AZ

Almaniyada təbii fəlakətlər zamanı əhaliyə kömək edə biləcək 4 milyon könüllüyə ehtiyac var

Alman Qızıl Xaç Təşkilatı (DRK) ölkədə təbii fəlakətlər və fövqəladə hallar zamanı əhaliyə yardım edə biləcək milyonlarla könüllünün çatışmadığını açıqlayıb.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, DRK-nın Milli Yardım Cəmiyyətinin rəhbəri Hayke Şpiker əhalinin ilk yardım və böhran şəraitində özünəyardım bacarıqlarını mənimsəməsi üçün qarşıdakı beş ildə təxminən dörd milyon insanın təlim keçməli olduğunu vurğulayıb. Onun fikrincə, bu məqsədə çatmaq üçün hər il təqribən 800 min nəfər təlimdən keçməlidir. Lakin hazırda bu kurslar üçün ayrılan vəsait ildə 100 min iştirakçının hazırlanmasına belə imkan vermir.

H.Şpiker bildirib ki, 2025-ci ilin federal büdcə layihəsində bu sahə üçün kifayət qədər vəsait nəzərdə tutulmayıb. “Hazırkı büdcə planları yetərsizdir və hökumətin əhalinin müdafiəsi ilə bağlı verdiyi siyasi vədlərlə ziddiyyət təşkil edir”, – deyə o qeyd edib.

DRK, eyni zamanda, fövqəladə hallarda müvəqqəti sığınacaqlarda çalışa biləcək yardımçı tibb işçilərinin hazırlanması üçün də maliyyələşmə tələb edir. Onun sözlərinə görə, bu sahədə lazımi səviyyəyə çatmaq üçün cəmi ikirəqəmli milyon avroluq məbləğ kifayət edərdi. Bu vəsait federal büdcə üçün kiçik olsa da, böhran zamanı böyük təsir göstərə bilər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
44
2
azertag.az

3Mənbələr