AZ

Mişel Platinin evində oğurluq – kubok və medallar aparılıb

Fransalı futbol əfsanəsi və UEFA-nın keçmiş prezidenti Mişel Platinin iyulun 18-də səhər tezdən Fransanın Bouches-du-Rhone departamentindəki evində oğurluq olub.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, hadisə onun Cassis yaxınlığındakı şəxsi evində baş verib. O, xəsarət almasa da, bir çox dəyərli idman xatirəsini – təxminən iyirmiyə yaxın medal və kuboku itirib.

Hadisə səhər saat 05:30 radələrində baş verib. Platini bağçasından gələn qəribə səslərlə oyanıb və şüşə qapıdan baxdıqda qara geyimli, maskalı bir şəxsi görüb. Oğru Platinin onu gördüyünü anlayanda dərhal qaçıb.

Evini yoxlayan Platini, həyətində yerləşən və idmanla bağlı xatirələrini saxladığı kiçik tikilidə qapıların zorla açıldığını aşkarlayıb. İlkin məlumatlara əsasən, bir sıra mükafat və şəxsi əşyalar, eləcə də medallar və kuboklar oğurlanıb. Oğurluqla bağlı maddi ziyan hələ hesablanmayıb.

Marsel prokurorluğu oğurluq faktını təsdiqləyib və “zor tətbiqi ilə edilən oğurluq” maddəsi üzrə təhqiqata başlayıb. İş yerli jandarma bölməsinə həvalə edilib.

Son aylarda Fransada bir sıra tanınmış şəxslər bənzər şəkildə evlərində “home-jacking” adlanan oğurluq hadisələrinin qurbanı olublar. Bu tip hadisələrdə cinayətkarlar ev sahiblərinin içəridə olduğu anda mənzilə daxil olurlar. Məqsəd adətən qiymətli əşyalar – avtomobillər, zinət əşyaları və ya şəxsi kolleksiya nümunələridir. Bəzən isə qurbanlar bank kartlarının kodlarını verməyə məcbur edilir.

Mişel Platininə qarşı edilən oğurluq idman dünyasında, eləcə də ictimaiyyətdə narahatlıq doğurub. Platininin itirilən medallarının və kuboklarının idman tarixi baxımından da böyük əhəmiyyət kəsb etdiyi vurğulanır. Hazırda araşdırmalar davam edir.
Seçilən
23
1
sherg.az

2Mənbələr