AZ

Təhlükə geri qayıdır: Kişiləri öldürür,  qadınları ərsiz qoyurdu

1918-1920-ci illərdə  indi "İspan qripi" adlanan xəstəlik tarixin ən dağıdıcı pandemiyalarından biri kimi ortaya çıxdı  və dünyada 20-100 milyon insanı öldürdü. Hələ indiyə qədər qrip virusunun pandemiya zamanı necə mutasiyaya uğradığı və uyğunlaşdığı barədə çox az şey məlumdur.

“Cümhuriyət” xəbər verir ki, Bazel və Sürix universitetlərinin tədqiqatçıları İsveçrədə 1918-1920-ci illərdə qrip pandemiyasına səbəb olan virusun genomunu deşifrə etmək üçün tibbi kolleksiyadan tarixi nümunədən istifadə ediblər.

Bazel Universitetinin (keçmiş Sürix Universiteti) paleogenetik və arxeologiya professoru Verena Şünemannın rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu indi 1918-1920-ci illər pandemiyasına cavabdeh olan qrip virusunun ilk İsveçrə genomunu yenidən qurub.

Tədqiqatçılar öz tədqiqatları üçün Ujqoroddakı Təkamül Tibb İnstitutunun tibbi kolleksiyasından formalinlə bərkidilmiş yaş nümunədən götürülmüş 100 ildən çox yaşı olan virusdan istifadə ediblər. Virus İsveçrədə pandemiyanın ilk dalğası zamanı ölən və 1918-ci ilin iyulunda yarılmış Sürixdən olan 18 yaşlı xəstədən əldə edilib.

Qədim virus  yenidən qurulur

İsveçrə genomunu Almaniya və Şimali Amerikadan bir neçə əvvəllər nəşr olunmuş qrip virusu genomları ilə müqayisə edərək, tədqiqatçılar İsveçrə ştampının pandemiyanın sonuna qədər virus populyasiyasında davam edəcək insanlar üçün üç əsas uyğunlaşmaya malik olduğunu göstərə biliblər. Bu mutasiyalardan ikisi virusu quş qripi viruslarının heyvanlardan insanlara ötürülməsi üçün mühüm maneə olan insan immun sisteminin antiviral komponentinə qarşı daha davamlı edib. Üçüncü mutasiya virusun membranındakı zülalla bağlıdır ki, onun insan hüceyrələrindəki reseptorlara bağlanma qabiliyyətini yaxşılaşdırır, virusu daha davamlı və yoluxucu edir. Genomun ardıcıllığının yeni üsulu ümumi soyuqdəymələrə səbəb olan və sabit DNT-dən ibarət olan adenoviruslardan fərqli olaraq, qrip virusları öz genetik məlumatlarını RNT şəklində daşıyır və bu, daha tez parçalanır.

"Qədim RNT yalnız çox spesifik şəraitdə uzun müddət yaşayır. Buna görə də biz bu cür nümunələrdən qədim RNT fraqmentlərini çıxarmaq qabiliyyətimizi təkmilləşdirmək üçün yeni üsul işləyib hazırlamışıq",- deyə araşdırmanın müəllifi Kristian Urban bildirib.

Bu yeni üsul indi qədim RNT viruslarının genomlarının yenidən qurulması üçün istifadə oluna bilər. O, tədqiqatçılara bərpa edilmiş RNT fraqmentlərinin həqiqiliyini yoxlamağa imkan verir.

Daha çox 20-40 yaş arası kişiləri öldürüb

“İspan qripi” o qədər dəhşətli idi ki,  barəsində indi də danışılır. O, əvvəlki pandemiyalardan, 1889-90-cı illərdə dünya üzrə 1 milyon insanın həyatına son qoymuş infeksiyadan xeyli fərqlənirdi.  “İspan qripi” daha çox 20-40 yaş arası kişiləri öldürürdü. Mütəxəssislər bunun əsas səbəblərindən birini Birinci Dünya müharibəsinin qələbəlik hərbi düşərgələrində başlaması və evlərinə dönən əsgərlər vasitəsilə dünyaya yayılmasında görürlər. O vaxt pandemiya əsasən kasıb ölkələrə zərər vururdu.

Harvard Universitetinin əməkdaşı Frank Barro 2020-ci ildə bu məsələni dərindən araşdırmışdı. O, araşdırmasında yazır ki, ABŞ-də hər min nəfərdən beşi, ümumilikdə 550 min nəfər, Hindistanda isə 17 milyon nəfər "ispan qripi"ndən ölmüşdü.

"Birinci Dünya müharibəsinin və "ispan qripi"nin səbəb olduğu ölümlərdən sonra arxada böyük bir iqtisadi xarabalıq qaldı".

Bunu isə "1918-ci il pandemiyası" kitabında müəllif Katerina Arnold yazıb. İngiltərədə yaşayan nənə-babası da bu xəstəliyin qurbanı olub:

"Bir çox ölkədə pandemiyadan sonra ailənin mağazasını işlədəcək, tarlasını şumlayacaq, heyvanlarına baxacaq, ticarətini idarə edəcək, evlənib nəslini davam etdirəcək gənc kişilərin çoxu ölmüşdü".

