AZ

30 illik “əsir”likdən qurtulmuş müqəddəs məkan – Ağdam Cümə məscidi

Erməni işğalından azad olunmuş bütün şəhərlər, kənd və qəsəbələrlə bağlı xeyli acılı-şirinli xatirələrimiz var. Üstündən zamanın soyuq küləkləri əssə də, bu xatirələr yaddaşımızda həmişə canlıdır. Onlar ürəyimizdən, qəlbimizdən heç vaxt pozulmur, silinmir. 

Həm Birinci, həm İkinci Qarabağ müharibələrində, həm də Aprel döyüşlərində bir çox bölgələrə ezamiyyətə getmiş, bəzən kədərli, bəzən də sevinc dolu yaddaqalan, unudulmaz hadisələrin şahidi olmuşuq. Gördüyümüz, gərgin anlarını yaşadığımız, şahidi olduğumuz xatirələrə dönmüş bu hadisələr tez-tez əlimizdən tutub bizi arxasınca o illərə, o çağlara aparır.

Başqa bölgələrimiz kimi, Ağdam rayonu ilə də bağlı yaddaşımızda sayagəlməz qədər üst-üstə qalaqlanmış bir az kədərli, bir az “göz”ləri nəmli, bir az da sevincə, fərəhə bürünmüş xatirələrimiz dolaşmaqdadır. Acılı-şirinli bu xatirələrin bütün səhifələri bizim üçün olduqca əziz və doğmadır.

İşğaldan əvvəl Ağdama saysız-hesabsız səfərlərimiz olmuşdu. Onun bir-birinə bənzəməyən kənd-kəsəklərini çox görmüşdük. Bu gözəl diyarın qanlı döyüşlər gedən ön mövqeləri də bizə tanış idi. Həmin qan və barıt qoxulu mövqelərdə yurdumuza keşik çəkən igid zabit və əsgərlərimizlə  görüşüb söhbət etmişdik. Hərbçilərimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə son damla qanlarınadək vuruşacaqlarını demişdilər. 

Kişi kimi də dediklərinə əməl etmişdilər. Yurdumuzun müdafiəsində cəsarətlə vuruşmuşdular, döyüşlərdə igidlik və qəhrəmanlıqlar göstərmişdilər. Şəhid olmuşdular, amma mövqelərindən geri çəkilməmişdilər. Min təəssüflər olsun ki, erməni qəsbkarları havadarlarına arxalanaraq mövqelərimizə güclü və aramsız hücumlar edərək şəhəri ələ keçirmişlər. Başqa bölgələrimiz kimi, Ağdam da 30 ilə yaxın ermənilərin tapdağında qaldı. Həm yaddaşımıza, həm də tariximizə qara hərflərlə yazılmış həmin illəri bu gün acı xatirələrlə yada salırıq. 

Şükürlər olsun ki, 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində uzun illər erməni işğalında qalmış, Qarabağın qapısı hesab olunan Ağdam noyabrın 20-də düşmənlərdən təmizləndi. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında qəsbkar qüvvələri diz çökdürdü. 30 ilə yaxın bağlı qalmış yollarımızı 44 günlük Vətən müharibəsində qazanılmış Zəfəri üzümüzə geniş açdı. Ürəyimiz sevinclə, qəlbimiz fərəhlə doldu. Zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə olunmuş Qələbə ürəyimizdən kədəri, qəmi həmişəlik olaraq silib təmizlədi.

İndi budur, üzümüzdə sevinc, ürəyimizdə qürur hissləri ilə üstündən illər keçəndən sonra Ağdama gedirik. İkinci Qarabağ müharibəsindən əvvəl ön mövqelərin yerləşdiyi Təzəkənd kəndini keçəndən sonra gördüyümüz uçurulmuş evlər, viranə qoyulmuş yaşayış məntəqələri ovqatımızı korlayır. Erməni qəsbkarları işğal dövründə başqa bölgələrimiz kimi, Ağdam şəhərini də, onun kəndlərini də yerlə-yeksan etmişlər, daşı-daş üstə qoymamışlar. Hər yeri viran etmiş, dağıtmış, kəndləri, qəsəbələri xarabalığa çevirmişlər. 

