AZ

Azərbaycan mediası milli maraqların etibarlı müdafiəçisidir ŞƏRH

Bakı, 21 iyul, AZƏRTAC

Milli Mətbuat Günü Azərbaycan ictimai fikrində xüsusi əhəmiyyətə malikdir. 1875-ci il iyulun 22-də böyük maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə milli mətbuatın təməli qoyulmuşdur. Qəzetin səhifələrində dövrün qabaqcıl ziyalıları öz ideyalarını yayaraq ictimai şüurun formalaşmasına mühüm təsir göstərmişlər.

Bundan sonra mətbuat xalqın maarifləndirilməsi, milli kimlik şüurunun inkişafı, ictimai-siyasi proseslərin izlənməsi və istiqamətləndirilməsi baxımından əvəzedilməz rol oynayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Süleymanlı bildirib.

O qeyd edib ki, hər il 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur və bu gün milli oyanışın, azad fikir və ictimai düşüncənin başlanğıcı kimi qiymətləndirilir. “Əkinçi”dən sonra yaranan yeni qəzet və jurnallar maarifçilik hərəkatını gücləndirib, milli azadlıq və istiqlal ideyalarının yayılmasına təkan verib. Mətbuat zamanla cəmiyyətin güzgüsünə çevrilib, sosial dəyişikliklərə təsir göstərib və milli özünüdərkin əsas dayaqlarından birinə çevrilib.

Deputatın sözlərinə görə, Azərbaycan mətbuatının inkişafı üçün dönüş nöqtəsi 1993-cü ildən başlayır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar fonunda söz və mətbuat azadlığı konstitusion prinsip səviyyəsinə qaldırıldı. 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilə ölkə tarixində azad və demokratik mətbuatın inkişafı istiqamətində yeni mərhələ başlandı.

Tarixi ənənəyə və zəngin irsə söykənən müasir mətbuatımızın bu inkişaf yolu dövlət dəstəyi və cəmiyyətin etimadı ilə davam etdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə media islahatları yeni mərhələyə qədəm qoyub. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir və media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.

“2021-ci il dekabrın 30-da qəbul edilən “Media haqqında” Azərbaycan Respublikası Qanunu media fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirir. Qanunun əsas məqsədi informasiya təhlükəsizliyi, sağlam informasiya mühiti və jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Bu, həmçinin medianın rəqəmsal dövrə uyğunlaşdırılması istiqamətində mühüm addımdır. Artıq Azərbaycan mətbuatı təkcə milli informasiya məkanı ilə məhdudlaşmır, qlobal informasiya sisteminin fəal iştirakçısı kimi beynəlxalq müstəvidə də öz yerini möhkəmləndirir.

Milli mətbuatın yubileyləri dövlət səviyyəsində geniş şəkildə qeyd olunur, bu sahədə çalışan insanların əməyinə yüksək qiymət verilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il fevralın 3-də “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub. Həmçinin 2025-ci il aprelin 25-də dövlətimizin başçısı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sözügedən qərarlar media tarixində mühüm mərhələ kimi xüsusi önəm kəsb edir.

Hazırda ölkə mediası ənənəvi və rəqəmsal formatlarda, həm çap, həm də onlayn platformalarda fəaliyyət göstərir. İnternet jurnalistikası sürətlə inkişaf edir, sosial media vasitəsilə informasiya paylaşımı genişlənir. Bu proses medianın həm lokal, həm də beynəlxalq təsir gücünü artırır.

Söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas təməllərindəndir. Ölkə rəhbərliyinin həmin sahəyə göstərdiyi ardıcıl diqqət nəticəsində ölkə mediası daha peşəkar, daha müstəqil və daha təsirli bir gücə çevrilib. Milli mətbuatın 150 illik yubileyi bu tarixi irsin layiqincə dəyərləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır”, - deyə Mahir Süleymanlı vurğulayıb.

 

Seçilən
22
50
azertag.az

10Mənbələr