AZ

"Londondan Moskvaya mesaj: Biz nə etdiyinizi bilirik və susmayacağıq" - BBC

"Rusiya Baş Kəşfiyyat İdarəsi hələ zəhərlənmədən illər öncə Yuliya Skripalın poçtunu sındırıb..."
 
Böyük Britaniya rəsmiləri bəyan edir ki, Rusiya hərbi kəşfiyyatı - Baş Kəşfiyyat İdarəsi (BKİ) 2018-ci ildə keçmiş agent Sergey Skripal və onun qızı Yuliya Skripalın "Noviçok" adlı zəhərlə zəhərlənməsindən tam beş il öncə - 2013-cü ildə Yuliyanın elektron poçt hesabını "X-Agent" adlı zərərli proqramla sındırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr yazır ki, bu fakt Londonda Rusiyaya qarşı elan edilən yeni sanksiyalar paketində rəsmi şəkildə qeyd olunub.
 
BKİ-nin 3 bölməsi və 18 zabit qara siyahıda
 
Britaniya Xarici İşlər Nazirliyi bu həftə BKİ-nin üç struktur bölməsi və 18 zabitinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Onların sırasında daha öncədən də məşhur olan adlar - İvan Yermakov və Aleksey Lukaşev var. Hər ikisi BKİ-nin "85-ci xüsusi xidmətlər mərkəzində" (26165 nömrəli hərbi hissə) xidmət edirlər. Bu struktur həmçinin dünyada "Fancy Bear" haker qrupu kimi tanınır və ABŞ-dakı 2016-cı il seçkilərinə müdaxilə ilə əlaqələndirilir.
 
Britaniya XİN-in bəyanatında deyilir: "Bu gün elan etdiyimiz tədbirlər Yuliya Skripalın cihazına zərərli proqram yükləyən və sonradan onunla atasına qarşı sui-qəsdə cəhd edən BKİ zabitlərini də əhatə edir". Hansı cihazın sındırıldığı göstərilməsə də, detallı məlumatda 2013-cü ildə Yuliyanın elektron poçt hesabının transsərhəd şəkildə hədəf alındığı qeyd olunur.
 
Skripallar hadisəsindən sonra nə baş verib?
 
Xatırladaq ki, Sergey Skripal Rusiyada dövlətə xəyanətə görə həbs olunub, 2010-cu ildə isə casus mübadiləsi çərçivəsində Britaniyaya keçib. 2018-ci ilin martında qızı Yuliya ilə birlikdə Solsberidə huşsuz halda tapılıb. Britaniya hakimiyyəti onların Rusiya tərəfindən hazırlanmış "Noviçok" sinir iflici ilə zəhərləndiyini açıqlayıb.
 
Eyni günlərdə bir polis zabiti və təsadüfən zəhəri əlinə alan bir neçə şəxs də zərər görüb, Don Stercess adlı bir qadın isə həyatını itirib. Skripallar sağ qalsalar da, o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. Sergey Skripal yalnız ötən il Don Stercessin ölümü ilə bağlı dinləmələrdə yazılı ifadə verib.
 
Britaniyanın təqdim etdiyi məlumatlara əsasən, bu struktur bölməsi yalnız Skripallar hadisəsi ilə deyil, həm də Ukraynadakı müharibədə də kiberkəşfiyyat və raket zərbələrinin koordinasiyası ilə məşğul olub. Məsələn, Mariupol Dram Teatrına edilən zərbə, - nəticədə yüzlərlə dinc sakin, o cümlədən uşaqlar həlak olub, -  bu qurumun fəaliyyəti ilə əlaqələndirilir.
 
BKİ-nin bütün Avropada izləri var
 
Britaniya hakimiyyəti BKİ və onun törəmə bölmələrini bir sıra qlobal kiberhücumlarda ittiham edir. Bunlara aşağıdakılar daxildir:
 
- 2015-ci ildə Fransanın "TV5 Monde" kanalına və Almaniya Bundestaqına hücumlar;
 
- 2017-ci ildə Fransada prezident seçkiləri ərəfəsində Makronun seçki qərargahının hədəf alınması;
 
- 2018-ci ildə "Noviçok" araşdırması ilə əlaqədar OPCW, Britaniya Müdafiə Nazirliyi və İsveçrənin Şpits laboratoriyasına qarşı fişinq hücumları;
 
- 2022-ci ildə Almaniya SPD partiyası və Çexiya dövlət qurumlarının sındırılması;
 
- 2022–2024-cü illərdə Avropa ölkələrindəki müşahidə kameralarının Ukraynaya yardımları izləmək məqsədilə sındırılması;
 
- Paris 2024 Olimpiya və Paraolimpiya Oyunlarını təşkil edən qurumlara qarşı hədəflənmiş kiberhücumlar.
 
Bundan başqa, Rusiya kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən "Afrika təşəbbüsü" adlı internet troll fermaları şəbəkəsi də sanksiyalar siyahısına salınıb. Bu struktur dünyaya saxta xəbərlər yaymaqda və qlobal səhiyyə təşəbbüslərini pozmaqda ittiham olunur.
 
"Gizlicə nə etdiyinizi görürük"
 
Sanksiyaya düşən şəxslərə Britaniyaya giriş qadağan edilib, onların ölkə daxilindəki bütün aktivləri dondurulub və maliyyə əməliyyatları qadağan edilib. Britaniya xarici işlər naziri Devid Lemmi sərt açıqlama verərək deyib: "BKİ Avropanı destabilizasiya etmək, Ukraynanın suverenliyini pozmaq və Britaniya vətəndaşlarının təhlükəsizliyinə təhdid yaratmaq kampaniyası aparır. Kreml bilməlidir ki, biz onların gizlicə etdiklərini görürük və buna göz yummayacağıq". Hazırda Moskva nə yeni sanksiyalarla, nə də Yuliya Skripalın cihazının sındırılması ilə bağlı rəsmi reaksiya verməyib.
Seçilən
53
50
moderator.az

10Mənbələr