Ermənilərin xaraba qoyduqları Ağdamı görənlərin bəziləri bu gözəl şəhəri Qafqazın  Xirosiması adlandırırlar. İşğalçılar 1993-cü ilin iyulunda şəhəri ələ keçirmiş və sonrakı illərdə darmadağın etmişlər. Şükürlər olsun ki, dövlətimizin gücü, qüdrəti ilə başqa bölgələrimiz kimi Ağdam da bu gün yenidən qurulur. Günlər keçdikcə şəhər cənnətə çevrilir, torpağın da, daşın da üzü gülür.  

Ermənilərin Ağdamda uçurmadıqları yeganə tikili Cümə məscidi idi. Bəziləri bunu onun dini və tarixi abidə olduğu ilə əlaqələndirirlər. Amma bu, inandırıcı deyil. Çünki erməni qəsbkarları işğal dövründə əllərində saxladıqları ərazilərdə onlarla, yüzlərlə dini və tarixi abidələrimizi uçurub dağıtmışlar. Salamat qalanlarda da donuz, mal-heyvan saxlamışlar. Qəsbkarlar Ağdam məscidini tövləyə çevirmiş, bu müqəddəs məkanı təhqir etmişlər. Bunu sübut edən şəkillər  də var. Bütün bunlar onu göstərir ki, düşmən həm dini, həm də tarixi abidələrimizə barbarcasına yanaşmışlar. Bəzi hərbi ekspertlərin rəylərinə görə isə ermənilər Ağdam məscidini növbəti döyüşlərdə oriyentir kimi istifadə etmək məqsədilə saxlayırmışlar. Bu, ən ağlabatan, inandırıcı variantdır. 

Bu fikirlər içində ətrafında yeni yaşayış binaları tikilən Ağdam Cümə məscidinə gəlib çatırıq. Həyətin girişində məscidin işğal dövründəki görkəmini özündə əks etdirən şəkillər vurulub. Erməni vəhşiliyi, erməni barbarlığı həmin şəkillərdə açıq-aydın görünür. 

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Ağdam Cümə məscidi işğaldan qısa müddət sonra əvvəlki görkəminə qayıdıb. Məscid əsaslı təmir olunaraq həm doğma ocaqlarına yenicə qayıdan sakinlərin, həm də ziyarətə gələnlərin ixtiyarına verilib. 

Günlər keçdikcə Ağdam yavaş-yavaş əvvəlki xoş günlərinə qovuşur. Bu müqəddəs məkana gələnlərin ardı-arası kəsilmir. Onlar kövrək hisslərlə ibadət edir, namaz qılırlar. İllərdən bəri ürəklərində gəzdirdikləri arzularına qovuşan ziyarətçilərin üzü gülür, gözlərindən sevinc süzülür. 

Məscid Kərbəlayi Səfixan Qarabaği adlı məşhur memar tərəfindən 1868-1870-ci illərdə tikilmiş məscid əsaslı təmirdən sonra əvvəlki görkəminə düşüb. Üslub və formasına görə ziyarətinə gələnləri heyran edən bu tarixi abidə ömrünün yeni dövrünü yaşayır.

Ağdam Cümə məscidi bir çox unudulmaz, acılı-şirinli məqamları ilə yaddaşımızda qalıb. Erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımı zamanı düşmən gülləsinə tuş gələn soydaşlarımızın meyitlərini məscidə gətirirdilər. Meşələrdə və dağlarda şəhid olanların meyitləri bu məsciddə yuyulub kəfənlənir, haqq dünyasına yola salınırdı. Faciə zamanı doğmalarını, yaxınlarını itirənlər onların meyitlərini tapmaq ümidi ilə bu müqəddəs məkana üz tuturdular. Həmin keşməkeşli günlərdə Ağdam Cümə məscidi yerdən, göydən əli üzülənlərin ümid və inam yeri idi. 

