AZ

“Bavariya”nı Frankfurtda yenə “kötəklədilər”

Bundesliqanın hesabat turunda ilk 7 pillədə qərarlaşan komandalardan 6-sı bir-biri ilə qarşılaşdı. Cümə günü keçirilən açılış matçında “Bohum”u yenən “Hoffenhaym” 4 oyunluq qələbəsiz seriyaya son qoydu.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm inamlı təsir bağışlayan “Bavariya”nın Frankfurtda faciə ilə üzləşəcəyini az adam proqnozlaşdırardı. Çünki son 4 rəsmi oyunun hamısında uduzan “Ayntraxt” yaxşı formada deyildi. Komanda hətta həftəiçi kubokda 3-cü bundesliqa təmsilçisi “Saarbrükken”ə də boyun əymişdi. Bu problemlərin fonunda “Ayntraxt” ilk 36 dəqiqəyə 3 qol vurmaqla bütün Avropanı məəttəl qoydu. Kimmixin fasilə ərəfəsində fərqi azaltması və Tuxelin fasilədə iki dəyişikliyə əl atması da qonaqların ayılması üçün kifayət etmədi. Güclü rəqibini “kötəkləməkdə” davam edən “qartallar” 60-cı dəqiqəyə qədər daha 2 top vuraraq fərqi birabırçı həddə çatdırdılar. “Rekordmayster”ə sonuncu dəfə bundesliqada 60 dəqiqəyə 5 qol vuran komanda məhz elə “Ayntraxt” özü olmuşdu! 1975-ci ildə frankfurtlular 6:0 üstün olduqları qarşılaşmada 5 qolu hətta 45 dəqiqəyə sığışdırmışdılar. Mövsümdə ilk məğlubiyyətlə üzləşən Tomas Tuxelin kollektivinin növbəti oyunlarda buna neca reaksiya verəcəyi maraqla gözlənilir.

Dortmund “Borussiya”sı üçün “Leyptsiq”lə ev oyunu uğursuz alındı. Hummels artıq 15-ci dəqiqədə “son ümid folu”na görə qovuldu və klub tarixində bundesliqada ən erkən qırmızı vərtəqə alan futbolçu oldu! “Öküzlər” bu fürsəti əldən verməyərək hesabına 3 xal yazdı. Enişi davam edən “Borussiya”nın son 6 turda yalnız bir qələbəsi var. Turun daha bir maraqla gözlənilən matçında 3-cü pillədəki “Ştutqart” lider “Bayer-04”ə qarşı ev oyununda fasiləyə üstün yollansa da, qalib gələ bilmədi. Leverkuzenlilər bu mövsüm 22-ci rəsmi oyunu da məğlubiyyətsiz tamamladılar. “Union” sentyabrın əvvəllərindən bəri davam edən və 16 oyuna çatan qələbəsiz seriyaya öz sevimli rəqibi olan Münhenqladbax “Borussiya”sını yenməklə son qoydu. Paytaxt təmsilçisi bu rəqibi ardıcıl 5-ci görüşdə məşğlub etdi. Deyəsən, “Union” estafeti “Volfsburq”a verib. Evdə “Frayburq”a uduzan “canavarlar”ın məğlubiyyət seriyası 3 oyuna çatdı. Bremendən xalsız dönən “Ausqburq” Yess Torupun təyinatından bəri 7-ci matçda ilk dəfə məğlub oldu. “Haydenhaym”ın yarımmüdafiəçisi Yan-Niklas Beste isə “Darmştadt”la görüşdə tarixi göstəriciyə nail oldu. O, son 20 ildə bundesliqada bir oyunda standart zərbələrdən 3 məhsuldar ötürmə verən ilk almaniyalı futbolçu oldu.