Qadınlar ailə qurmağa kişi tapmırdı

“İspan qripi” o qədər çox kişini öldürmüşdü ki, milyonlarla qadın ailə qura bilməmişdi. Bu da uşaq sayının kəskin azalmasını şərtləndirmişdi. Yəni qrip genefonda da mənfi təsir etmişdi.

Doğrudur, "ispan qripi" 14-cü əsrdə feodalizmin sonunu gətirmiş "Qara vəba" pandemiyası kimi ictimai dəyişikliyə səbəb olmamışdı, ancaq bir çox ölkədə cinslərin ictimai həyatdakı rolunu dəyişmişdi. Qadınlar aktiv plana keçməyə məcbur qalmışdılar.  Məsələn, ABŞ-də çoxsaylı ölümlərdən sonra işçi qüvvəsi qıtlığı yarandı. Qadınlar işləmək məcburiyyətində oldular. 

İşləmək olar, səs vermək yox?

Statistika göstərir ki, 1920-ci ildə ölkə miqyasında işçi qüvvəsinin 21%-ini qadınlar təşkil edirdi. Bu virusun qadınlara xeyri də oldu. Amerikalı qadınlara səsvermə haqqı tanıyan konstitusiya dəyişikliyindəki 19-cu maddə Konqresdə elə həmin il qəbul edildi. Necə deyərlər, işləmək olar, səs vermək yox?

Məsələ bununla da bitmirdi. İşçi qüvvəsi kimi meydana çıxan qadınlar maaş artımına da yol açmışdı. ABŞ emal sənayesində çalışanların maaşı 1915-ci ildə 21 sent idisə, 1920-ci ildə 56 sentə qədər artmışdı.

“İspan qripi” Bakıya da çatıb?

Dünyanı cənginə alan qrip Azərbaycanda da özünü göstərmişdi?

Bu suala birmənalı cavab yoxdur. Bəzi mənbələrdə “ispan qripi”nin Bakıda da  olması barədə məlumatlara rast gələ bilərik. “Nobel” şirkətinin mühəndisi və idarəedicisi Henninq Baarnhelmin xatirələrində bu barədə məlumatlar var. O yazırdı ki, 1918-ci ilin avqustun 29-da şirkətə məxsus gəmilərin birinin kapitanı Bruno Hoqman qripdən vəfat edib.

Həmin vaxt  Qafqaz İslam Ordusu və ingilislər arasında Bakı uğrunda döyüşlər gedirdi. Sentyabrın 15-16-ı ingilislər və Bakının əsasən xristian əhalisi (40 min insan) evakuasiya edildi. Onun bir hissəsi (10 min insan) İranın Ənzəli limanına köçdülər. Ümumilikdə isə artıq avqustdan etibarən qaçqınlar İrana köçürüldülər. İran tədqiqatçısı A. Afxaminin sözlərinə görə, məhz bu yolla “ispan qripi” İrana şimaldan daxil oldu. Nəticədə çox az müddətdə artıq “ispan qripi” Təbrizdə qeydə alınmışdı.

Yayılmanın sürətini başa düşmək üçün deyə bilərik ki, qaçqınlar və ingilislər Ənzəliyə sentyabrın 16-sı çatmışdılar. Bir neçə gün sonra Rəştdə və Qazvində artıq ispan qripinə yoluxmalar müəyyən edilib. Sentyabrın 22-si isə Tehranda Qəzvindən gələn şəxsdə ispan qripi qeydə alınmışdı. Bunun əsas səbəbi kimi artıq o zaman ingilis əsgərlərinin avtomobillərdən çox istifadə etmələri göstərilir. Yəni virus sürətlə yayılıb. 

Gürcü həkim xəbərdarlıq edirdi

Buna baxmayaraq, Qafqazda “ispan qripi”nin yayılmasına dair detallı statistik məlumat yoxdur. Amma bəzi mənbələr “ispan qripi”nin regiondakı varlığını iddia etmək üçün əsas yaradır.

Həmin dövrdə gürcü dilində çıxan “Sasoplo qazeti”-ndə “ღ” təxəllüsü ilə məşhur olan həkim köşə yazıları ilə çıxış edirdi. O, öz məqalələrində infeksion xəstəliklərin qarşısının alınması metodlarından bəhs edirdi. 1920-ci il 18 apreldə dərc olunan köşəsində həkim yazırdı:

“İspan qripi” burun-udlaq yolu ilə yoluxduğu üçün onu mütəmadi olaraq təmizləmək lazımdır”.

Həmin məqalədə o, xəstələrin istifadə etdiyi paltarları və qab-qacağı qaynatmağı da tövsiyə edir. Müəllif qeyd edir ki, xəstəlik çox vaxt qohumlar vasitəsilə ötürülür, buna görə də xəstələrlə məsafə saxlamaq vacibdir:

“Xəstələnmiş ana uşaqlarını yatızdırmamalıdır. Bu, onları yoluxdurmağa bərabərdir. Xəstəlik öpüşərkən də ötürülür”.

Həkim xəbərdarlıq edirdi ki, uşaqları öpmək lazım deyil.

phrase_var_article.chosen
62
50
cebheinfo.az

10phrase_var_article.sources