“Portu” klubu cinah oyunçusu Fransişku Konseysaunun transferi ilə bağlı məlumat yayıb.
90deqiqe.Az-ın məlumatına görə, klub futbolçunun “Yuventus”a tam hüquqlu keçidini təsdiqləyib. Müqaviləyə əsasən, A Seriyası təmsilçisi 21 yaşlı vingerin transferi üçün 32 milyon avro ödəyib.
Portuqaliya nəhəngi əlavə edib ki, Konseysau müqavilədə nəzərdə tutulan – ümumi gəlirin 20 faizinə olan şəxsi payından könüllü şəkildə imtina edib. Bu qərar nəticəsində “Portu” ümumilikdə 41,5 milyon avro gəlir əldə edib.
Xatırladaq ki, daha əvvəl portuqaliyalının icarəsi üçün 9,5 milyon avro ödənilmişdi.
“Əjdahalar” həmçinin qeyd ediblər ki, transferlə bağlı həmrəy ödəmələr və agent haqları da klubun öhdəsinə düşəcək.
Fransişku Konseysau “Yuventus”un heyətində keçirdiyi 40 rəsmi matçda 7 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.