna keçməsi də bu prosesi daha da sürətləndirə bilər”.
Leyla Turan
Demokrat.az