14-cü tur
Ayntraxt F – Bavariya 5:1
Marmuş, 12. Dina Ebimbe, 31; 50. Larsson, 36. Knauff, 60 – Kimmix, 44. (58000)
Ayntraxt: Trapp, Tuta, Kox, Paço, Buta, Çaibi, Larsson, Dina Ebimbe (Nkunku, 76), Götse, Knauff (Hauqe, 82), Marmuş (Hasebe, 82).
Bavariya: Noyer, Mazraui (Laymer, 46), Kim Min Çje, Upamekano, Devis (Gerreyro, 46), Kimmix, Qoretska, Sane, Çupo-Motinq (Müller, 66), Koman (Qnabri, 66/Musiala, 71), Keyn.
Borussiya D – Leyptsiq 2:3
Zyule, 45+6. Füllkruq, 90+3 – Bensebayni, 32-öz qapısına. Baumqartner, 54. Poulsen, 90+1. (81365)
Borussiya: Kobel, Menye (Reyna, 82), Hummels, Şlotterbek, Bensebayni (Malen, 82), Salih Özcan, Əmrə Can, Bayno-Gittens (Zyule, 19), Roys (Adeyemi, 71), Brandt, Füllkruq.
Leyptsiq: Blasvix, Henrixs, Simakan, Klostermann, Lukeba, Şlager, Aydara (Kampl, 81), Raum, Simons (Şeşko, 76), Baumqartner (Forsberq, 75), Openda, (Poulsen, 75).
Ştutqart – Bayer-04 1:1
Fürix, 40 – Virts, 47. (54500)
Bayer-04: Qradetski, Kossunu, Ta, Tapsoba, Frimponq, Palasios (İnkapye, 84), Caka, Qrimaldo, Virts, Adli (Hofmann, 65), Bonifas (Şik, 73).
Union – Borussiya M 3:1
Folland, 23. Hollerbax, 50. Kaufmann, 75 – Plea, 77. (22012)
Union: Rönnov, Yuranoviç, Knoxe, Leyte, Russiyon, Haberer, Xedira, Hollerbax (Şafer, 61), Folland (Aaronson, 74), Qosens (Yekkel, 84), Berens (Kufmann, 74).
Volfsburq – Frayburq 0:1
Qreqoritş, 74. (25000)
Frayburq: Atubolu, Sildilliya, Ginter, Linhart, Makenqo, Eqqeştayn, Höfler, Doan (Şallai, 58), Qrifo (Höler, 58), Röl (Adamu, 90+2), Qreqoritş.
Hoffenhaym – Bohum 3:1
Maşoviç, 32-öz qapısına. Kramariç, 43. Bebu, 76 – Pasiensiya, 90. (16023)
Verder – Auqsburq 2:0
Ştark, 39. Dukş, 65. (36000)
Haydenhaym – Darmştadt 3:2
Şöppner, 42. Mainka, 69; 71 – Skarke, 52. Melouni, 60-öz qapısına. (15000)
Köln – Maynts-05 0:0 (50000)
1. Bayer-04 14 11 3 0 39-12 36
2. Bavariya 13 10 2 1 44-14 32
3. Ştutqart 14 10 1 3 34-16 31
4. Leyptsiq 14 9 2 3 34-15 29
5. Borussiya D 14 7 4 3 28-23 25
6. Hoffenhaym 14 7 2 5 28-24 23
7. Ayntraxt F 14 5 6 3 24-16 21
8. Frayburq 14 6 3 5 17-23 21
9. Auqsburq 14 4 5 5 23-27 17
10. Borussiya M 14 4 4 6 28-31 16
11. Volfsburq 14 5 1 8 18-25 16
12. Verder 14 4 2 8 20-27 14
13. Haydenhaym 14 4 2 8 21-30 14
14. Bohum 14 2 7 5 15-29 13
15. Union 13 3 1 9 15-28 10
16. Köln 14 2 4 8 10-24 10
17. Maynts-05 14 1 6 7 12-26 9
18. Darmştadt 14 2 3 9 17-37 9
Bombardirlər: Keyn (Bavariya) – 18, Girassi (Ştutqart) – 16, Openda (Leyptsiq) - 10, Vind (Volfsburq) – 9.

Növbəti turun oyunları dekabrın 15-17-si aralığında keçiriləcək: Auqsburq – Borussiya D, Bavariya – Ştutqart, Bayer-04 – Ayntraxt F, Borussiya M – Verder, Bohum – Union, Darmştadt – Volfsburq, Maynts-05 – Haydenhaym, Leyptsiq – Hoffenhaym, Frayburq – Köln.

Turun rəqəmi
5 – “Bavariya”nın bundesliqada adi bir məğlubiyyəti artıq böyük hadisə sayılır. Bu tur isə Münhen nəhəngini sözün əsl mənasında meydandan silib süpürdülər. Komanda XXI əsrdə bundesliqada cəmi 4-cü dəfə bir oyunda 5 top buraxdı. Maraqlıdı ki, sonuncu dəfə belə hal yenə də Frankfurtda yaşanmışdı. 2019-cu il noyabrın 2-də “rekordmayster” bu rəqibə səfərdə eynilə indiki kimi 1:5 uduzandan sonra Niko Kovaç istefaya göndərilmişdi. Bu dəfə Tuxeli heç kim istefaya göndərməyə hazırlaşmır. Amma çox güman, rəhbərlik tərəfindən ona yaxşıca qulaqburması veriləcək. Onu da vurğulayaq ki, “Bavariya” bundesliqa tarixində Münhenqladbaxdan (23) sonra ən çox məhz Frankfurtda (21) məğlub olub.

Turun ulduzu
Omar Marmuş (Ayntraxt F) – əslində frankfurtluların, demak olar, bütün futbolçuları turun qəhrəmanı seçilməyə layiqdi. Çünki “Bavariya” kimi rəqibə futbol dərsi keçmək, 90 dəqiqə ərzində bir an olsun, konsentrasiyanı itirməmək çox mühüm olaydı. Amma biz 5 qoldan 3-də yaxından iştirak edən və 1 qol, 2 məhsuldar ötürməlik performans ortaya qoyan Marmuşa üstünlük veririk. Uzun illərdi Almaniyada oynamasına baxmayaraq, “Ayntraxt”da ilk mövsümünü keçirən 24 yaşlı misirli forvard bu mövsüm 14-cü bundesliqa matçında 7-ci qolunu vurdu. Halbuki cari “futbol ili”nə qədər o, elitada “Volfsburq” və “Ştutqart”ın heyətində ümumilikdə 62 oyunda cəmi 8 dəfə fərqlənmişdi.

Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “Yaxşı oynamadıq və çoxlu səhvə yola verdik. Buna görə də bizi sərt şəkildə cəzalandırdılar. Güzgünün qarşısında oturub özümüzə sual verməliyik ki, nə üçün oyuna belə bərbad başladıq? Oyunçularımda nə ehtiras, nə hirs, nə də enerji gördüm. Özümüzə tənqidi yanaşmağı bacarmalıyıq. Bu gün mən də daxil olmaqla “Bavariya”da heç kim ümidləri doğrultmadı”.

Seçilən
431
49
football-plus.az

10Mənbələr