AZ

Sərtan Taşkın “Sumqayıt”ı tərk etdi - Rəsmi

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Premyer Liqa təmsilçisi “Sumqayıt”dan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı futbolçu ilə klub arasındakı müqavilənin müddəti bitib. Tərəflər yollarını ayırmağa qərar veriblər. “Sumqayıt” Sərtana xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Sərtan Taşkın “Sumqayıt”a 2024/2025-ci illər mövsümünün əvvəlində, ötən ilin yayında qoşulmuşdu.

2019/2020-ci illər mövsümündə də “Sumqayıt”da çıxış etmiş Taşkın, bu komandanın heyətində ümumilikdə 52 oyunda meydana çıxıb və 3 qol vurmağa müvəffəq olub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonradan “Keşlə”yə çevrilmiş “İnter”in (indiki “Şamaxı”) yetirməsi olan Sərtan karyerası ərzində “Manisa”, “Turan Tovuz” və “Zirə”də də forma geyinib. Sərtan Azərbaycan milli komandasında da 2 oyun keçirib.

“Sumqayıt” Sərtandan öncə Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli və Uğur Cahangirovla da yollarını ayırmışdı. Gedənlərin əvəzində Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatmış klub, İsa Suliman və Roi Kehatla da yeni müqavilə bağlayıb.

Seçilən
57
1
arena.az

2Mənbələr