AZ

"Putin və İran arasında gizli diplomatiya" - "Azadlıq Radiosu"

"Kreml divarları arxasında nə baş verir?.."

Rusiya prezidenti Vladimir Putin bu günlərdə Kremlin qapalı qapıları arxasında İranın ali lideri Ayətullah Xameneinin baş müşaviri Əli Laricanini qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri yazıb.

Nəşr qeyd edir ki, bu görüş nə öncədən elan olunub, nə də adi bir diplomatik prosedur sayılacaq qədər şəffaf keçib. İndi isə həm Moskva, həm Tehran, həm də Qərb bu görüşün məğzini anlamağa çalışır.

İranın nüvə proqramı və Yaxın Şərqdəki gərginlik

Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, Laricani Putinlə görüşdə Yaxın Şərqdə, xüsusilə də İranın nüvə proqramı ətrafında artan gərginliklə bağlı rəsmi Tehranın mövqeyini çatdırıb. Putin isə Rusiyanın bu məsələlərdə sabitlik və siyasi həll tərəfdarı olduğunu bir daha vurğulayıb.

Lakin diqqətçəkən odur ki, Rusiya, xüsusilə də ABŞ və İsrailin son hərbi əməliyyatlarından sonra hələ də İranın nüvə proqramına dair açıq şəkildə dəstək verməkdən çəkinir. Məlumdur ki, ABŞ İsrailin İrana qarşı yönəlmiş son hücumlarını dəstəkləyib və bu addımın məqsədinin İranın mümkün nüvə silahı istehsalını önləmək olduğunu bəyan edib. İsrail isə bu əməliyyatların bölgədəki İranpərəst silahlı qrupların fəaliyyətini də zəiflətməyə yönəldiyini bildirib.

Strateji tərəfdaşlıq, yoxsa ehtiyatlı dialoq?

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai də görüşün əhəmiyyətini təsdiqləyərək bildirib ki, Laricani prezident Putinə Tehran rəhbərliyinin Yaxın Şərq və dünya siyasətinə dair baxışlarını şəxsən çatdırıb. O, eyni zamanda ikitərəfli münasibətlərin geniş spektrdə müzakirə edildiyini qeyd edib. Baqainin sözlərinə görə, bu cür xüsusi nümayəndələrin başqa ölkələrə ezam olunması İran diplomatiyasında nadir hadisə deyil, əksinə, mühüm məsələlərin aktuallığını göstərən təbii bir addımdır.

ABŞ-dan yayılan iddialar və Kremlin sərt təkzibi

Maraq doğuran digər məqam isə bir neçə gün əvvəl "Axios" saytında yayılan məqalədir. İddiaya görə, Putin guya ABŞ və İran rəsmiləri ilə söhbətində Tehranın uranın zənginləşdirməsindən tamamilə imtina etməsini nəzərdə tutan razılaşmanı dəstəklədiyini bildirib. Rusiya bu xəbəri dərhal və sərt formada təkzib etdi, onu "siyasi manipulyasiya və gərginlik yaratmaq məqsədi daşıyan təxribat" adlandırıb. Bu fonda Avropa ölkələri də hərəkətə keçib. Almaniya, Fransa və Böyük Britaniyanın yaxın günlərdə İranla yeni nüvə danışıqları aparmaq istədiyi barədə diplomatik mənbələr məlumat yayıb. Tehran isə bu təklifi ilkin olaraq qəbul etdiyini bildirib.

Moskvanın Tehranla bağlı balanslı oyunu

Görünən odur ki, Rusiya və İran arasında münasibətlər strateji müttəfiqliyə yaxın olsa da, bu, hələlik hərbi və ya nüvə məsələlərində tam uzlaşma anlamına gəlmir. Putin Tehranı açıq şəkildə dəstəkləmir, lakin qarşı tərəfin mesajlarını diqqətlə dinləyir. Diplomatik səhnədə bu, həm dostluq nümayişi, həm də ehtiyatlı məsafə saxlamağın göstəricisidir. Putinin bu səssiz, lakin məzmunlu görüşü həm Moskva, həm də Tehran üçün növbəti aylarda diplomatik manevrlər baxımından həlledici ola bilər.

phrase_var_article.chosen
16
15
moderator.az

10phrase_var_article.sources