AZ

Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...


Azər Həsrət: “Azərbaycan Rusiyanın patronu olduğu bütün birliklərdən çıxmalıdır

MDB-nin İqtisadi Şurasının iclasında Azərbaycandan nümayəndə heyətinin iştirak etməməsi müvəqqəti haldır və tezliklə vəziyyət normallaşacaq.

Bunu MDB-nin baş katibi Sergey Lebedev deyib. Onun sözlərinə görə, Bakıdan birliklə bağlı heç bir mənfi bəyanat olmayıb: “Bizə məlumat vermədilər, amma ümid edirəm ki, vəziyyət normallaşacaq və Azərbaycan inteqrasiya əməkdaşlığının fəal iştirakçısı olaraq qalacaq”.

Lebedev birlik çərçivəsində münasibətlərin tezliklə normallaşmasına ümid etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib.

Maraqlıdır, Lebedevdə bu əminlik haradandır ki, Azərbaycandan nümayəndə heyətinin iştirak etməməsi müvəqqəti haldır? Bəlkə Azərbaycan ümumiyyətlə MDB-ni tərk etdi? Necə ki, Gürcüstan 2008-də, Ukrayna 2014-də bu addımı atıb.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, Azərbaycan Rusiyanın patronu olduğu bütün birliklərdən çıxmalıdır: “O cümlədən də, Müstəqil Dövlətlər Birliyindən. Çünki Rusiya bu birliklərdən özünün maraqları üçün istifadə edir. Faktiki olaraq digər üzv dövlətlərə hər hansı faydası yoxdur. Üstəlik, bu dövlətləri ətrafında tutub saxlamaq və dünyaya göstərməklə bir növ özünün hegemonluğunu möhkəmlətmiş olur. Azərbaycan bu təcavüzkar Rusiyanın qolunun qüvvətlənməsinə bundan sonra hər hansı formada dəstək olmamalıdır. Ümumiyyətlə, biz MDB-dən çıxmalıyıq. Bəli, o vəziyyət yetişib, artıq zaman çatıb və Azərbaycan MDB ilə Rusiyanın önünü çəkdiyi bütün birliklərlə yolunu ayırmalıdır. MDB illərdir öz effektivliyini itirib və formal bir birlikdir. Belə olan halda bizim orada nə işimiz var? Bizim nicatımız, gələcəyimiz, xoşbəxtliyimiz Rusiya ilə birlikdə addımlamaqda deyil. Biz öz yolumuzu seçmişik. Bizim ailəmiz türk dünyasıdır. Prezident İlham Əliyevin dediyi kimi. Biz Türk Dövlətləri Təşkilatında iştirakımızı genişləndirməliyik. Ona görə də hesab edirəm ki, Azərbaycan bu yöndə daha iti və iri addımlarla irəliləməlidir. Qaldı ki, Rusiya tərəfinin bu əminliyi ifadə etməsinə, əlbəttə bu, onların arzusudur. Rusiya rəsmiləri çox şey arzu edə bilərlər, amma arzu etdikləri ilə reallıqlar heç də hər zaman üst-üstə düşməyib. Hesab edirəm ki, bundan sonra da düşməyəcək. Çünki Rusiya sivil, hüquqa dayanan dövlət deyil. Bu səbəbdən Rusiyanın demək olar bütün qonşuları bu ölkədən ehtiyat edir”.

Vidadi ORDAHALLI

Seçilən
51
baki-xeber.com

1Mənbələr