AZ

NDU-da milli mətbuatın 150 illiyi qeyd olunub

Naxçıvan, 21 iyul, AZƏRTAC

İyulun 21-də Naxçıvan Dövlət Universitetində milli mətbuatın 150 illik yubileyi qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müxtəlif media qurumlarının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə jurnalistlər mükafatlandırılıb, ali təhsil ocağına yeni alınmış çəkiliş, efir, həmçinin mətbəə avadanlıqlarının təqdimatı olub. Təqdimatı keçirilən rəqəmsal TV ötürücüsü, “Sony” markalı fotoaparat, “Gimbal” sabitləyici və hərəkətli kamera kimi ən son texnologiyalar istifadəyə verilib. Eləcə də iki ədəd müasir tələblərə cavab verən müasir montaj kompüteri, iki ədəd videokamera, kamera ştativi, televiziya montaj və yayım sistemlərinin işini idarə edən və efirə rahat çıxışa imkan verən çəkiliş pultu, əlaqə qurğuları keyfiyyətli çəkiliş və yayım işinin təşkilində xüsusi yer alıb.

Əvvəlcə universitetin Media Mərkəzi ilə tanışlıq olub. Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kifayət Mahmudova şöbənin fəaliyyəti haqqında məlumat verib, yeni avadanlıqları təqdim edib. Bildirib ki, Media Mərkəzində işin daha da təkmilləşdirilməsi məqsədilə 2024-2025-ci tədris ilində ümumi dəyəri 223 min manat olan, 17 aksesuar ilə birgə 10 adda yeni avadanlıq alınıb.

Sonra mərkəzin fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində “NDU Nəşriyyat”a alınan yeni mətbəə avadanlıqlarının da təqdimatı keçirilib. Nəşriyyatın direktoru Məhəmmədəli Məmmədli iştirakçıları innovativ və funksional imkanlara malik, müasir çap və emal avadanlıqları ilə təchiz olunan universitet nəşriyyatının iş prinsipi ilə tanış edib. Vurğulayıb ki, yeni alınan laminasiya cihazları, binderlər, üzləmə avadanlıqları və UV rəqəmsal təsvir printeri həm tədris materiallarının, həm də elmi, metodik, informativ və təqdimat xarakterli çap məhsullarının yüksək keyfiyyətlə hazırlanmasını təmin edir. Xüsusilə ən son yeniliklərdən biri olan UV rəqəmsal təsvir printeri vasitəsilə müxtəlif materiallar üzərində yüksək keyfiyyətli və davamlı çaplar aparılır. Bu texnologiyalar ilə həm reklam-təqdimat məhsulları, həm də fərdi hədiyyələr, lövhələr, tablolar və digər tətbiqi işlər yerinə yetirilir.

Tədbir jurnalistlərin, universitetin rəhbər heyətinin və əməkdaşların, tələbələrin iştirakı ilə davam edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev dövlət başçısı İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamının müstəqil mətbuatın inkişafına yönəlmiş dövlət qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. Rektor mətbuat işçilərini təbrik edib, 150 il öncə 22 iyul tarixində “Əkinçi” qəzetinin nəşrindən başlanan milli mətbuatın zəngin tarixi irsindən danışıb.

Elbrus İsayev universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin ali təhsil ocağı ilə media arasında əlaqələndirici rolundan bəhs edib. Qeyd olunub ki, şöbənin tərkibində Media Mərkəzində “Universitet televiziyası” (NDU tv), “Nuhçıxan” radiosu və “Yeni fikir” qəzeti fəaliyyət göstərir. Hər üç qurum universitetə dair yeniliklərin işıqlandırılmasında xüsusi rol oynayır.

Rektor bildirib ki, son illər Media Mərkəzinin, “NDU Nəşriyyat”ın maddi-texniki bazası xeyli möhkəmləndirilib, bu da texniki və yaradıcı işin keyfiyyətinin artırılmasına hədəflənib.

Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova və “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Xəbərlər Departamentinin rəhbəri Röyal Məmiyev NDU-nun media qurumları ilə əməkdaşlığından bəhs edib, göstərilən diqqətə görə təşəkkürlərini bidiriblər.

Sonra Naxçıvan Dövlət Universiteti ilə səmərəli əməkdaşlıq və uğurlu fəaliyyəti ilə seçilən media qurumlarının nümayəndələri, universitetin Media Mərkəzinin fəaliyyətində və “Yeni fikir” qəzetinin nəşrində əməyi olan əməkdaşlar, həmçinin ali təhsil ocağında “Mətbuat: keçmişdən gələcəyə söz körpüsü” mövzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

phrase_var_article.chosen
39
50
azertag.az

10phrase_var_article.sources