Faciənin qan püskürdüyü günlərdə təkcə ölkəmizin deyil, elə beynəlxalq ictimaiyyətin də diqqəti sanki Cümə məscidinə yönəlmişdi. Dünyanın bir çox aparıcı xəbər agentliklərindən gələn jurnalistlər reportajlarına bu müqəddəs məkandan başlayırdılar. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə məlumatları beynəlxalq aləmə buradan yayımlayırdılar. 

Uzun müddət erməni əsirliyində qalmış və bu qaniçənlərin əlindən əzab-əziyyətlər çəkmiş, ağır işgəncələrə məruz qalmış soydaşlarımızın Ağdam Cümə məscidi ilə bağlı söylədiklərini xatırlayanda düşmənə olan nifrətimiz daha da artır.  1993-cü ilin iyul ayında rayonun Yusifcanlı kəndində əsir götürülmüş 1939-cu il təvəllüdlü Mirzə Rzayev ağrı-acılarını, dəhşətlərini yaşadığı o günlərdən ürək göynərtisi ilə danışırdı. Mirzə kişi deyirdi ki, ermənilər əsirlərə dözülməz işgəncələr verməklə yanaşı, həm də ən ağır işləri gördürürdülər: “Bir dəfə bizi, 15 əsiri Ağdama söküntü işləri görməyə aparmışdılar. Səhərdən axşama qədər bizi dayanmadan işlətdilər. Daha çox evlərin darvazalarını, qapı və hasarları sökdürdülər. Axşam qaranlıq düşəndə bizi Ağdam Cümə məscidinə gətirdilər. Ermənilər bu müqəddəs məkanda süfrə açıb yeyib-içirdilər. Daşnaklar bizi də konyak içməyə məcbur etdilər. Amma nə qədər işgəncə versələr də, əsirlərdən kimsə onların istəyini yerinə yetirmədi. Dedik ki, biz müsəlmanıq, məsciddə konyak içə bilmərik, bura müqəddəs yerdir, Tanrının evidir. Etirazımızdan qəzəblənən ermənilər əsirləri döyə-döyə məscidin ətrafında qaçmağa məcbur etdilər. Axşama qədər ac-susuz işləyib ədən düşmüşdük. İndi də qaça-qaça bu müqəddəs məkanın ətrafında dolanırdıq. İçki qəbul etməyimizdən əllərini üzən daşnaklar sonra  əsirləri məcbur etdilər ki, yüksək səslə qışqırıb: “Yaşasın Ermənistan, rədd olsun Azərbaycan!” deyək. Yenə də kimsə tərpənmədi. Yenə də ermənilərin işgəncələri başladı. Armaturla haramızdan gəldi vururdular ki, dediklərini edək. Əgər bu yaramazların tapşırığını yerinə yetirsəydik, işgəncələri dayandırıb bizə su, çörək verəcəkdilər. Şərəfsizlərin şərti beləydi. Bir az keçmiş adını unutduğum əsirlərdən biri əlini qaldırıb bildirdi ki, mən bu sözü deyərəm. Hamımız asta səslə onu qınayıb dedik, bu kəlmələri dilinə gətirməsin. Amma o qərarında qəti idi. Əsir sıranın qabağına çıxandan sonra üzünü bizə tutub uca səslə dedi: “Qardaşlar, yəqin ki, biz hamımız əsirlikdə ölməyəcəyik. İçimizdən kimsə sağ çıxıb doğma vətənimizə, el-obamıza qayıdacaq, ermənilərin bizə verdiyi işgəncə və əzabları xalqımıza danışacaq. Bəlkə də bəziləriniz bu sözü deməyi boynuma götürdüyümə görə məni qorxaq zənn edirsiniz. Amma hər şey siz fikirləşdiyiniz kimi deyil. Hamınız eşidin, bax mən uca səslə buradan deyirəm, rədd olsun Ermənistan, yaşasın Azərbaycan, yaşasın Azərbaycan!” Bu sözlər onun ağzından çıxan kimi yaxınlığında dayanmış daşnak onu tapança ilə güllələdi. Əsir qardaşımızı öldürəndən sonra işgəncəni dayandırdılar, amma yeməyə nə bir tikə çörək, nə də içməyə bir qurtum su verdilər. Allah ona rəhmət eləsin, çox ürəkli və cəsur insan idi”.   

