Bakı sakini Raqif Qəmbərov barəsində bir gün ərzində 25 protokol tərtib edilib və ona 3 min manata yaxın cərimə gəlib.
O, üzləşdiyi problemlə bağlı "Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edib.
Xezerxeber.az-ın məlumatına görə, Raqif Qəmbərov deyir ki, barəsində bir gün ərzində 25 protokol tərtib edilib. Bununla da o, sürücülük hüququndan məhrum edilib.
Başqasına məxsus nəqliyyat vasitəsinin cəriməsinin ona yazıldığını vurğulayan sürücü, sözügedən dövlət qeydiyyatlı maşının sahibini tanımadığını, belə bir avtomobili olmadığını bildirir. Dediyinə görə, yaranmış vəziyyəti aydınlaşdırmaq üçün bir neçə dəfə Baş Dövlət Yol Polisi İdarəsinə yazılı və şifahi qaydada müraciət edib, lakin nəticə olmayıb.
Sürücü avtomobili ilə ailəsinə çörəkpulu qazandığını, ancaq sürücülük hüququndan məhrum edildiyi üçün problem yaşadığını bildirir.
Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Bildirildi ki, məsələ araşdırılacaq və bununla bağlı məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.