Ermənilər əsirlikdə neçə-neçə belə cəsur oğullarımızı amansızcasına qətlə yetirmişlər. Amma onlar son nəfəslərində də ermənilərə tabe olmamışlar. Ağdam Cümə məscidində öldürülən əsir kimi...

 Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər nəticəsində 20 noyabr 2020-ci ildə Ağdam rayonu erməni işğalından azad olundu. Rayonun ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçdi. Həmin gün bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edildi. Məruzə Ağdam Cümə məscidinin qarşısından olundu. Zəfər bayrağımız bu müqəddəs məkana sancıldı. Həmin tarixi an əbədi olaraq xalqımızın yaddaşına yazılıb. 

Bu məqamda 2021-ci ilin mart ayında azad ediləndən sonra Ağdama olan ilk ezamiyyətimizi xatırlayırıq. Həmin səfər zamanı Ağdamın erməni işğalından azad olunması barədə Ali Baş Komandana Cümə məscidinin qarşısından məruzə edən zabit Riyad Paşayevlə görüşüb söhbət etmişdik. Öyrənmişdik ki, o, Astara rayonunun Şiyəkəram kəndindəndir. 2003-cü ildə orta təhsilini başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. 2008-ci ildən taqım komandiri kimi ordumuzun sıralarında xidmətə başlayıb. Vətən müharibəsində ilk günlərdən əks-həmlə əməliyyatlarına qoşulub. Tapqaraqoyunlu və Talış kəndləri istiqamətində vuruşub. Oktyabrın 4-də Suqovuşan uğrunda gedən əks-həmlə əməliyyatları zamanı yaxınlığına düşmənin atdığı minaatan mərmisi düşüb, ayağından yaralanıb. Bir həftədən çox müxtəlif xəstəxanalarda müalicə olunandan sonra yenidən cəbhəyə qayıdıb. Vətən müharibəsində göstərdiyi fədakarlığa görə “Vətən uğrunda” medalına layiq görülüb.   

Zabit Riyad Paşayev Ağdamın uzun illər işğalda qalmış torpaqlarına ayaq qoyduqları günlərdən söz açaraq demişdi ki, noyabr ayının 19-da kiçik qruplarla royununun ərazisinə daxil olduq: “Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları üçtərəfli Bəyannaməyə əsasən ayın 20-də ermənilər Ağdamdan çıxmalıydılar. Amma düşmən qüvvələri bəzi yaşayış məntəqələrində ləngiyib qalmışdılar. Biz həm hərbçiləri, həm də burada qanunsuz məskunlaşıb yaşayan mülki əhalini Ağdamdan qovub çıxardıq. Noyabrın 20-də Ağdam məscidinə Zəfər bayrağını sancıb rayonun erməni işğalçılarından azad olunduğu barədə Ali Baş Komandana raport verdik. Bu mənim həyatımın ən unudulmaz anıdır. Həmin gün ömrümün qürur və iftixar dolu anlarını yaşadım”. 

İndi Ağdam Cümə məscidi azad günlərini yaşayır. Xocalıya, Şuşaya, Xankəndiyə, Əsgərana və başqa bölgələrə qayıdanlar mütləq bu müqəddəs məkanı ziyarət edirlər. Gündən-günə Cümə məscidinin ziyarətçilərinin sayı artır. 

Bizim də ziyarətimiz başa çatandan sonra yenidən qurulan Ağdama, Əsgərana, Xocalıya, Xankəndiyə və Laçına tərəf istiqamət götürdük. Geri qayıdanda mütləq məscidə yenə baş çəkəcəyik. Yenə Cümə məscidi ilə bağlı acılı-şirinli xatirələrimizə üz tutacağıq. 

Vahid MƏHƏRRƏMOV, 

“Azərbaycan”

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr